“Bu yolu necə ki, Rafiq Babayev, Vaqif Mustafazadə keçib, gənclər də keçməlidir” - FOTO+ÖZƏL
Ekskluziv
294
14:10, Bu gün

“Bu yolu necə ki, Rafiq Babayev, Vaqif Mustafazadə keçib, gənclər də keçməlidir” - FOTO+ÖZƏL

“Bugünki gündə musiqiçilər sintezə çox müraciət edirlər. Bu vasitə ilə hansısa klassik əsəri dəyişdirirlər. Mən heç vaxt bunun əleyhinə olmamışam. İlk növbədə onu qeyd edim ki, sintez çox qəliz məsələdir. Nə qədər qəlizdirsə, o qədər də asandır. Sintezi asanlıqla korlamaq riski də yüksəkdir”.

Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, əməkdar artist, məşhur pianoçu Emil Əfrasiyab deyib.

O daha sonra sintezlə bağlı gənclərə müəyyən tövsiyyələr edib:

“Rafiq Babayev peşəkar musiqiçi olaraq əvvəl klassik musiqiçi olub. Asəf Zeynallı adına musiqi məktəbini də bitirib. Onun “Portert” əsərinin başlanğıcında Şopenin “Mi major” etüdü səslənir. Görün ona o qədər təsir etmişdi ki, bu əsəri Şopenin 3-cü etüdündən başladı. Sintez edən gənc musiqiçilərə mən yalnız uğurlar arzu edirəm. Amma mən tövsiyyə edərdim ki, klassik musiqinin dərinliklərini, tanınmış bəstəkarların əsərlərini ifa etsinlər, musiqi mədəniyyətini bilsinlər. Bunu bilməyən musiqiçilərin sintezi də keyfiyyətsiz görünəcək. Ora qədər musiqinin bütün bu keyfiyyətlərindən istifadə etməlidirlər. Bu uzun bir yoldur. Necə ki, bu yolu Rafiq Babayev, Vaqif Mustafazadə keçib. Bu bilirsiniz nəyə oxşayır? Evə yeni əşya alanda onun mütləq bağlamada pasportu olmalıdır. O pasport nə deməkdir?! O pasportda deyilir ki, bu əşyanı necə istifadə etmək lazımdır. Klassik musiqi də onun qanunlarından danışır. Biz klassikaya aid olan bəzi terminləri bilmədən, müasir harmoniyaya müraciət edə bilmərik. Sintezin alınmamasının riski bu zaman artır. Yenə də deyirəm, həmin gənclərə uğurlar arzu edirəm. Amma hər şeyi peşəkar səviyyədə etmək lazımdır. Çünki klassika hər bir janrdan üstündür. Klassika son deyil. Bundan sonra hansısa Azərbaycan musiqisi də ola bilər.. Məsələn, adi bir poema da olsun. Mən buna heç vaxt müasir janr kimi baxmamışam. Hər zaman caz musiqisinin ifaçılarına demişəm ki, siz bəstəkarsız. Siz əsər yox, sanki obraz yaratmalısız. Bu motivi, bu melodiyanı hansı rəngdə görürsüz? Mən pianoçu olduğuma görə demirəm, məhz pianoçulara müraciət edərək hər zaman deyirəm ki, yağışı, günəşli havanı, qəmgin və digər obrazları pianoda təsvir edib göstərmək lazımdır. Klassik janrda olan bəstəkarlar stilistikanı nə qədər gözəl bilsələr, bu sintezlər də gözəl alına bilər” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər