“Uca Allahın bizi nədən yaratdığını bilirsinizmi? İynə gözü boyda bir damladan. O, bizə mükəmməl bir forma verdi, qollar, ayaqlar, hisslər və ağıl verdi. İnsan bütün bunları öz əlləri ilə yarada bilərmi?..”
“Qurana uyğun yaşayanlar böyükdür. Lakin onların böyüklüyünü bilmək hər kəsə nəsib olmur, çünki bu böyüklüyü Uca Tanrı gizlədib. Üzeyirin cəsədini yüz il gizlətdiyi kimi...”
Moderator.az bir çox oxucuların bu mövzuya marağını nəzərə alaraq “İslam-Today” nəşrində dərc olunmuş “Ölümündən 100 il sonra Allah tərəfindən dirildilən Peyğəmbər...” başlıqlı ibrətamiz yazının tərcüməsini təqdim edir:
“Quranda dirilmənin həqiqətinə şübhə edən Üzeyir adlı bir insanın heyrətamiz hekayəti nəql edilir. O, sakinləri ölmüş və xarabalığa çevrilmiş bir kəndin yanından keçirdi. Üzeyir Allahın ölüləri diriltmək qabiliyyətinə şübhə etməyə başladı...
Uca Allah bu hekayəti Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) vəhy etdi:
“Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi. (Bəqərə surəsi, 259-cu ayə).
Üzeyir yüz il öldüyü yerdə qaldı. Bu uzun müddət ərzində nə külək, nə yağış, nə də istilik onun bədəninə təsir edə bilmədi və insanlar onu görə bilmədilər. Uca Allahın gizlətdiyini necə görmək olar? Üzeyirin yeməyi bu müddət ərzində xarab olmamışdı; elə yüz il əvvəlki vəziyyətdə qalmışdı...
Uca Allahın bizi nədən yaratdığını bilirsinizmi? İynə gözü boyda bir damladan. O, bizə mükəmməl bir forma verdi, qollar, ayaqlar, hisslər və ağıl verdi. İnsan bütün bunları öz əlləri ilə yarada bilərmi? Əgər insan Uca Allahın ona öyrətdiyindən başqa heç nə edə bilməyəcəyini başa düşsəydi, öz yerini bilər və həddini aşmazdı...
Özünün əslində kim olduğunu anlamayan insan bunu Qiyamət günü başa düşəcək. Ona izah ediləcək və göstəriləcək, necə ki, küfr və itaətsizliyinə görə layiq olduğu yer ona göstəriləcək...
Üzeyirin bu heyrətamiz hekayəsi üzərində düşünün- böyük Quranda bu cür hekayələr və məsəllər çoxdur. Bəli, Quran böyükdür, Rəbbimiz də böyükdür. Qurana uyğun yaşayanlar böyükdür. Lakin onların böyüklüyünü bilmək hər kəsə nəsib olmur, çünki bu böyüklüyü Uca Tanrı gizlədib. Üzeyirin cəsədini yüz il gizlətdiyi kimi...”
Moderator.az-dan P.S:
Əslində Quranın sözü gedən ayəsindəki hekayətdə birbaşa Üzeyir Peyğəmbərin adı çəkilmir. Onun adı yalnız Tövbə surəsinin 30-cu ayəsində yəhudilərin onu, xristianların isə İsa Məsihi “Allahın oğlu” adlandırması qınanılarkən çəkilir. Lakin bütün hallarda bəhs edilən hekayət Quranda var, müxtəlif dillərə tərcümələrdə, demək olar kiŞ eyni cür nəql olunur və anlaya bilənlər üçün çox ibrətamizdir...
Tərcümə və təqdim etdi:
Sultan Laçın