Qadın və uşaqların hərbi əməliyyatlara cəlb olunması artır, səbəb... - TƏHLİL!
Ekskluziv
373
15:19, Bu gün

Qadın və uşaqların hərbi əməliyyatlara cəlb olunması artır, səbəb... - TƏHLİL!

Hər bir potensial qurban potensial müdafiəçi olmalıdır!

Müharibə və qarşıdırmaların sürətlə artdığı planetimizdə müşahidə edilən narahatverici məqamlardan biri də qadın və uşaqların birbaşa və ya dolayısı ilə hərbi əməliyaytlara cəlb olunması, onlardan bu və ya digər şəkildə hərbi məqsədlərlə istifadə edilməsidir. Rusiyada orta məktəbin yuxarı sinfində təhsil alan şagirdlərə PUA-lar və onlardan istifadə ilə bağlı dərslərin keçirilməsi, Ukraynada qadınların məcburi qaydada səfərbərliyə cəlb olunması ilə bağlı aparılan müzakirələr, İranda 12 yaşı tamam olan uşaqlardan yaralılara qulluq, hərbi yüklərin daşınması və s. məqsədlərlə istifadə edilməsi ilə bağlı verilən qərar və s. kimi nümunələr bunu təsdiq edir.

Maraqlıdır, qadın və uşaqların hərbi tapşırıqların icrasına cəlb edilməsi hallarının artmasına səbəb nədir? Niyə vaxtiylə kişilərə xas olan və beynəlxalq hüquq normaları çərçivəsində aparılan hərbi əməliyyatlar, indi qadın və uşaqların da iştirak etdiyi kütləvi ölüm-dirim mübarizəsinə çevrilib?

Ehtimal ki, bunun ən başlıca səbəbi beynəlxalq hüquq sisteminin çökməsi, müasir müharibələrdə hər kəsin – eləcə də qadın və uşaqların hədəf seçilməsidir. 28 fevral 2026-cı il tarixində İranın Minab şəhərində qızlar məktəbinin raketlə vurulması nəticəsində 168 şagird və 14 məktəb işçisinin həlak olması buna nümunə ola bilər. Hərbi əməliyyatlar zamanı hərbçilərlə yanaşı, uşaq və qadınların da kütləvi qırğınlara məruz qalması, məqsədli şəkildə qətlə yetirilməsi müasir müharibələrin “yaş və cins” tanımadığını göstərir. Məhz bu amil düşmənə qarşı xalqın bütün kəsimlərinin “yaş və cins” fərqi olmadan bir nəfər kimi mübarizə aparmasını zəruri edir. Başqa sözlə desək, müasir müharibələr potensial qurban sayılan hər kəsdən potensial müdafiəçi olmağı, vətənin qələbəsi üçün gücü və imkanları daxilində töhfə verməyi tələb edir.

Müharibənin yalnız ordunun deyil, həm də xalqın imkanları və iştirakı ilə həyata keçirilməsi qələbəni yaxınlaşdırır, düşmənə qarşı daha sərt və effektiv müqavimət göstərməyə imkan verir.

Bundan başqa, müharibədə qadın və uşaqların da hərbi mükəlləfiyyətlərə cəlb edilməsi ordunun arxa cəbhə işlərindən böyük ölçüdə azad olunmasına şərait yaradır, onların ancaq və ancaq hücum və bilavasitə müdafiə əməliyyatlarına köklənməsini sitimullaşdırır. Ordu bir tam olaraq ona verilən əsas tapşırığın icrasına cəlb olunur.

Xatırladaq ki, artıq bir neçə ildir ki, Ukraynada qadınlardan ibarət qruplar Rusiya dronlarının zərərsizləşdirilməsi prosesində aktiv iştirak edir, bununla da ordunun əks- hücum əməliyyatlarında tam şəxsi heyətlə iştirakına şərait yaradır.

Proseslərin təhlili yaxın gələcəkdə  bu tendensiyanın daha da genişlənəcəyini söyləməyə əsas verir. Çox böyük ehtimalla qarşıdakı illərdə müharibələrdə daha çox qadın və uşağın hərbi tapşırıqların icrasında iştirakına şahid olacağıq ki, bu da hərb mədəniyyəti tarixində çoxdan bəri mövcud olan dəyərlərin iflası, habelə, yeni bir dönəmin başlanması deməkdir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər