“Amerika və Rusiyanın seçkiqabağı Ermənistan məsələsində ortaq məxrəcə gələcəyinə inanmıram...”
Ekskluziv
383
12:52, Bu gün

“Amerika və Rusiyanın seçkiqabağı Ermənistan məsələsində ortaq məxrəcə gələcəyinə inanmıram...”

“Yəqin ki, Kreml seçkiqabağı radikal qüvvələrə maliyyə dəstəyi də verəcək, Paşinyana qarşı kiber-hücumlar da təşkil edəcək...”
 
“May ayının əvvəlində də İrəvanda Avropa Siyasi Şurasının sammiti keçiriləcək ki, bu da Paşinyana dəstək mənası daşıyır...”
 
“Doğrudur, Ermənistandakı radikal müxalif qüvvələr müxtəlif ittifaqlar yaratmağa çalışırlar. Amma bu onlar üçün çox çətin olacaq. Heç hər ikisi Qarabağ klanınını liderlərindən olan Robert Köçəryanla Serj Sərkisyan bir araya gəlmirlər. Baxmayaraq ki, Qarabağda Azərbaycana qarşı separatçılığa bir yerdə başlamışdılar və sonradan Ermənistanda prezident olmuş Köçəryan kreslosunu Sərkisyana ötürmüşdü... Heç bu iki eyni klana məxsus siyasi fiqurlar bir araya gələ bilmir, o ki qala bunların hamısının bir ittifaqda birləşməsi ola...  Öncə dediyim kimi, bu çox müşkül məsələdir.”
 
Politoloq Elxan Şahinoğlu bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ, Avropa, həmçinin Türkiyənin diqqətinin əsasən İran və Ukrayna savaşlarında olduğu bir vaxtda Ermənistandakı rusiyapərəst revanşist müxalifətin vahid cəbhədə birləşərək qarşıda gözlənilən parlament seçkilərində Paşinyan komandasına qalib gələ bilmələri ehtimalından bəhs edərkən dilə gətirib.
 
“Konkret iyundakı parlament seçkilərinə gələndə son dövrlərdə hazırkı baş nazir Nikol Paşinyanın reytinqi aşağı düşsə də, onun partiyasının seçkilərdə qələbə çalması ehtimalını yüksək qiymətləndirirəm. Ona görə ki, Paşinyan öncədən çox doğru bir strategiya götürüb və indi də erməni cəmiyyətinə mesaj verir ki, məni yox, bu revanşistləri seçsəniz, sentyabrda yenidən müharibə başlaya bilər. Çünki həqiqətən də Ermənistanın radikal müxalifəti Qarabağın adını çəkməsə də, Azərbaycanla sülh quruculuğunun əleyhinədir. Və təbii ki, belə qüvvələrin İrəvanda hakimiyyətə gəlməsi gərginliyə səbəb ola bilər. Ona görə də hesab edirəm ki, erməni cəmiyyəti müharibədən qorxduğundan əksəriyyət radikallara, revanşistlərə səs verməz. Əlbəttə, Paşinyanın partiyasının səsləri bir az azala bilər. Amma birinci partiya kimi yenə də çıxıb təkbaşına hökumət qura bilməsə də,  hər hansı kiçik bir partiya ilə koalisiya şəklində də bunu etməsi mümkün görünür”. – deyə davamında siyasi şərhçi diqqətə çatdırıb. 
 
“Bəzi analitiklər ABŞ və Rusiyanın Ermənistan məsələsində razılaşaraq Paşinyanın  məğlubiyyətinə şərait yarada bilmələri ehtimalını da irəli sürürlər. Siz buna necə baxırsız?” sualına isə politoloq belə cavab verib: 
 
“Belə bir perspektivə də inanmıram. Nədən ki, Rusiya Paşinyanın məğlub olmasını istəyir. Yəqin ki, seçkiqabağı radikal qüvvələrə maliyyə dəstəyi də verəcək, Paşinyana qarşı kiber-hücumlar da təşkil edəcək.  Amerika isə Paşinyanı və onun komandasını müdafiə edir. Həmçinin Avropa da... May ayının əvvəlində də İrəvanda Avropa Siyasi Şurasının sammiti keçiriləcək ki, bu da Paşinyana dəstək mənası daşıyır. Ona görə də Amerika və Rusiyanın seçkiqabağı Ermənistan məsələsində ortaq məxrəcə gəlib Paşinyanın hakimiyyətdən getməsi üçün ortaq məxrəcə gələcəyinə inanmıram...”
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər