“Mart tez çıxsaydı”, “Mart da çıxmaq bilmir”, “Mart çıxdı, dərd çıxdı” bayramlarla bol olan mart ayı haqqında tez-tez bu fikirləri ifadə edirik. Doğrudan da illərdir düşünürük ki, mart tez çıxsa işlərimiz yoluna düşəcək.
Tarixçi-etnoqraf, professor Təvəkkül Səlimov Moderator.az-a açıqlamasında bildirib ki, mart ayına boz ay da deyirlər. Bu ayda bir gündə bir neçə fəslin havasını yaşadığımızdan səhhətimizdə narahatlıq yarana bilir. Hətta mart ayı ilə əlaqəli əfsanələr də var.
“Boz ayla bağlı olan bir mifdə qeyd olunur ki, insanların günlərini müəyyənləşdirəndə, bütün aylara 32 gün verilirmiş, mart ayına isə cəmi 14 gün vermişdilər. Mart ayı da buna etiraz edib. Digər aylar da hər bir gününü mart ayına veriblər. Bu əlbəttə ki, mifdir. Mənim babamın böyük sürüləri var idi, mart ayında aparıblar Qobustan tərəfə. İki gündən sonra babam əlində çomaq durub evə gəlib. Anam soruşub ki, ay kişi, qoyunlar nə oldu? Deyib ki, qar yağdı, qoyunlar qırıldı. Abşeron yarımadasının havası belədir də. Soyuqlar azalanda, torpağa can gələndə artıq hər şey öz yoluna düşür. Allah deyir ki, səbr et. Hər şeyə görə adam özündən çıxanda işi də düz gətirmir”, - deyə o bildirib.
Ekoloq Gülçöhrə Hüseynova deyib ki, insanlar ta qədimdən mart ayının çıxmasını dərdlərinin, yüklərinin azalması ilə əlaqələndiriblər:
“İlimizin 4 fəsli var. Mart çıxanda bizim üçün yeni bir dövr, yeni bir başlanğıc gəlir. Ağacların tumurcuqlanması, çiçəklənməsi insanların həm fiziki, həm də psixoloji aktivliyinə çox gözəl təsir göstərir. Mart ayı canlanma ayıdır. İnsanlar əllərində olan toxumları, ştilləri, pöhrələri çoxaltmaqla məşğul olurlar. Bu fiziki aktivlikdir. Amma güllərin açması, böcəklərin uçuşmasının da insanın psixoloji aktivliyinə müsbət təsiri var. “Mart çıxdı, dərd çıxdı” deməklə insanlar fikirləşir ki, artıq soyuqlar geridə qaldı, isti, günəşli günlər gəlir. İnsanlarda həm də “C” vitamininə tələbat artır. Daha çox göyərti, yaşıl, bitki, giləmeyvə ilə qidalanırlar. Beləliklə həm də orqanizm təzələnir. “Mart çıxdı, dərd çıxdı” deyimi həm də insanların bütün xəstəliklərdən, soyuqdan, dərddən, qəmdən uzaqlaşmasıdır”, - deyə o bildirib.
Odur ki, hansı ayı, hansı fəsli, hansı təqvimi yaşamağımızdan asılı olmayaraq, çalışaq ki, həmin anların dəyərini bilək.