“Moskva bu məsələdə təkcə ABŞ-ı yox, Çini də qarşısına alır...”
“Rusiya başa düşür ki, əsrlər boyu türk düşmənçiliyindən qidalanan ermənilər qurulmaqda olan yeni dünya düzənində onların arasında yaşamaq istəməzlər. İçlərində daşıdıqları türk xofu buna imkan verməz. Məhz bu təhlükəsizlik qayğıları erməniləri rahatlıqla yenidən Rusiyanın qarnizon dövlətinə çevirə bilər..."
Ermənistanda parlament seçkilərinə artıq 2 aya yaxın vaxt qaldığı bir dönəmdə Rusiyaya bağlı revanşist, irqçi Köçəryan, Sərkisyan, Samvel Karapetyan və erməni kilsəsi komandaları ciddi şəkildə fəallaşıb. Amma yaxşı ki, hələ vahid bir cəbhədə birləşə bilmirlər. Görəsən, bundan sonra, özü də ABŞ və Avropanın, həmçinin Türkiyənin başı Ukrayna və İran savaşlarına bərk qarışdığı bir zamanda onların Kremlin dəstəyi ilə birləşib seçkilərdə hakim Paşinyan komandasına qalib gəlmələri ehtimalı varmı? Və bu halda Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda sülh sazişinin paraflanmasıyla təkan götürmüş sülh prosesinin, həmçinin Zəngəzur yoluyla bağlı “TRİPP” layihəsinin taleyi necə olar?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, bütün böyük müharibələrin iki başlıca məqsədi olub: hədəfə götürülən coğrafiyaların təbii sərvətlərinə yiyələnmək və yollara nəzarət.
“Hətta bizə din davası kimi görünən “müqəddəs savaşlar”ın da gizli məqsədində bu iki amal dayanırdı. Dini motivlər sadəcə bu müharibələri aparan döyüşçülərə mənəvi ruh vermək, savaş əzmini, motivasiyasını artırmağa xidmət edirdi. Məsələn, Səlib yürüşlərinin əsas məqsədi türklər tərəfindən ələ keçirilən Anadolu torpaqlarının geri alınması və tarixi İpək yolunu nəzarət altına almaq idi. Eyni şəkildə eramızdan əvvəl 6-7-ci əsrdə yazıldığı güman olunan Avestada və ondan ilham alınaraq yazılan Firdövsinin “Şahnamə”sində belə, dünya əsasən Feridun şahın oğulları arasında 3 yerə bölünürdü. Turan, İran və Rum torpaqları. Turan Feridunun böyük oğlu Tura (Turaka), İran kiçik oğlu İrəcə, Rum diyari isə ortancıl oğlu Salma verilmişdi. Avesta və “Şahnamə”yə görə, dünyada baş verən müharibələr də bu 3 oğul arasında gedən hegemoniya davasıdır. Göründüyü kimi, hələ eramızdan əvvəl yaranan ilk dinlərdə belə, geopolitik müharibələr din motivləri ilə müqəddəsləşdirilmişdi”, -deyə həmsöhbətimiz davamında nəzərə çatdırıb.
Heydər Oğuz hesab edir ki, bu günümüzə gəlincə, əslində minillər boyu coğrafiyamız uğrunda gedən müharibələrin indi də eyni həyəcanla davam etdiyini görürük:
“Yenə, dini motivlər ön plana çıxarılır, yenə də coğrafiyanızın sərvətləri və dünya ticarət xətlərini bir-birinə bağlayan yollar uğrunda mübarizə aparılır. ABŞ Cənubi Azərbaycanın yer aldığı İranı ələ keçirməyə, Rusiya Şimalı Azərbaycanı öz əlində tutmağa, Çin isə coğrafiyamızın potensialından istifadə edərək dünyanın yeni hegemonu olmağa çalışır. Bu isə istər-istəməz yeni müharibələrin ortaya çıxmasına zəmin yaradır.
Amerikanın İranı öz nəzarətinə götürməyə çalışdığı bir zamanda Rusiyanın da Cənubi Qafqazda fəallaşması bu mənada təsadüfi deyil. Moskva yaxşı başa düşür ki, bu coğrafiyaya hakim ola bilməsə, dünya üzərindəki təsir gücünü itirəcək və tədricən öz içinə qapanıb tarix səhnəsindən silinəcək. Bölgənin ən zəif həlqəsi isə Ermənistandır. Ermənistanı öz nəzarətinə götürə bilsə, növbəti mərhələdə Gürcüstanı da tam ilhaq edə biləcək. Beləcə, Qərb dünyasından və Türkiyədən ayrı düşüb Xəzərin qərb sahillərinə sığınan Azərbaycan da məcburən reallıqlarla razılaşacaq və ağ bayraq qaldıracaq...”
Analitikin fikrincə, Rusiyanın Ermənistana xüsusi diqqət ayırması onun təhlükəsizlik qayğılarından irəli gəlir:
“Moskva başa düşür ki, əsrlər boyu türk düşmənçiliyindən qidalanan ermənilər qurulmaqda olan yeni dünya düzənində onların arasında yaşamaq istəməzlər. İçlərində daşıdıqları türk xofu buna imkan verməz. Məhz bu təhlükəsizlik qayğıları erməniləri rahatlıqla yenidən Rusiyanın qarnizon dövlətinə çevirə bilər. Odur ki, özünə bağlı qüvvələri hakimiyyətə gətirib həm Çinin “Bir yol, bir kəmər”, həm də ABŞ-ın Avropadan Orta Asiyaya uzanan “Global keçid” layihələrini pozmaq istəyir. Dolayısıyla təkcə ABŞ-ı yox, həm də Çini qarşısına alır.
Amma mən bunun nəticə verəcəyinə inanmıram. Ən azı ona görə ki, Ukrayna müharibəsində güclə ayaqda dayanan Rusiyanın yeni cəbhə açması və bu cəbhədə Türkiyə, ABŞ və Çinlə rəqabət aparması müşkül məsələdir. Bununla belə, öz imperial iddialarından vaz keçməməsi onu göstərir ki, Rusiya dünyanın yeni aktorları ilə sövdələşmək istəyir. Ya Çindən, ya da ABŞ-dan böyük imtiyazlar qoparmağa çalışır. Bu səbəbdən də erməni kartını əldən buraxmır...”
Siyasi şərhçi belə nəticəyə gəlir ki, bu yeni geopolitik savaşda Azərbaycan üçün ən təhlükəli məqam ABŞ-la Rusiyanın anlaşmaq ehtimalıdır.
“Çini oyundankənar vəziyyətə salmaq üçün ABŞ Rusiyanın bu təklifi ilə razılaşa bilər. Bunun ilkin əlamətlərini Ukrayna cəbhəsində görürük. Bilirsiniz ki, Ukraynaya ayırdığı silah-sursat yardımını dayandıran Tramp hakimiyyəti bütün diqqətini İran məsələsinə yönəldib. Sanki Rusiya ilə gizli sövdələşməyə gedərək, “İran mənim, post-sovet ölkələri sənin” mesajını verir. Nəticədə təkcə Çinin deyil, həm də gözdən çıxardığı Avropanın maraqlarını tapdalayır. Son zamanlar Avropa ölkələrinin xüsusilə İran məsələsində ABŞ-ı yalnız buraxmaları, qlobalistlərin ABŞ-ın müxtəlif şəhərlərində Tramp əleyhinə mitinqlərə start vermələri bu müqavimətin təzahürləri təsiri bağışlayır. Yəqin ki, yaxın perspektivdə Çinin də bu proseslərə qoşulacağını müşahidə edəcəyik. O da ABŞ əleyhinə aktiv mübarizəyə qoşulsa, dünya geopolitikasında xaotik vəziyyət yaranacaq. Təbii ki, bunun mənfi təsirləri bizdən də yan keçməyə bilər. Odur ki, təmkinli xarici siyasət yürüdülməli, ətrafımızda baş verənlər diqqətlə izlənməli, ölkəmizin və Türk dünyasının xeyrinə vacib addımlar atılmalıdır”, - deyə Heydər Oğuz vurğulayıb.
Sultan Laçın