"Tehran yeni vasitəçi istəyir, Vaşinqton paralel olaraq eskalasiyanı gücləndirir..."
İran mövcud ABŞ nümayəndələri ilə danışıqları davam etdirmək istəmir və daha çox Cey Di Vens ilə dialoqa üstünlük verir.
Moderator.az xəbər verir ki, bu barədə CNN telakanalı məlumat yayıb.
Məlumatda deyilir ki, Tehran Vensi digər fiqurlarla müqayisədə daha kompromisə meylli hesab edir. Bunun əsas səbəbi isə əvvəlki danışıqların uğursuzluğundan sonra yaranmış ciddi etimadsızlıqdır.
Bununla yanaşı, yekun qərarın Donald Tramp tərəfindən veriləcəyi vurğulanır. Ağ Ev artıq bəyan edib ki, danışıqlarda bir neçə əsas fiqur, o cümlədən Vens və digər yüksək vəzifəli şəxslər iştirak edə bilər. Bu isə onu göstərir ki, Vaşinqton danışıqlar prosesini tam nəzarətdə saxlamaq niyyətindədir.
Diplomatiya fonunda hərbi hazırlıq
Danışıqlar ehtimalı müzakirə olunsa da, ABŞ eyni vaxtda Yaxın Şərqdə hərbi gücünü artırır. Pentaqonun minlərlə əsgəri, o cümlədən "82nd Airborne Division" elit bölməsini regiona göndərməyi planlaşdırdığı bildirilir. Bu qüvvələr qısa müddətdə yerləşdirilə bilən və sürətli əməliyyatlar üçün nəzərdə tutulmuş bölmə hesab olunur.
Bundan əlavə, ABŞ dəniz qüvvələri də aktivləşdirilib - "USS Boxer" və onu müşayiət edən hərbi gəmilər bölgəyə göndərilib. Mənbələr bildirir ki, bu addımlar yalnız müdafiə xarakteri daşımır, eyni zamanda gələcək mümkün əməliyyatlar üçün hazırlıq məqsədi daşıyır. Artıq regionda on minlərlə amerikalı hərbçinin olduğu qeyd edilir.
Danışıqlar və eskalasiya arasında incə balans
Donald Tramp bir tərəfdən İranla razılaşmanın mümkün olduğunu və danışıqların davam etdiyini desə də, Tehran bu məlumatları təsdiqləmir və yalnız "ciddi və davamlı" təklifləri qəbul edəcəyini bildirir.
Bu isə tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını göstərir. Eyni zamanda, ABŞ daxilində də yanaşmalar fərqlidir. Vensin daha ehtiyatlı və skeptik mövqeyi onun niyə İran tərəfindən daha məqbul tərəfdaş kimi görüldüyünü izah edir.
Ümumilikdə isə mövcud vəziyyət göstərir ki, diplomatik mesajlara baxmayaraq, tərəflər paralel şəkildə hərbi ssenarilərə hazırlaşır. Bu da qarşıdakı dövrdə həm danışıqların, həm də eskalasiyanın eyni vaxtda davam edə biləcəyini göstərir.