İran danışıqlardan imtina etdi - Regionda nələr gözlənilir?
Ekskluziv
746
27 Mar 2026 | 22:17

İran danışıqlardan imtina etdi - Regionda nələr gözlənilir?

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin danışıqlardan imtina etdiyini və mövqeyinin “prinsipial” olaraq dəyişməz qaldığını açıqlayıb. Nazir bildirib ki, beynəlxalq zəmanətlərə etimadsızlıq səbəbindən əsas təminat ölkənin öz hərbi gücü və cavab tədbirləridir. Əraqçi həmçinin “təminatsız atəşkəsin” müharibənin təkrarlanmasına səbəb ola biləcəyini, Hörmüz boğazının dost ölkələr üçün açıq, düşmən qüvvələr üçün isə bağlı olacağını vurğulayıb. ABŞ-ın regiondakı hərbi bazalarının təhlükəsizlik yox, risk yaratdığını qeyd edən nazir, İran Silahlı Qüvvələrinin cavab zərbələrinin düşmənin məqsədlərinə çatmasının qarşısını aldığını “qızıl an” kimi qiymətləndirib.

Bu məqamda, İranın sərt mövqeyi və danışıqlardan imtinası, regionda hərbi eskalasiyanın dərinləşmə ehtimalını nə dərəcədə artırır və belə bir şəraitdə beynəlxalq vasitəçilik mexanizmlərinin real təsir imkanları hələ də mövcuddurmu, yoxsa proses artıq yeni və daha sərt geosiyasi qarşıdurma mərhələsinə daxil olub?
Moderator.az yaranmış sualları politoloq Çingiz Şahbazi ilə müzakirə edib. 

Politoloq qeyd edib ki, İranın, ABŞ-İsrail hərbi birləşmələrinin ölkəsində həyata keçirdiyi əməliyyatların demək olar ki, bütün sahələrdə ciddi fəsadlar yaratmasına baxmayaraq, sərt mövqeyi təsadüfi deyil:

"İstər ötən ilin iyununda, istərsə də bu ilin fevralında aparılan danışıqlar prosesinin ortasında hərbi əməliyyatlara start verməsi, danışıqlar çərçivəsində əldə olunan razılaşmaları sıfıra endirdi və nəticədə ABŞ-a qarşı inamsızlıq və etimadsızlıq reaksiyası yarandı. İran bu vəziyyətdən istifadə edərək, əlindəki imkanlarla öz mövqeyinin haqlı olduğunu dünyaya göstərməyə çalışdı.

Xüsusilə Hörmüz boğazında baş verənlər bu yanaşmanı aydın şəkildə ortaya qoyur. ABŞ prezidenti Trampın NATO ölkələrinə Hörmüzlə bağlı dəstək çağırışı, Fars Körfəzində vəziyyətin asanlıqla həll olunmayacağını göstərir. Bu baxımdan rəsmi Tehranın sərt və prinsipial mövqeyi, regionda hərbi eskalasiyanın dərinləşməsi riskini artırır. Diplomatik vasitəçilik və beynəlxalq hüquq çərçivəsində mümkün müdaxilələr real görünə bilsə də, ehtimallar zəifdir".

Şahbazi qeyd edib ki, belə bir şəraitdə qlobal enerji təhlükəsizliyi və beynəlxalq dəniz hüququ ciddi təzyiqlərlə üz-üzə qalır:

"Körfəz ölkələri qanun krizisi ilə qarşılaşa, Fars Körfəzində eskalasiya daha genişmiqyaslı geosiyasi qarşıdurmaya çevrilə bilər. Əks halda, dünya iqtisadiyyatında kritik vəziyyət getdikcə dərinləşir: gəmilərin sığorta qiymətləri yüksəlir, enerji bazarındakı qiymətlər artır və alternativ nəqliyyat marşrutlarının məhdudluğu dünyanı həqiqətən silkələməkdə davam edir.
Bütün bunlar nəzərə alınaraq, İranla təminatlı danışıqlar prosesinə başlamaq ehtimalı gündəmdə real bir perspektiv kimi qalır".

Pərvin Şakirqızı

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər