H.Fidan:
Ekskluziv
457
12:48, Bu gün

H.Fidan: "Region təhlükəli ssenariyə sürüklənir"- Güc balansı kimlərin əleyhinə dəyişir?

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyədən diqqətçəkən açıqlama gəlib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionun təhlükəli ssenariyə sürükləndiyini bildirib.

Nazirin sözlərinə görə, İsrail islam ölkələrini bir-birinə qarşı uzunmüddətli qarşıdurmaya cəlb etməyə çalışır. O, həm İrana, həm də digər region ölkələrinə çağırış edərək bu cür planlara aldanmamağı tövsiyə edib.

Fidan vurğulayıb ki, hazırda sülh prosesinin qarşısında duran əsas maneə İsrailin mövqeyidir və bu siyasət bölgədə sabitliyin bərpasını çətinləşdirir.

Maraqlıdır, Hakan Fidanın “regionun təhlükəli ssenariyə sürüklənməsi” ilə bağlı xəbərdarlığını nəzərə alsaq, İsrailin region ölkələrini uzunmüddətli qarşıdurmaya cəlb etməsi ehtimalı Yaxın Şərqdə güc balansına, eləcə də sülh perspektivlərinə necə təsir göstərə bilər?

Moderator.az suallarını Milli Məclisin deputatı Tural Gəncəliyevə ünvanlayıb.

Deputat qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında davam edən gərginlik hazırda qlobal siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Dünyanın nüfuzlu nəşrləri – The Wall Street Journal, The Washington Post, The New York Times və digərləri bu münaqişənin sonunun hələ görünmədiyini vurğulayır:

 "Onların qiymətləndirmələrinə görə, müharibə müəyyən mənada nəzarətdən çıxmış vəziyyətdədir və ABŞ-da, xüsusilə Respublikaçılar administrasiyası çərçivəsində bu münaqişənin necə sona çatdırılacağı ilə bağlı aydın strategiya formalaşmayıb.
Bu baxımdan, Azərbaycan və Türkiyənin qardaş və müttəfiq ölkələr kimi qarşısında duran əsas məqsəd müharibənin təsir dairəsinin genişlənməsinin qarşısını almaqdır. Əsas hədəf odur ki, bu qarşıdurmanın alovları nə Cənubi Qafqaza, nə Türkiyənin, nə də Azərbaycanın ətrafına yayılmasın və regionumuz bu münaqişədən zərər görməsin.

Hazırkı geosiyasi mənzərəni nəzərə alsaq, həm şimal istiqamətində davam edən Rusiya–Ukrayna müharibəsi, həm də cənubda Yaxın Şərqdəki gərginlik fonunda yeganə stabil bölgə olaraq biz, bu stabilliyi qorumalıyıq. 
Bu kontekstdə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın da, istərsə də digər Türkiyə rəsmilərinin və ümumilikdə region üzrə aparılan təhlillərin ortaq nəticəsi ondan ibarətdir ki, münaqişənin genişlənməsinin qarşısı alınsın. Azərbaycan və Türkiyənin seçdiyi mövqe də məhz bu yanaşmaya əsaslanır.Tərəfsiz və məsafəli qalmaq, eyni zamanda geosiyasi konfiqurasiyalar çərçivəsində balanslı siyasət yürütmək".

Tural Gəncəliyev qeyd edib ki, bu siyasətin əsas prinsiplərindən biri də odur ki, Azərbaycan və Türkiyə  ərazisi heç bir halda üçüncü tərəflərə qarşı istifadə olunmur:

 "Azərbaycan qonşu dövlətlərlə konstruktiv və praqmatik münasibətlər quraraq regional sabitliyə töhfə verir. Eyni yanaşma Türkiyə üçün də keçərlidir. Hər iki ölkənin gücü məhz sülh gündəliyinə sadiqlik və praqmatik diplomatiyada özünü göstərir.
Cənubi Qafqaz və Xəzər regionu uzun illər davam edən münaqişələrdən sonra artıq sülh gündəliyinə doğru transformasiya mərhələsinə daxil olub. Bu səbəbdən regionda yeni gərginlik ocaqlarının yaranması nə arzuolunandır, nə də məqbul hesab olunan.
Digər tərəfdən, qlobal güc balansına nəzər saldıqda görünür ki, ABŞ və onun müttəfiqləri münaqişəni istədikləri şəkildə və qısa müddətdə başa çatdıra bilməyiblər və bunun sonu da hələki görünmür. Bu isə strateji qeyri-müəyyənlik yaradır".

Millət vəkili fikirlərinə əlavə edib ki, müharibənin başlanması ilə qarşıya qoyulan hədəflərə tam nail olunmadığı müşahidə olunur:

"Xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyət bunu açıq şəkildə göstərir. Əgər əvvəllər bu strateji keçid məntəqəsi normal fəaliyyət göstərirdisə, hazırda vəziyyət xeyli mürəkkəbləşib. Hörmüz ABŞ və İrail üçün tamamilə bağlıdır. Bu isə qlobal iqtisadiyyata ciddi təsir göstərir, transmilli korporasiyaların və beynəlxalq şirkətlərin fəaliyyətində çətinliklər yaradır.
Bütün bunlar ABŞ daxilində də siyasi təzyiqlərin artmasına səbəb olur.

Eyni zamanda, müxtəlif təhlillərə görə, bu proseslər Amerika Birləşmiş Ştatları ilə İsrail arasında müəyyən fikir ayrılıqlarının yaranmasına, eləcə də NATO daxilində mövqelərin fərqlənməsinə gətirib çıxarır.
Nəticə etibarilə, mövcud vəziyyət göstərir ki, güc balansı daha çox hücum strategiyasını effektiv şəkildə reallaşdıra bilməyən tərəflərin əleyhinə dəyişir. 
Hazırkı şəraitdə ən vacib məsələ münaqişənin daha geniş miqyaslı böhrana çevrilməsinin qarşısını almaqdır. Bunun üçün isə müharibədən çıxış strategiyasının formalaşdırılması zəruridir. Lakin hələlik bu istiqamətdə konkret və effektiv addımların atıldığı müşahidə olunmur".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər