Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini niyə təhqir etdi?..- TƏHLİL
Ekskluziv
456
12:02, Bu gün

Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini niyə təhqir etdi?..- TƏHLİL

“Belə bir çıxılmaz vəziyyətdə Trampın yadına düşür ki, müttəfiqi və ya vassalı kimi yanaşdığı Səudiyyə Ərəbistanının təpədən-dırnağadək silahlandırılmış, əla təchiz edilmiş 224.500 nəfərlik nizami və təcrübəli ordusu var. Tez guya səmimi münasibətdə olduğu vəliəhd Məhəmməd ibn Salmana zəng vurur və...”
 
“Müharibəni davam etdirmək və ya dayandıraraq İrana təzminat ödəmək üçün Trampa böyük məbləğdə pul lazımdır. O, sözsüz ki, bunu körfəz ölkələrinin hesabına etmək istəyir...”
 
Moderator.az gündəmə uyğunluğunu nəzərə alaraq tanınmış araşdırmaçı Araz Şəhrilinin “ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı niyə təhqir etdi..?” başlıqlı növbəti analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
“ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı açıq şəkildə təhqir edib: 
 
“Şahzadə mənə tərif yağdırarkən dalımı yaladığını dərk etmir. Dalımı öpür, amma bunun dal olduğunu dərk etmir! O, belə olacağını düşünmürdü. Düşünmürdü ki, dalımı öpməli olacaq. Bunu etməyə məcburdur. O, anlayır ki, hər şeyin yaxşı olması üçün dalımı mütləq öpməlidir".
 
Donald Trampın bu sözləri ondan hər şeyi gözləyənləri belə, şoka saldı. Bəziləri bu davranışın səbəbini ABŞ prezidentinin psixikasının son bir ayda və ya bundan xeyli əvbəl pozulması, digərləri isə onun tərbiyəsizliyi, yaxud kobudluğu ilə izah edirlər. 
 
Zənnimizcə, bu rəftarın bir neçə, əslində, ciddi və bölgədə cərəyan edən proseslərə müəyyən dərəcədə aydınlıq gətirən səbəbi ola bilər:
 
1) Əsas fərziyyəmiz belədir. ABŞ ordusu Hörmüz boğazını açmaq, oranı İran hərbçilərinin əlindən alıb işğal etmək üçün quru əməliyyatına başlamalıdır.Aprelin 10-dək bölgədəki ABŞ hərbçilərinin sayı təxminən 15.000 nəfərə çatdırılacaq. Lakin qoşunun sayından və təchizatından asılı olmayaraq, əməliyyatın ilkin həmlə mərhələsində mütləq böyük itkilər verilə bilər. 
Tələfat ABŞ cəmiyyəti üçün dözülməz həddə çatsa, şübhəsiz ki, Trampın siyası karyerasına son qoyulacaq. Bir sözlə, labüd qırğına göndərmək üçün ona əsgər lazımdır. Bu “kamikadze” əsgərlər vasitəsilə İranın müdafiə xətti yumşaldılmalı, atəş nöqtələri müəyyən edilməli, imkan daxilində strateji məntəqələr alınmalıdır.
 
Kürdlərdən və bəluclardan, silahlı İran müxalifətindən, NATO ölkələrindən əli üzülmüş Tramp sözsüz ki, hazırda əsgər axtarışındadır. Amma ona quldurlar, başıpozuq dəstələr yox, əsl ordu lazımdır. Çünki qarşıda duran vəzifələr hədsiz dərəcədə mürəkkəb və ağırdır. İranlıların on illərdir möhkəmləndirdikləri bunker və istehkamlara hücum həyata keçirilməlidir. Bunu isə başıpozuq dəstələr edə bilməzlər. İlk həmləyə kimlərin getməsindən asılı olmayaraq, onları əməliyyat zonasına ABŞ hərbçilərinin idarə etdikləri gəmilər və ya helikopterlər çatdırmalıdır. Kiçik bir səhv həm canlı qüvvə, həm də onu müşayiət edən ABŞ hərbçiləri üçün fəlakətlə nəticələnə bilər...
 
İndi təsəvvür edək: Belə bir çıxılmaz vəziyyətdə Trampın yadına düşür ki, müttəfiqi və ya vassalı kimi yanaşdığı Səudiyyə Ərəbistanının təpədən-dırnağadək silahlandırılmış, əla təchiz edilmiş 224.500 nəfərlik nizami və təcrübəli ordusu var. Tez guya səmimi münasibətdə olduğu vəliəhd Məhəmməd ibn Salmana zəng vurur və öz ideyasını onunla bölüşür. Hələ bəlkə də əlavə edir ki, “bu dahiyanə fikir dostumuz Bibi Netanyahunun da xoşuna gəlib”...
 
Şahzadə Məhəmməd ibn Salman əsəbləşsə də özünü ələ alaraq mülayim, lakin əsaslandırılmış şəkildə Trampa “yox” deməyə çalışır. Ona izah edir ki, İranla müharibəyə başlasam, arxadan Yəmən şiələri Cəhənnəmin qapılarını üzümüzə açarlar. Bundan əlavə, Səud ailəsinə hətta ən loyal münasibət bəsləyən sələfilər də İsraillə eyni cəbhədə savaşa qatılmağımızı qəbul etməyəcəklər. İxvanlar və onlara yaxın olanlar, eləcə də ölkədəki şiələr isə silahlı qiyam qaldıra bilərlər. 
 
Amma Tramp öz ampluasında olduğu üçün şahzadədən əl çəkmir, gah “İbrahim sazişini” yadına salır, gah tərifləyir, gah da şirin vədlər verir. Vəliəhdi “qaza gətirmək” üçün onu “möhtəşəm kral”, “mükəmməl döyüşçü”, “ovunu parçalayan aslan”, “şikarını didən qızılquş” və s. adlandırır. Nəhayət, Məhəmməd ibn Salmanın səbri tükənir və “Cəhənnəm ol” deyərək söhbəti bitirir. Gerisi məlumdur.
 
Qeyd: 
 
Donald Trampla vəliəhd Məhəmməd ibn Salman arasında “söhbət” konkret faktlara istinadla qurduğumuz, buna görə də həqiqətdən uzaq olmayan modeldir. Gəlin həmin faktları məntiqi və xronoloji ardıcıllıqla bir də nəzərdən keçirək:
- ABŞ prezidenti Hörmüz boğazını mütləq açmalıdır;
 
- Bunun üçün ona 100.000-150.000 nəfərlik nizami ordu lazımdır.
 
- Əməliyyatın xüsusilə ilkin mərhələsində ciddi itkilərin olacağı proqnozlaşdırılıb;
 
- ABŞ ordusu belə ağır tələfat versə, Trampı impicment gözləyəcək.
 
- Bölgədəki ABŞ əsgərlərinin sayı azdır, təxminən 6-7 gün sonra cəmi 15.000 nəfərə çatacaq;
 
- Hazırda Livan cəbhəsi bərbad vəziyyətdədir, “Hizbullah” İsrail qoşunlarını faktiki olaraq darmadağın edir. “SAXAL”-ın qərargah rəisi bildirir ki, ordu çökür.
 
- Bu situasiyada məhdud ABŞ kontingenti belə, Livana – “Hizbullah”la müharibəyə göndərilə bilər.
 
- Səudiyyə Ərəbistanının 224.500 nəfərlik güclü ordusu var. Bu, ABŞ-yə lazım olduğundan da çoxdur;
 
- Səudiyyə Ərəbistanı ABŞ-nin müttəfiqi, İranın isə rəqibidir. Üstəlik Hörmüzün blokadasından əziyyət çəkir;
 
- Müharibə başlayandan ABŞ və İsrail müxtəlif üsullarla, o cümlədən, təxribat yolu ilə Səudiyyə Ərəbistanını İranla savaşa çəkmək istəyirlər;
 
- ABŞ prezidenti bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanı “möhtəşəm və ya mükəmməl insan” adlandırdıraraq tərifləyib;
 
- Martın 28-də isə birdən-birə “valı dəyişərək” onu təhqir edir və hədələyir.
 
Nöbbəti fərziyyəmiz də realdır. Müharibəni davam etdirmək və ya dayandıraraq İrana təzminat ödəmək üçün Trampa böyük məbləğdə pul lazımdır. O, sözsüz ki, bunu körfəz ölkələrinin hesabına etmək istəyir. Arada ciddi mənbələrə istinadla belə bir məlumat yayıldı ki, Donald Tramp körfəz ölkələrinə müraciət edib ki, “müharibənin davam etdirilməsini istəyirsinizsə, mənə 5 trilyon dollar verin, əgər dayandırılmasını istəyirsinizsə, 2 trilyon yarım ödəyin”.
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər