Güclü yağış,ziyan çəkən insanlar:Dəymiş zərəri kim ödəyəcək?
Ekskluziv
473
17:40, Bu gün

Güclü yağış,ziyan çəkən insanlar:Dəymiş zərəri kim ödəyəcək?

Son günlər müşahidə olunan güclü yağışlar göstərdi ki, təbii hadisələrin intensivləşməsi artıq yalnız ekoloji problem deyil, eyni zamanda sosial və iqtisadi təhlükəsizlik məsələsidir.Təbiətin bir neçə saat ərzində vurduğu zərər bəzən illərlə qurulan həyatı alt-üst etməyə kifayət edir. Biz son yağışlarda bunu bir daha aydın gördük. 

İndi isə, su altında qalan evlər, zərər görmüş təsərrüfatlar və maddi itkilərlə üz-üzə qalan vətəndaşlar üçün əsas sual eynidir — dəymiş ziyan necə qarşılanacaq? 

Maraqlıdır, belə hallarda dövlətin zərərçəkən vətəndaşlara kompensasiya və dəstək mexanizmlərini tətbiq etməsi necə nəzərdə tutulur və bu proses hansı qaydada həyata keçirilr, gələcəkdə bu cür təbii hadisələrin mənfi təsirini minimuma endirmək və vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə hansı qabaqlayıcı tədbirlər prioritet hesab olunur?

Moderator.az yaranmış sualları Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayevə ünvanladı.

Deputat qeyd etdi ki, son günlər müşahidə olunan intensiv yağışlar bir daha göstərdi ki, təbii hadisələr qarşısında yalnız reaksiya vermək kifayət etmir – biz sistemli və qabaqlayıcı yanaşmaya keçməliyik.

Razi Nurullayev bildirdi ki, bəzi ərazilərdə vətəndaşların evlərinə, təsərrüfatlarına ciddi ziyan dəyib. Mövcud vəziyyəti və insanların real çətinliklərini nəzərə alaraq, bu gün dövlət tərəfindən zərərçəkmiş vətəndaşlara adekvat və ədalətli kompensasiyanın ödənilməsi vacibdir:

"İnsan tək qalmamalıdır və dövlət bu mərhələdə öz sosial məsuliyyətini tam şəkildə yerinə yetirməlidir.
Eyni zamanda açıq deməliyik ki, baş verənlərdə vətəndaş tək məsul tərəf deyil. Bir çox hallarda dəyən ziyan illərlə yığılıb qalan infrastruktur problemlərinin, drenaj sistemlərinin yetərsizliyinin, nəzarətsiz tikintilərin və ümumi idarəetmə boşluqlarının nəticəsidir. Vətəndaş öz imkanları daxilində yaşayıb, amma onu qorumalı olan sistem kifayət qədər işləməyib.

Bu baxımdan məsuliyyət yalnız fərdi deyil – əlaqədar bütün dövlət qurumları bu prosesdə məsuliyyət daşıyır. Məhz buna görə də vətəndaşlara dəyən ziyanın normal və real məbləğdə ödənilməsi məsələsində heç bir tərəddüd olmamalıdır. Dövlət orqanları məsuliyyətdən yayınmamalı, bu yükü vətəndaşın üzərinə ötürməməlidir".

Deputat qeyd etdi ki, lakin məsələ yalnız kompensasiya verməklə bitmir. Əsas sual budur: biz niyə hər dəfə eyni vəziyyəti yaşayırıq?

"Hazırkı mexanizmlər daha çox hadisədən sonra işə düşür. Zərər qiymətləndirilir, komissiyalar yaradılır və müəyyən maliyyə yardımları ayrılır. Amma bu yanaşma uzunmüddətli həll deyil. Bu, əlaqədar təşkilatların dili ilə desək "büdcə üçün əlavə yük" yaradır və vətəndaşı davamlı qorumaq iqtidarında olmur.

Əslində isə qanunvericiliyimiz imkan verir ki, bu risklər əvvəlcədən idarə olunsun. Bunun üçün əsas alətlərdən biri sığorta sistemidir. Azərbaycanda əmlakın icbari sığortası mövcuddur və təbii fəlakətləri də əhatə edir. Amma reallıq ondan ibarətdir ki, bu sistem kağız üzərində qalıb – nəzarət zəifdir, maarifləndirmə aşağıdır, vətəndaş isə çox vaxt buna ehtiyac duymur, çünki düşünür ki, dövlət onsuz da zərəri ödəyəcək. Məhz bu yanaşma dəyişməlidir".

Millət vəkili əlavə olaraq bildirdi ki, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə dövlət əsas ödəyici deyil:

 "Əsas yük sığorta sisteminin üzərində qurulur. Dövlət isə yalnız ən həssas hallarda dəstək verir və ümumi sistemi tənzimləyir. Bu isə həm daha ədalətli, həm də daha dayanıqlı modeldir.

Biz də bu istiqamətdə konkret addımlar atmalıyıq.

İcbari sığorta real işlək mexanizmə çevrilməlidir. Bu, yalnız qanunda deyil, praktikada da tətbiq olunmalıdır. Kommunal xidmətlər, daşınmaz əmlak qeydiyyatı kimi sahələrlə əlaqələndirilmiş nəzarət sistemi qurulmalıdır.

Eyni zamanda, vətəndaş maarifləndirilməlidir. İnsan anlamalıdır ki, sığorta əlavə xərc deyil, gələcək risklərin təminatıdır.

Digər vacib məsələ isə infrastruktur və şəhərsalmadır. Sel və daşqın riski olan ərazilərdə tikinti siyasəti yenidən nəzərdən keçirilməli, drenaj, kanalizasiya və su ötürücü sistemlərin tikintisi daha da sürətləndirilməlidir.

Nəhayət, dövlətin rolu dəyişməlidir. Dövlət hər dəfə ziyanı ödəyən tərəf yox, bu ziyanların qarşısını alan sistemin qurucusu olmalıdır.

Əgər biz bu gün düzgün nəticə çıxarmasaq, sabah eyni problemləri daha böyük miqyasda yenidən yaşayacağıq. Amma düzgün siyasət və ardıcıl islahatlarla həm vətəndaşın təhlükəsizliyini təmin etmək, həm də dövlətin yükünü azaltmaq mümkündür".

Millət vəkilinin də vurğuladığı kimi, təbii fəlakətlərin yaratdığı zərərlərin aradan qaldırılması böyük önəm daşıyır. Mövzu ilə bağlı sığorta mexanizmlərini sığorta üzrə ekspert Şahin İsmayılov şərh etdi.

Ekspert bildirdi ki, biz təbii fəlakətlərin qarşısını ala bilməsək də, dəymiş zərərləri minimuma endirə bilərik:

"Bunun əsas yolu isə sığortadır. Sığortalı vətəndaşlar dəymiş ziyanı tam və ya qismən bərpa edə bildiyi halda, sığortasız şəxslər çox vaxt problemlə tək qalırlar. Azərbaycanda təbii fəlakətlərlə bağlı müxtəlif sığorta məhsulları – əmlak, kənd təsərrüfatı, sahibkarlıq fəaliyyəti üzrə sığorta növləri mövcuddur. Lakin imkanlara baxmayaraq, vətəndaşların sığortaya marağı yetərli deyil. Bu da əsasən maarifləndirmənin zəifliyi və sığorta şirkətlərinə inamsızlıqla bağlıdır".

İsmayılov qeyd etdi ki, sığorta prosesində əsas məsələ hadisədən sonra zərərin düzgün qiymətləndirilməsi və kompensasiyanın ödənilməsidir:

"Bu mərhələ araşdırmalar və sənədləşmə səbəbindən vaxt aparır. Qanunvericiliyə əsasən, bütün sənədlər təqdim olunduqdan sonra ödənişlər 7 iş günü ərzində həyata keçirilməlidir. Gecikmələr isə bəzən vətəndaşların sənədləri vaxtında təqdim etməməsi ilə bağlı olur.

Sığorta şirkətlərinin ödənişdən yayınması ilə bağlı fikirlər yanlışdır. Əsas problem çox vaxt ödənilən məbləğlə bağlı narazılıqlardır və bu hallar bəzən məhkəmə müstəvisində həll olunur.
İcbari sığorta növləri qanunla tənzimlənir və bu hallarda şirkətlər imtina verə bilməz. Lakin sürüşmə, seysmik riskli ərazilərdə yerləşən və ya yarımçıq tikililərin sığortalanması mümkün olmaya bilər.
İqlim dəyişiklikləri əsasında təbii fəlakətlərin intensivliyi artır və bu şəraitdə vətəndaşların öz əmlakını və həyatını sığortalaması zərurətə çevrilir".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər