BMT-də əsərləri nümayiş olunan Mehriban Alışova:“Bayramı Amerikada qarşıladıq, martın 28-nə qədər sərgi davam edəcək”-ÖZƏL
Ekskluziv
1318
21:08, Bu gün

BMT-də əsərləri nümayiş olunan Mehriban Alışova:“Bayramı Amerikada qarşıladıq, martın 28-nə qədər sərgi davam edəcək”-ÖZƏL

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında azərbaycanlı rəssamların işlərindən ibarət "Mədəni diplomatiya üçün incəsənət: Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkan" adlı sərginin açılış mərasimi keçirilib. Tədbir Beynəlxalq Novruz Günü münasibətilə təşkil olunub.


Mərasimdə üzv ölkələrin səfirləri və diplomatları, BMT rəsmiləri, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Novruz bayramının Azərbaycan xalqı və onun mədəni irsi üçün əhəmiyyətini vurğulayıb. O, sərgidə iştirak edən, öz əsərlərində Azərbaycanın mədəniyyətini, incəsənətini və adət-ənənələrini tərənnüm edən gənc rəssamlara təşəkkür edib, onlara uğurlar arzulayıb.


Sonda sərgidə iştirak edən azərbaycanlı rəssamlar-Mehriban Alışova, İntiqam Ağayev, Cəmilə Hacıyeva, Renat Şərifli, Mahmud Mustafayev, Nərgiz Əhmədova, Asma Quşad, Gülar Məmmədova və Səkinə Cəfərliyə sertifikatlar təqdim edib. Tanınmış rəssam Mehriban Alışova təəssüratlarını Moderator.az-la bölüşüb:


“Çox sevinirəm və şadam ki, Amerikada mədəni diplomatiyaya xidmət edən incəsənət sərgisinin açılışı baş tutdu. Bilirsiniz ki, Azərbaycan dünyada mədəniyyəti ilə tanınır və ölkəmiz, ölkə başçımız da bu istiqamətdə böyük işlərə imza atıblar. Bu sərgi Azərbaycanı sadəcə güclü bir ölkə kimi yox, həm də dünya mədəniyyətlərinin qovuşduğu bir məkan kimi təqdim edir. Sərgidəki əsərlər sadəcə şəkil deyil, həm də dünya mədəniyyətinin bir parçalarıdır. Bu sərgidə mənim də əsərlərim nümayiş olunub. Belə bir tədbirin Novruz bayramı ərəfəsində keçirilməsi isə bizim üçün ikiqat bayram oldu. Bayram bayrama qarışdı desəm yanılmaram. Bayramı uzaq Amerikada, həmvətənlərimizlə birlikdə qeyd etmək, baharın gəlişini qərib ölkədə qarşılamaq xoş və unudulmaz idi. Sərgidə mən də daxil olmaqla 18 rəssamın 34 əsəri nümayiş olunur. Amerikada, yad ölkədə əsərlərimizə bu dərəcədə marağın böyük olması Azərbaycan incəsənətinə göstərilən diqqətin bariz nümunəsidir. İctimai xadim Mixail Qusmanın sərginin fəxri qonağı olması biz iştirakçıları daha da sevindirdi. Sərgi mart ayının 28-nə qədər davam edəcək. İnanıram ki, belə sərgilərin davamı da olacaq. Sərgini ərsəyə gətirən dövlət qurumlarına və rəssamların üzərində böyük əməyi olan İslam Baxşəliyevə öz xüsusi təşəkkürümü bildirirəm” deyə tanınmış rəssam bildirib.

Link kopyalandı!
Son xəbərlər