ABŞ-ın İrana zərbələri təxirə salması Yaxın Şərq strategiyasında yumşalma siqnalıdır, yoxsa taktiki fasilə?
Ekskluziv
765
27 Mar 2026 | 20:58

ABŞ-ın İrana zərbələri təxirə salması Yaxın Şərq strategiyasında yumşalma siqnalıdır, yoxsa taktiki fasilə?

ABŞ-İran münasibətləri son günlərdə Hörmüz boğazı ətrafında kəskin gərginliklə müşahidə olunur. ABŞ prezidenti Donald Tramp İranın enerji obyektlərinə qarşı planlaşdırılan hərbi zərbələri müvəqqəti olaraq 10 gün müddətinə təxirə salıb.
Bu qərarın əsas məqsədi Tehran ilə danışıqlar üçün əlavə vaxt və imkan yaratmaqdır. Tramp vurğulayıb ki, bu addım İran tərəfinin müraciəti ilə atılıb və hazırda tərəflər arasında danışıqlar “yaxşı səviyyədə” davam edir. 

Maraqlıdır, ABŞ-ın İrana qarşı planlaşdırdığı zərbələri təxirə salması və danışıqlar üçün əlavə vaxt verməsi Vaşinqtonun Yaxın Şərq strategiyasında hansı dəyişikliklərin siqnalı kimi qiymətləndirilə bilər? Bu addım ABŞ-İran münasibətlərində real yumşalma perspektivi yaradır, yoxsa tərəflər sadəcə mövqelərini möhkəmləndirmək üçün taktiki fasilədən istifadə edir?

Moderator.az suallarını siyasi şərhçi Aydın Tağıyevə ünvanlayıb.

Aydın Tağıyev bildirib ki, hələ ki, bu addım ABŞ-ın strateji dəyişiklik siqnalıdır:

"Rəsmi Vaşinqton hərbi eskalasiyanı dərhal artırmaq əvəzinə diplomatiyaya şans verirki qarşıdakı itkiləri, büdcə xərclərini gələcək seçkilərə yönəlik mənfi rəyləri tənzimləsin. 
Müharibəyə başlayıb bura qədər gətirməyin geri yolu məğlubiyyətə bərbərdir. Mövcud zamanda ABŞ-ın Yaxın Şərqdə daha çevik, enerji təhlükəsizliyi və regional balansı önə çəkən bir xəttdə dayanmaq istəyi aydın görünür.
Rəsmi Vaşinqton bu addımla İsrail və Körfəz ölkələrinin maraqlarını nəzərə alaraq gərginliyin daha da artmasının qarşısını almaq istəyir. Hesab edirəm bu səylərin nəticəsi uzanacaq".

Siyasi şərhçi əlavə olaraq qeyd edib ki, ABŞ-nin taktiki fasilə ehtimalı “mövqelərin möhkəmləndirilməsi üçün vaxt qazanmaq”a bənzəyir:

"İran tərəfi an etibari ilə ABŞ-ın dediyi “güclü danışıqları” qismən inkar edir, bu isə etimad böhranının hələ də davam etdiyini göstərir. Bu müharibənin gələcəyə region ölkələrinə ciddi fəsadına görə ABŞ daxili siyasi təzyiqləri və beynəlxalq müttəfiqlərin reaksiyalarını nəzərə alaraq, hərbi addımı qismən ertələdiyni göstərir. Trampın isə bəyanatları o qədər ziddiyətlidir ki, hələ də net bir fikir demək asan deyil. 
Münaqişənin həlli üçün diplomatik danışıqlar, razılıqlar vacibdir. Bu addım real yumşalma üçün fürsət yarada bilər, əgər tərəflər qarşılıqlı güzəştlərə hazır olsalar. ABŞ-nin 15 maddəlik bəyanatı rədd edildi. Qarşılığında 5 maddəlik təklif irəli sürdü. Rəsmi Tehrandan isə hələ ki nəticə yoxdur. ABŞ-ın bu qərarını həm diplomatiyaya açıq qapı, həm də taktiki möhlət hesab edirəm. Real yumşalma yalnız qarşılıqlı güzəştlər və etimadın bərpası ilə mümkündür".

Pərvin Şakirqızı

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər