Fevralın 28-dən bəri ABŞ-İsrail koalisiyası ilə İran arasında müharibə davam edir. Maraqlıdır, tərəflər arasında yaxın günlərdə sülh sazişinin imzalanması mümkündürmü?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi,politoloq Azər Qasımov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bir ayına yaxınlaşan ABŞ-İsrail-İran müharibəsinin sülh sazişinə doğru getdiyi xəbərləri gəlir. Hətta sülh sazişi şərtlərinin də olduğunu görürük. Bu xəbərlər fonunda ABŞ Yaxın Şərqə özünün elit birlikləri olan quru qoşunlarını da toplayır. Görünən odur ki, məsələnin arxa planında hələlik yarım qalmış planlar var.
İsrailin bu sülhə isti başlaması fonunda ABŞ-ın İranın hələlik adları bəlli olmayan insanlarla, bəzən də inkar edilən bu sülh danışıqlarının nəticə verəcəyi ehtimalları çox azdır. ABŞ özünü artıq qalib hesab edir. Eynilə İran da geri durmur. Hörmüz boğazı məsələsi də açıq qalır.
Görünən odur ki, proseslər hələlik özünün kulminasiya nöqtəsinə çatmayıb. Tərəflərdən birinin hamının da qəbul etdiyi özünü tam qalib elan etməsi üçün şərait yetişməyib. Bu baxımdan əməliyyatların hələ bir müddət də davam edəcəyi hiss olunur.
Əslində, bu, bir geosiyasi olaraq yeni dünya düzəni formalaşması prosesinin tərkib hissəsi olan bir müharibədir. Burda yarımçıq qalan məsələlər olmayacaq. İran hakimiyyəti qalacaqsa belə onunla elə sülh müqaviləsi imzalanacaq ki, bu, gələcək düzəndə uzun on illər durumu idarə edəcək. Hesab edirəm ki, bunun üçün də tərəflər son məqama kimi müharibəni dayandırmayacaqlar. Böyük ehtimal vardır ki, ABŞ-İsrail cütlüyü ciddi qələbə qazanacaqlar. Sonda İranın da sanksiyaları üzərindən götürüləcək. Yaxın Şərq bundan sonra stabilliyini bərpa edəcək”.
Seymur ƏLİYEV