“İranın qanuni icra hakimiyyətində Pezeşkiandan başqa beynəlxalq səviyyədə İran tərəfindən rəhbər kimi danışıqlarda, müzakirələrdə iştirak edəcək elə bir legitim şəxs də yoxdur…”
“Bir də görürsən ki, xalq üsyanı, inqilab vaxtı ordu, polis xalqın tərəfinə keçir…”
“Zahirən baxsaq, Pezeşkian bu gün yeganə legitim, yəni xalq tərəfindən seçilmiş siyasi şəxs, hökumət adamı və tam qanuni prezidentdir. Lakin “SEPAH” bir hərbi qurumdur və ölkənin ən müxtəlif sahələrinə, o cümlədən təhlükəsizlik və sərhədlərin qorunması sahəsinə nəzarət və faktiki rəhbərlik edir. Ölkə iqtisadiyyatının 60 %-i “SEPAH”-ın təsiri altındadır. Müharibəyədək onun ayrıca bankı da var idi. Halbuki İran Konstitusiyasında, yaxud digər bir qanunda - heç bir yerdə yazılmır ki, “SEPAH” bu qədər səlahiyyətə malik olmalıdır…
İranda isə ABŞ-İsrail kolisiyası tərəfindən ardıcıl olaraq ayrı-ayrı siyasi və hərbi komandanlar aradan götürülür və onların yerinə təyin olunanlar da az sonra eyni vəziyyətə düşür. Bu, nə vaxta qədər belə davam edəcək? Optimal variant odur ki, daxildə bir kimsə ortaya çıxıb hamını ətrafında birləşdirib çıxış yolu tapmalıdır; əks halda vəziyyət bu şəkildə davamlı ola bilməz. Hazırda elan olunmuş və ölkənin bütün sahələrinə rəhbərlik etməli olan şəx- ali dini lider Müctəba Xameneidir. O isə meydanda yoxdur. Və meydana çıxdıqda bu işlərin öhdəsindən gələ biləcəkmi?
Və belə davam edəcəksə, çox şətin olacaq. İran adi bir dövlət deyil, qədim tarixə malik böyük bir ölkədir. İndi fakitiki ölkənin bu gün də, keçmişi də dağıdılır. Artıq nəinki mülki obyektlər, tarixi abidələr də vurulub dağıdılır. Şah Abbasın dövründə tikilmiş və YUNESKO-nun siyahısına salınmış məşhur Gülüstan sarayı da dağıdılıb.”
Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında hələ 1990-cı illərin sonu ölkənin səhiyyə naziri işlədiyi dönəmlərdən şəxsən tanıdığı İranın hazırkı prezidenti, azərbaycanlı Məsud Pezeşkianın bir siyasi fiqur kimi indiki və gələcək taleyi barədə danışarkən səsləndirib.
“Təəssüf ki, Pezeşkianı idarəçilikdə təcrübəli, savadlı, həm də insan olaraq ədalətli, vicdanlı bir şəxsiyyət kimi tanısaq da, prezident olaraq onun səlahiyyətləri həddindən artıq məhduddur. O, bu günlərdə bir iclasda “SEPAH”-a heç olmasa, iqtisadi sahədə əməkdaşlıq təklif etdi, onu da rədd etdilər. Pezeşkian da buna görə “SEPAH” rəhbərlərinin mövqeyini sərt tənqid etdi… Hər şey göz qabağındadır. Belə bir durum isə nə İran dövləti, nə də xalqı üçün heç bir müsbət nəticə verə bilməz. İranın bütün dini, siyasi və hərbi liderləri müharibənin mümkün qədər tez dayandırılmasına çalışmalıdırlar. Hər kəs öz şəxsi mənafeyindən, hikkəsindən əl çəkməli, öz məsuliyyətini dərk etməli və dövlətin qaydalarına uyğun hərəkət etməlidir. İranda rəhbərlikdə olanlar təcili düşünməli və çıxış yolu tapmalıdır. Əks təqdirdə ölkə alt-üst ola bilər”, - deyə davamında sabiq səfir bildirib.
Həmsöhbətimiz “Pezeskianın hakimiyyət, hərbi qurumlar və xalq içində real dayaqları və dəstəyi barədə nə bilirsiz?” sualını da cavablandırıb.
“Pezeskianın real dayaqları və dəstəyi barədə heç bir məlumatım yoxdur. Amma onu deyim ki, onun nəinki Azərbaycan türkləri, İranın digər millətləri: farslar, ərəblər, kürdlər və s. – bütövlükdə İran xalqı arasında nüfuzu böyükdür. Eyni zamanda hamı da bilir ki, onun hökumət rəhbəri kimi heç bir səlahiyyəti yoxdur. Bununla belə, bir daha deyirəm, İranın qanuni icra hakimiyyətində Pezeşkiandan başqa beynəlxalq səviyyədə İran tərəfindən rəhbər kimi danışıqlarda, müzakirələrdə iştirak edəcək elə bir legitim şəxs də yoxdur… Həmçinin onu da nəzərə almaq gərəkdir ki, adətən hər hansı bir ölkədə müharibənin gedişində hərbçilər, polislər arasında da bir vətənpərvərlik, xalqsevərlik hissi baş qaldırır və onlarda xalqla birləşərək ölkəni həm daxili, həm xarici təhlükələrdən qorumaq hissi baş qaldırır. Bir də görürsən ki, xalq üsyanı, inqilab vaxtı ordu, polis xalqın tərəfinə keçir”, - deyə diplomat diqqətə çatdırıb.
Sultan Laçın