“Xomeynini İranın başına gələn kimi ABŞ və İsraili düşmən elan etməyə nə, yaxud kim vadar etdi?..”-Diplomat
Ekskluziv
977
17:07, Bu gün

“Xomeynini İranın başına gələn kimi ABŞ və İsraili düşmən elan etməyə nə, yaxud kim vadar etdi?..”-Diplomat

“Şah dövründə İranın hər iki dövlətlə münasibətləri yüksək və geniş səviyyədə olub. Məsələn, İran ordusunun formalaşmasına Amerika böyük dəstək göstərmiş və nəticədə bu ordu Yaxın Şərqdə ən güclü orduya çevrilmişdir. Paralel olaraq İsrail də bir çox sahələrdə, xüsusən təhlükəsizlik və kəşfiyyat, əks-kəşfiyyat sahəsində İrana yüksək səviyyədə kömək göstərib...”
 
“Bu saat region, müsəlman-türk dünyası üçün ən qorxulu məsələ isə ABŞ və İsrailin İrana qarşı başlatdığı savaşın bölgənin müsəlman dövlətləri arasında bir müharibəyə çevrilməsidir. Bu, çox ciddi təhlükədir...”
 
“Hər hansı bir hadisəni, prosesi, problemi araşdırarkən onun köklərini tapmaq vacibdir. Köklərini tapdıqdan sonra problemin necə yarandığını və hansı şəraitdə formalaşdığını görmək olur. Bu isə məqsədin nə olduğunu və burada nəyin hədəfləndiyini anlamağa imkan verir. Əgər ABŞ-İran, İsrail-İran münasibətlərinin kökünü araşdıranda gəlib 47 il öncəyə-  İran İslam İnqilabına çıxırıq. İnqilabdan dərhal sonra ölkənin Fransada sürgündən qayıtmış yeni lideri Ayətullah Xomeyni bəyan etdi ki, Amerika böyük şeytan, İsrail isə kiçik şeytandır və hər iki ölkə ilə, dövlət ilə İran düşməndir. Bu minvalla həmin düşmənçilik siyasətini ideologiya səviyyəsinə yüksəldərək 47 il ərzində var gücləri ilə təbliğ etdilər. Və bu heç də yaxşı, alqışlanası bir iş deyildi. Deməli, bu düşmənçiliyin kökləri İslam İnqilabından sonra yaranıb və dövlətin ideologiyasının tərkib hissəsinə çevrilib.” 
Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ/İsrail-İran müharibəsinin səbəblərindən danışan Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov ifadə edib.
 
“İndi, İslam İnqilabından əvvəlki, yəni Şah dövründəki İran-ABŞ, İran-İsrail münasibətlərini yada salaq. O dövrdə İranın hər iki dövlətlə münasibətləri yüksək və geniş səviyyədə olub. Məsələn, İran ordusunun formalaşmasına Amerika böyük dəstək göstərmiş və nəticədə bu ordu Yaxın Şərqdə ən güclü orduya çevrilmişdir. Paralel olaraq İsrail də bir çox sahələrdə, xüsusən təhlükəsizlik və kəşfiyyat, əks-kəşfiyyat sahəsində İrana yüksək səviyyədə kömək göstərib və bu ölkənin təhlükəsizlik sistemini, o cümlədən “ETTELAAT”-ı qurmaqda və inkişaf etdirməkdə bilavasitə iştirak edib. Digər sahələrdə, məsələn, kənd təsərrüfatı və sənaye layihələrində də İsrailin iştirakı olub. Belə olan halda sual meydana çıxır: “Hansı amil, hansı səbəb Xomeynini hakimiyyət başına gələn kimi ABŞ və İsraili birdən-birə şeytan, düşmən elan etməsinə səbəb olub? Bunun arxasında hansı böyük güc, qüvvə durub? Kim İranın ali dini liderinə təsir göstərib ki, o belə bir bəyanat verib, həmin bəyanatı bir dövlətin, bir xalqın ideologiyasına çevirib və nəticədə son 30-40 ildə qan çanağına dönmüş Yaxın Şərq bu gün artıq III Dünya müharibəsinin meydanına çevrilib. Bax, bunları aydınlaşdırmaq gərəkdir”, -deyə davamında diplomat diqqətə çatdırıb.
 
“Bu saat region, müsəlman-türk dünyası üçün ən qorxulu məsələ isə ABŞ və İsrailin İrana qarşı başlatdığı savaşın bölgənin müsəlman dövlətləri arasında bir müharibəyə çevrilməsidir. Bu, çox ciddi təhlükədir. Və təəssüf ki, bu istiqamətdə kimlərsə tərəfindən hansısa işlər görülür. İndi açıq şəkildə görürük ki, ABŞ-ın regiondakı müxtəlif ölkələrindəki hərbi bazalarını vurmaq məqsədilə atılan raketlər infrastruktur obyektlərinə də, yaşayış binalarına da düşür. Və bu kimi məsələlər də artıq ortada narazılıq formalaşdırmaqdadır. O da aydındır ki, Körfəzdəki müsəlman-ərəb ölkələrindəki ABŞ hərbi bazaları, məsələn, Səudiyyə Ərəbistanı ərazisindəki baza ölkəni İranın mümkün hücumlarından qorunmaq üçün yaradılmışdı. Bəs bu gün həmin bazalar deyilən ölkələri qorudumu? Xeyr. Və bunun arxası var... Və inanmıram ki, bu savaş tezliklə dayandırıla bilə. Yəni bölgədə müharibənin dayandırılması real görünmür...”
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər