“Bizi təkcə 1 apreldə axmaq yerinə qoysaydılar, nə vardı?- Amma bilmirlər ki...
Ekskluziv
545
13:33, Bu gün

“Bizi təkcə 1 apreldə axmaq yerinə qoysaydılar, nə vardı?- Amma bilmirlər ki..."

“...Anlamırlar ki, axmaq hər gün yalan sırıdıqları, zülm etdikləri bizlər yox, Allahın, Onun Haqq-Hesab gününün gerçəkliyini dərk edə bilməyən özləridir...”
 
“Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!(Qurani-Kərim, əl-Ənkəbut surəsi, 3)...
 
Ən zəhləm gedən gün 1 apreldir. Ona görə ki, uşaqlıqdan, dünyanı dərk edəndən bu günü “aldatma”, yəni yalan günü kimi tanımışıq. Çünki elə uşaqlıqdan yalana, fırıldağa, saxtakarlığa nifrət edirəm. Təəssüf ki, bu yaşa gəlincə ətrafımdakıların çoxunun əksinə- yalandan, yalan deməkdən, başqalarını axmaq yerinə qoyub ələ salmaqdan, saxtakarlıqdan ləzzət aldığını gördüm... 
 
Əslində 1 aprel bir çox ölkələrdə “Gülüş günü”, bəzilərində isə daha sərt ifadə ilə “Axmaqlar günü” kimi tanınır.  Və ona da şahid oldum ki, yalançılığa alışqanlar saf, yalandan, vicdansızlıqdan, zülmdən ləzzət almayan insanları yalnız apelin 1-də yox, hər gün aldadırlar... Yəni bizləri yalnız o gün aldatsaydılar, axmaq yerinə qoysaydılar, nə  vardı ki... Fəqət, çox yalanlarla və yalançılarla qarşılaşdıqca onu da gördüm ki, atalar demiş, “aldatdım” deyən özü aldanar... Çünki çox vaxt qarşısındakının dediklərinə inandığını sansa da, yanılar və sonda elə öz yalanlarının toruna düşüb pərişan, bundan da nəticə çıxarmasa, məhv olar... 
 
Digər tərəfdən, mənəvi-ruhi və teoloji baxımdan yanaşsaq, yalançı insanı, öncə Allaha asi olmuş bəşər düşməni Şeytan və öz nəfsi aldadar. Nəticədə bu dünyada xeyli müddət arzuladığı maddi nemətlərə çatsa da, son mənzili Cəhənnəm olar...
 
Nə yazıqlar ki, əksəriyyət Şeytanın, nəfsinin yalanlarına uyaraq başqalarını aldatmağı özlərinə peşə etdiklərindən Şeytan da, onun Yer üzündəki özünə bənzər canişinləri də onların yalançılığından, dələduzluğundan, saxtakarlığından impuls alaraq daha da güclənir... Həmişə deyirəm ki, hər hansı kiçik ölkədəki yalançı, talançı rəhbərlər həmin ölkənin öz sakinlərinin cümlə günahlarının məcmuyu, dünyadakı iqtisadi, siyasi, hərbi, ekoloji və s. proseslərə təsir göstərə bilən ABŞ, Çin, Rusiya kimi nəhəng ölkələrin liderləri isə bütün dünya sakinlərinin günahlarının məcmuyudur, yaxud nəticəsidir...
 
On illər öncə deyirdik ki, dünyanın ən yalançı, saxtakar liderlərindən biri Rusiya prezidenti Vladimir Putindir... Amma çoxumuz da bir-birimizi aldatmağa, saxtakarlığa və s. davam edirdik. Nəticədə nə oldu? Amerikada Donald Tramp kimi bir yalançı, saxtakar, üzərində onlarla cinayət maddəsi olan fitnəkar biri prezident oldu və Putinin dədəsinə rəhmət oxutdu... Putinin Ukraynaya əsassız ittihamlarla təcavüzündən ruhlanan Tramp da guya 8 münaqişəni bitirməsi haqda yalanlar danışaraq, Rusiya-Ukrayna savaşını bir sutkada bitirəcəyini elan edərək, guya sülh uğrunda çalışdığını bəyan edib Sülh Şurası yaradaraq, guya İranın “bir həftəyə nüvə silahı əldə edəcəyi” kimi yalanları əsas tutaraq İsraillə birgə İrana təcavüz etdi... İndi də gündə bir yalan danışmaqda davam edir... Əslində Tramp bütün dünyadakı yalançıları, saxtakarları, dələduzları ruhlandırmaqla bəşəriyyətə ən böyük mənəvi-ruhi zərbə vurur... Hər gün yalan danışmaqla o, irili-xırdalı digər ölkələrin də rəhbər və məmurlarını yalana, talana ruhlandırır. Və belələri də hər gün öz xalqlarına, tabeliyindəkilərə, yanlarına problemlərinin həlli ümidi ilə gələnlərə yalan sırımağa daha əzmlə davam edirlər. Düşünürlər ki, əgər o boyda Tramp, Putin, Netanyahu və s. yalan danışırsa və istədiyini edirsə, bizə nə olub... Belələri yalandan da, talandan da ləzzət alırlar... Və elə bilirlər ki, bu ləzzətləri sonsuzadək davam edəcək... Onlar nə Peyğəmbərimizin(ə.s.) “ləzzətlərə son verəcək” kimi təsvir etdiyi ölüm günlərinə, nə də(və ən əsası) bu dünyanın 50 min ilinə bərabər Qiyamət gününü – bütün yalanların üzə çıxacağı və dünyaya  Haqq-Hesab, Ən böyük və ən Ali Məhkəmə gününə inanırlar... Və onu da anlamırlar ki, axmaq hər gün yalan sırıdıqları, zülm etdikləri bizlər yox, Allahın, Onun Haqq-Hesab gününün gerçəkliyini dərk edə bilməyən özləridir... Onlar hədsiz sərvətləri, ölkəyə və ya dünyaya hökm edəcək qədər vəzifələri, nüfuz və şan-şöhrətləri olmasına rəğmən cahildirlər, Allahın Kitabına inanmır, bu dünyanın bir imtahan yeri olduğunu və özlərinin yalan, talan, zülm, əxlaqsızlıq və digər günahlarına görə cəzalandırılacaqlarını dərk etmirlər...
 
“Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!(Qurani-Kərim, əl-Ənkəbut surəsi, 3)
 
“(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar...” (İbrahim surəsi, 42-ci ayə)
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər