"UTX rəisinin birinci müavini Aleksandr Poklad tərəfindən şəxsən koordinə edilən xüsusi əməliyyat nəticəsində Rusiya Ordusunda Baş Hərbi Kəşfiyyat İdarəsinin (BKİ-"QRU") gizli qrupu zərərsizləşdirilib və silahla müqavimət göstərən qatil("killer") məhv edilib. Qrupun 10-dan çox üzvü saxlanılıb", - deyə açıqlamada bildirilir.
İstintaqa görə, şübhəlilər Ukraynanın müxtəlif bölgələrində yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlayıblar. Onların arasında Müdafiə nazirinin müşaviri və könüllü Sergey Sternenko, eləcə də 2014-cü ildən bəri Ukrayna uğrunda döyüşən Rusiya vətəndaşı İlya Boqdanov da var.
Cinayətkarlar hərbi qulluqçuların və ictimai xadimlərin ünvanlarını və səyahət marşrutlarını izləyiblər, sonra toplanmış məlumatları qrupun lideri olan rezidentə göndəriblər.
UTX bildirib ki, "O, Rusiya "QRU" tərəfindən işə götürülmüş Poltavadan olan məhkəmə eksperti olub və kəşfiyyat məlumatlarını toplayaraq Rusiya xüsusi xidmət orqanlarına hesabat verib".
Potensial qurbanların məlumatları daha sonra ləğvedici agentə ötürülüb. Qatil əslində Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsindən olub. Orada "QRU" bazasında döyüş təlimi keçib və sonradan Ukraynanın nəzarətində olan əraziyə köçürülüb.
"Müəyyən edilib ki, o, əldəqayırma partlayıcı qurğular hazırlayıb onları qurbanlarının maşınlarının altına və ya evlərinin yaxınlığında yerləşdirib. Qatil "uğursuz" partlayış baş verəcəyi halda rusiyalı kuratorundan qurbanları birbaşa güllələmək üçün təlimat alıb", - deyə açıqlamada bildirilir.
Axtarışlar zamanı şübhəlilərdən odlu silahlar, sursatlar, diktofonlar, kompüter avadanlığı və video-müşahidə kameraları müsadirə edilib ki, bunların hamısı onların Rusiya xüsusi xidmət orqanlarında işlədiklərini sübut edir.
"Əməliyyatın uğuru əsasən düşmən sıralarına sızılması və Poltava vilayətindəki Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat zabitlərinin fəal işi, eləcə də müvəqqəti işğal olunmuş ərazidə bir sıra operativ və döyüş əməliyyatları sayəsində əldə edilib. Təhlükəsizlik Xidmətinin mənbələri hökumətin nəzarətində olan ərazidə yerləşdirilib və təhlükəsizdir", - deyə Təhlükəsizlik Xidməti vurğulayıb.
Saxlanılanlar Ukrayna Cinayət Məcəlləsinin beş maddəsi ilə, o cümlədən hərbi vəziyyət altında olan bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd yolu ilə törədilmiş dövlətə xəyanətdə (28-ci maddənin 2-ci hissəsi, 111-ci maddənin 2-ci hissəsi) şübhəli bilinirlər. Onları əmlakları müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.
S.Laçın