“Cəhənnəmə getmək istəyən özünə yoldaş axtarır” - Polkovnik tankerin vurulmasından danışdı
Ekskluziv
1400
18:18, Bu gün

“Cəhənnəmə getmək istəyən özünə yoldaş axtarır” - Polkovnik tankerin vurulmasından danışdı

ABŞ–İsrail və İran arasındakı müharibənin 27-ci günündə bölgədə Türkiyəyə məxsus, böyük həcmdə neft daşıyan “Altura” tankeri İstanbul boğazına yaxın ərazidə dron hücumuna məruz qalıb. 
 
Bu məqamda belə bir sual yaranır. ABŞ-İsrail–İran qarşıdurmasının fonunda Türkiyə neft tankerinə dron hücumu bölgədə müharibənin coğrafiyasının genişləndiyini göstərirmi? Bu hadisə enerji daşımaları və xüsusilə Xəzər–Türkiyə xətti üçün hansı riskləri yaradır?
 
Moderator.az yaranmış sualları ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanova  ünvanlayıb.
 
Polkovnik qeyd edib ki, bu gün geosiyasi proseslərdə gedən gərginliklər və müharibələr, təəssüf ki, artıq sadəcə “müharibə” deyil, “müharibələr” kimi müşahidə olunur:
 
"Bu vəziyyət birinci növbədə dünyanın nə qədər həssas olduğunu göstərir. Bu məqamda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət, diplomatiya sahəsindəki uğurlar və ölkənin müdafiə və təhlükəsizlik sahəsində gördüyü işlər digər dövlətlərlə və beynəlxalq proseslərlə müqayisədə uzaqgörən və düzgün addımlar kimi qiymətləndirilə bilər.
 
Lakin gərgin proseslər Azərbaycanın sərhədinə yaxın ərazilərdə baş verir. Azərbaycanın mürəkkəb coğrafi yerləşməsi bu iki amilin – regional gərginliyin və təhlükəsizlik tədbirlərinin nə qədər önəmli olduğunu açıq göstərir. Məsələn, Rusiya, İran müharibə şəraitindədir. Ermənistanla  münasibətlərdə sülh istiqamətində siyasət aparılsa da sərhədlər hələlik tam müəyyənləşdirilməyib və sülh müqaviləsi yoxdur. Bu səbəbdən sərhədimiz faktiki olaraq təmas xəttinə bənzəyir. Demarkasiya prosesi aparılmadığından və qarşı tərəfin prosesi uzatmasının nəticəsi olaraq, Azərbaycan sərhədlərində müdafiə mövqeyini qorumağa davam edir.
Buna görə də mürəkkəb coğrafi mövqedə yerləşən Azərbaycan, bu proseslərdə müəyyən dərəcədə neytral mövqe saxlaya bilirsə, bu, dediyim amillərin nəticəsi kimi qiymətləndirilməlidir".
 
Ramaldanov qeyd edib ki, ABŞ, İsrail və İran arasında gedən qarşıdurmanın təsiri demək olar ki, bütün regiona yayılıb. Bəzi ölkələr, xüsusən enerji daşıyıcıları və enerji mənbələri – neft və qaz baxımından zəngin olanlar qiymətlərin yüksəlməsi və gəlirlərinin artması baxımından fayda görə bilərlər:
 
"Lakin dünya bazarında məhsulların qiymətləri artıq yüksəlib, daxil olan məhsullar əvvəlki qiymətə deyil, daha baha qiymətə alındığından, bu təsirin əhəmiyyəti məhdud olur, əsas təsir məhsulun həcmindən və payından asılıdır.
Türkiyədə neft tankerinə dron hücumunun olması bir daha göstərir ki, istər raket, istərsə də dron əməliyyatlarının baş vermə ehtimalları getdikcə artır. Çünki İsrail, İran və ABŞ arasında yaranmış müharibə fonunda bu coğrafiya yalnız İranla məhdudlaşmır, daha geniş bir ərazini əhatə edir. Bu dairəyə həm Türkiyə, həm Azərbaycan daxildir və onların hər an hücuma məruz qalma ehtimalı yüksəkdir.
 
Xəzər dənizi də təhlükə zonası kimi qiymətləndirilə bilər, xüsusən İranın və sərhəd ölkələrinin mövqeləri nəzərə alınarsa.
 
 İran müdafiəsini yalnız öz sərhədləri çərçivəsində həyata keçirmir, vurulan zərbəyə cavab verməkdən kənara çıxaraq digər hədəfləri – həm havadan zərbə vasitələrinə bağlı olmayan, həm də enerji infrastrukturlarına yaxın ölkələrdə yerləşən obyektləri hədəfə alır. Bu, İranın müdafiə potensialına başqa prizmadan baxmasını göstərir.
 
 Atalarımızın dediyi kimi, “Cəhənnəmə getmək istəyən özünə dost axtarır”.
 
Belə bir vəziyyətdə, havadan endirilən zərbələr nəticəsində cəhənnəmə bənzəyən şərait yarandıqda, İran qonşu müsəlman ölkələrinə və digər şəhərlərə ziyan vurur, enerji mərkəzlərinə və su təsərrüfatına zərbə endirir. Bu, regional təhlükəsizlik üçün ciddi xəbərdarlıqdır”.
 
Ramaldanov qeyd edib ki, artıq Üçüncü Dünya Müharibəsi haqqında açıq müzakirələr gedir. Təbii ki, bu müharibə Birinci və İkinci Dünya Müharibələrindən fərqlidir. Bu müharibə coğrafi, strateji və texnoloji kontekstlər baxımından fərqlənir:
 
“Bu müharibənin özəlliyi ondan ibarətdir ki, təsiri yalnız iqtisadi və logistika sahəsi ilə məhdudlaşmır. Havadan İranın dron və raketlərinə məruz qalan, yaxud onların yaxınlığında yerləşən ərəb ölkələri də bu təsirin dairəsindədir. İran bilir ki, ABŞ və İsrailə qarşı imkanları məhduddur və buna görə ətrafdakı ölkələrə təsir göstərməklə ABŞ-ı danışıqlar masasına oturtmağa məcbur edir. Bəzi məlumatlara görə, İranın raketləri 4 min kilometr radiusda təsir göstərə bilər. Bu radius daxilində olan hər hansı tanker, yaşayış məntəqəsi, hərbi baza və ya digər obyekt hədəfə çevrilə bilər.
 
Bugünkü müharibələr də bu baxımdan çox təhlükəlidir. İranın boğazı bağlaması və ticarət mallarının logistikasının sıfıra endirilməsi bütün dünya üçün ciddi nəticələr doğurur. Dünya iqtisadiyyatı və logistika sistemləri bir-birinə zəncirvari şəkildə bağlıdır və bir sahədəki fasilə digər sahələrə də dərhal təsir edir.
 
Bu münaqişənin təsirləri uzun illər boyunca hiss olunacaq, lakin hazırda bütün dünyanın məqsədi münaqişəni dayandırmaqdır. ABŞ və İranın mövqeləri fərqlidir və buna görə atılan bütün addımlar münaqişəni dayandırmaq və gələcəkdə daha böyük faciələrin qarşısını almaq məqsədi daşıyır. Atalarımızın dediyi kimi, “Ziyanın yarısından qayıtmaq da xeyirdir”.Artıq bu qədər ziyan görmüş dünya üçün, ABŞ-İsrail-İran qarşıdurmasının yarısından geri dönməsi belə müsbət və xeyirli nəticə olar".
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər