Bizi sosial şəbəkələrdən izləyin:
Gecə yarısı, bir neçə saatlıq nisbi sakitlikdən sonra, İrandan İsrailin mərkəzinə çoxsaylı bölünən döyüş başlığı olan daha bir raket atılıb. Təl-Əvivdə zərbə nəticəsində başından qəlpə yarası alan 57 yaşlı kişi həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "12-ci Kanal" məlumat yayıb.
Raket münaqişənin ilk günündə filippinli miqrant Meri Ann de Veranın öldürüldüyü və əvvəlki partlayışdan qalan qalıqların hələ də təmizlənmədiyi ərazidə partlayıb. Təl-Əviv Dairə Polis Rəisi Xaim Sarqrofun sözlərinə görə, kişi hücum zamanı sığınacağın qarşısında olub.
50 və 30 yaşlarında üç yaralı kişi isə "İxilov" xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətini "yüngül və orta" qiymətləndiriblər və hamısı huşundadır.
Təl-Əviv, Ramat Qan, Givatayim və Petah-Tikvada dağıntılar qeydə alınıb: şəhərlərdə müxtəlif yerlərə on raket zərbəsi endirilib.
Təl-Əvivdə şənbə gecəsi boş olan ofis binasına ziyan dəyib; raketlərdən biri yaşayış binasının damını deşib və iki kişi gizlənməyə macal tapmadan yaralanıb. Bir neçə mağazaya da ciddi ziyan dəyib. Ramat Qanda isə zərbə nəticəsində bir yük maşını yanıb.