Aprel döyüşləri xalqımızın birliyinin və iradəsinin zəfər simvoludur
Ekskluziv
827
20:16, Bu gün

Aprel döyüşləri xalqımızın birliyinin və iradəsinin zəfər simvoludur

 2016-cı ilin Aprel döyüşləri xalqımızın qeyrətinin və sarsılmaz iradəsinin parlaq dirçəlişi kimi tarixə həkk olundu. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan xalqının damarlarında axan qan yaddaşını itirməyib. O qan Qarabağın həsrətini, şəhidlərin bizə əmanət etdiyi müqəddəs missiyanı və gələcək zəfərin qaçılmaz müjdəsini daşıyır. Aprel döyüşləri susqunluğun sona çatdığı, milli qürurun ayağa qalxdığı və Azərbaycanın öz taleyini qətiyyətlə özü yazmağa başladığı dönüş nöqtəsi idi. Bu döyüşlər bir daha dünyaya nümayiş etdirdi ki, bu torpağın əsl sahibi var — o da əyilməyən, sınmayan və daim qalib gəlməyi bacaran Azərbaycan xalqıdır.

Aprel döyüşlərinin mahiyyətini daha dərindən anlamaq üçün məsələyə ekspert baxışı xüsusi önəm kəsb edir.

Moderator.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Aprel döyüşlərinin əhəmiyyəti təkcə hərbi uğurlarla deyil, ordunun və xalqın mənəvi gücünün nümayişi ilə də ölçülür.


Polkovnikin sözlərinə görə, həmin dövrdə Ermənistan və ona dəstək verən qüvvələr Azərbaycana qarşı genişmiqyaslı informasiya və hərbi-siyasi kampaniya həyata keçirirdilər:

"Bu döyüşlər sonradan əldə edilən 44 günlük Zəfərin ilk müjdəçisi idi və Azərbaycan Ordusu düşmənə açıq şəkildə göstərdi ki, artıq qarşısında 1994-cü ilin Azərbaycanı yoxdur.
Bu döyüşlərin hərbi-strateji əhəmiyyəti həm də ondan ibarət idi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Azərbaycan Ordusunun gücünü real döyüş şəraitində gördülər və ordunun keçdiyi hazırlıq prosesinin konkret nəticələr verdiyinin şahidi oldular. Məhz bundan sonra Azərbaycana münasibətdə yanaşma dəyişməyə başladı.

Bu döyüş həm də qısa müddət ərzində əldə edilən mühüm ərazi uğurları ilə yadda qaldı. Azərbaycan Ordusu iki min hektardan artıq ərazini işğaldan azad etdi. Talış kəndi ətrafındakı strateji yüksəkliklər və Seysulan yaşayış məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Eyni zamanda, Horadiz şəhərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Füzuli istiqamətində yerləşən ərazilər, o cümlədən Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi.
Düşmən tərəfi ciddi itkilərə məruz qaldı — 300-dən artıq erməni hərbçisi məhv edildi, 500-dən çoxu isə yaralandı. Bu uğurlar nəticəsində Azərbaycan Ordusu, xüsusilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində, 1990-cı illərdə əldə olunmayan üstünlükləri qazanmağa nail oldu".

Üzeyir Cəfərov qeyd etdi ki, Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu həm beynəlxalq vasitəçilərə, həm də regionda maraqları olan digər qüvvələrə açıq şəkildə nümayiş etdirdi:
 

"Dövlət müstəqilliyinin bərpasından sonra ilk dəfə idi ki, Silahlı Qüvvələrimiz belə qətiyyətli və uğurlu əməliyyatlarla torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağımızı böyük güclərin diqqətinə çatdırdı. Bu döyüşlər zamanı ordunun bütün strukturlarının — müxtəlif qoşun növlərinin, xüsusi təyinatlı qüvvələrin, artilleriyanın, rabitə sistemlərinin və digər hərbi birləşmələrin real döyüş şəraitində sınaqdan keçirilməsi gələcək müharibəyə hazırlıq baxımından mühüm əhəmiyyət daşıdı.

Həmin döyüşlərdə “Bayraktar TB2” pilotsuz uçuş aparatları və “Su-25” hücum təyyarələrindən istifadə olundu, düşmənin uzun illər ərzində qurduğu müdafiə xətlərinin yarılması istiqamətində mühüm nəticələr əldə edildi.


Aprel döyüşlərinin əhəmiyyəti həm də onunla ölçülür ki, bu əməliyyatlar nəticəsində bir sıra strateji ərazilər işğaldan azad edildi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi, eləcə də Madagiz istiqaməti düşmən nəzarətindən çıxarıldı.

Düşmən bu döyüşlərdə bir daha əmin oldu — Azərbaycan Ordusu xalqı ilə birlikdə böyük əzm və qətiyyət nümayiş etdirmək iqtidarındadır. Aprel döyüşləri Vətən müharibəsinin ilk addımları, böyük Qayıdışın başlanğıcı, torpaqlarımızın işğaldan azad olunmasının, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasına aparan yolun təməl mərhələsi idi".

Pərvin Şakirqızı
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər