“Azərbaycan üçün ən yaxşı çıxış yolu Türkiyə və İsveçrənin II Dünya savaşındakı təcrübəsindən yararlanmaqdır...”
Ekskluziv
534
12:38, Bu gün

“Azərbaycan üçün ən yaxşı çıxış yolu Türkiyə və İsveçrənin II Dünya savaşındakı təcrübəsindən yararlanmaqdır...”

“Bu gün qonşu ərazidəki gərgin hərbi əməliyyatlar durumunda Avropa ilə Asiya arasında yeganə təhlükəsiz yol məhz Azərbaycan üzərindən keçir... Vaxtilə bir müsahibəmdə mən bu yolu “quruda olan “Şüveys kanalı” adlandırmışdım...”
 
“Bu gün əksəriyyət ABŞ/İsrail-İran savaşından, onun İran və ya ABŞ-İsrail cütlüyü, yaxud dünya iqtisadiyyatı üçün necə nəticələnəcəyindən danışır. Halbuki bu gün bizim üçün əsas məsələ Azərbaycanın belə mürəkkəb bir geo-siyasi və iqtisadi-siyasi durumda nə cür davranmalı olmasıdır. Çünki biz iki alovlanan od arasında yerləşirik və burada bizim hansı siyasət yürüdəcəyimizdən çox şey asılıdır.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov Azərbaycanın ABŞ-İsrail-İran savaşında tutmalı olmasından bəhs edərkən səsləndirib.
 
“Hesab edirəm ki, mövcud vəziyyətdə  Azərbaycan üçün ən yaxşı çıxış yolu qonşu Gürcüstanla birlikdə vaxtilə İkinci Dünya müharibəsində Türkiyə və İsveçrənin neytral qalma təcrübəsindən yararlanmaqdır. Bu variant həm xalqımız və dövlətçiliyimizin gələcəyi, eyni zamanda regionda yaranmış gərginliyin tezliklə sonuclanması baxımından optimal ola bilər. Həm də ona görə ki,  bu gün qonşu ərazidəki gərgin hərbi əməliyyatlar durumunda Avropa ilə Asiya arasında yeganə təhlükəsiz yol məhz Azərbaycan üzərindən keçir. Bunu biz mülki təyyarələrin uçuş trayektoriyasından da görürük. Vaxtilə bir müsahibəmdə mən bu yolu “quruda olan “Şüveys kanalı” adlandırmışdım”, -deyə siyasi şərhçi davamında bildirib.
 
“İstisna etmirəm ki, müharibə aparan tərəflər də maraqlı olacaq ki, Azərbaycan ərazisi, belə deyək, cəbhələrin kəsişmədiyi neytral, sabit bir məkan olsun. Yəni hərbi əməliyyatlar ölkəmizə sıçramasın. 
Bir daha təkrar edirəm ki, hazırda biz həddindən çox mürəkkəb bir geo-siyasi vəziyyətdəyik. Azərbaycan dövlətinin yeritdiyi siyasətin də əsas məqsədi odur ki, bu və ya digər tərəf bizi bu savaşa cəlb edə bilməsin. Və nəticədə vəziyyətdən heç bir zərər görmədən çıxmaq mümkün olsun”, - keçmiş xarici işlər naziri vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər