“Tramp müharibəni seçkilərə qədər təxirə salmaq və saxta qələbə şüarı ilə çıxış etmək istəyir...”
“ABŞ-da da eynilə İran kimi, hərbi qüvvələr ilə siyasi iradə arasında fikir ayrılıqlarının yaşanır...”
Bəzi versiyalara görə, Tramp İranla danışıqlara cəhd edir ki, 4-5 günlük fasilə edib quru əməliyyatlarına hazırlaşsın. Görəsən, ABŞ belə bir əməliyyata gedərmi? Gedərsə, bu nə ilə nəticələnər? Vyetnamda, Əfqanıstandakı kimi neçə illik hərbi-siyasi bataqlığa düşər, yoxsa minimal uğurlar əldə edib, məsələn, Xarq adasını zəbt edib, Hörmüzə nəzarəti götürə, yaxud İrandakı zənginləşdirilmiş uranı tapın kənara çıxa bilər?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a bildirib ki, İran-ABŞ/İsrail savaşının tezliklə bitəcəyinə inanmır:
“Savaş elə bir düyündə kilidlənib ki, tərəflərdən biri döyüşlərdən çəkilsə, məğlub olmuş kimi görünəcək. Nə ABŞ, nə İsrail, nə də İran bu perspektivlə razılaşar. Bütün qalıcı sülh danışıqları kimi, bu savaş da “qazan-qazan” görüntüsü verməli, bütün tərəflər öz ictimai rəylərinə “biz qazandıq” deyə bilməlidir. Hətta məğlub tərəfin də özünü əsaslandırması üçün hansısa saxta “qələbə” arqumentindən yapışmasına ehtiyacı var. Fikrimcə, son günlər tərəflərin verdiyi bəyanatlar da buna xidmət edir. Bilirsiniz ki, ABŞ prezidenti Donald Tramp ötən gün İranla danışıqlara başladıqlarını və bir çox mühüm məsələlərdə razılaşma əldə etdiklərini bildirmişdi. İran tərəfi dərhal bu iddianı rədd etmiş və ABŞ-la heç bir danışıqların getmədiyini dilə gətirmişdi. Daha sonra isə danışıqların Pakistanda aparıldığını, İran tərəfindən bu müzakirələrə qatılan heyətə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi iddia olunmuşdu. ABŞ-ı isə danışıqlarda ölkənin vitse-prezidenti C.D. Vensin təmsil edəcəyi gözlənilir. Məlumdur ki, bu zamana qədər ABŞ tərəfindən danışıqları Stiv Vitkoff və Cared Kuşner, İran tərəfindən isə xarici işlər naziri Abbas Əraqçı aparırdı. Məlumat doğrudursa, bu, müzakirəçilərin statusunun artırıldığını göstərir. Bu isə o zaman baş verir ki, daha aşağı ranqlı diplomatlar danışıqların ilkin mərhələsini tamamlayır və estafeti daha yüksək rütbəli siyasi xadimlərə ötürürlər. Əgər belədirsə, bu fakt Trampın heç də məlum bəyanatı sırf manipulyasiya xətrinə vermədiyini, həqiqətən də müzakirələrdə önəmli mərhələnin aşıldığını göstərir...
Maraqlıdır ki, İran tərəfində bir çox mühafizəkar kəsimlər danışıqların aparıldığını israrla inkar etsələr də, verilən bəzi bəyanatlar Trampın iddialarını təsdiqləyir. Məsələn, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Laricaninin yerinə gətirildiyi güman olunan Səid Cəlili ötən gün paylaşdığı bir statusunda yazıb: “Əvvəlcə deyirdilər: "Hörmuz boğazı açıq olmalıdır". Sonra bəyan etdilər: "Gəmiləri biz sığortalayacaq, onları müşayiət edəcəyik". İndi isə deyirlər: "Biz hazırıq Hörmüz boğazını İranla birlikdə idarə etməyə". Bu, məhz geri çəkilmənin tərifidir. İranın gücü ABŞ-ı faktlarla hesablaşmağa məcbur etdi». Göründüyü kimi, Səid Cəlili bu statusunda açıq deməsə də, dolayısıyla danışıqların aparıldığına və Hörmüz boğazını birgə idarə etmək barədə razılıq əldə olunduğuna eyham vurur. Və faktiki olaraq Hörmüzün idarəçilik haqqını ABŞ-la bölüşmələrini İranın zəfəri olaraq xarakterizə edir. Halbuki, Hörmüzə nəzarət ABŞ-ın ən önəmli gizli məqsədlərindən biri idi. Bu su hövzəsinə nəzarət etməklə Vaşinqton Çinin böyüməsinin təməl səbəblərindən birini ələ keçirmək və onu istədiyi kimi yönləndirmək istəyirdi. Necə ki, “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhlizinə nəzarət etmək üçün Ermənistanla “TRİPP” sazişi bağlamış və Rusiyanın bu xətt üzərindəki hegemonluq iddiasını ələ keçirmişdir. Cəlilinin iddiasından belə anlaşılır ki, Hörmüz boğazında da ikinci “TRİPP” nəzarət-buraxılış məntəqəsi yaradılacaq və məntəqə ABŞ-ın ixtiyarına veriləcək...”
Ardınca analitikin fikirlərindən belə bir iddia doğur ki, SEPAH qüvvələrinə qarşı mübarizə də Tehranın razılığı əsasında həyata keçirilir...
“Ən maraqlısı isə odur ki, İranla danışıqların getdiyi və önəmli razılaşmaların əldə olunduğu bir zamanda ABŞ onu bombalamağı dayandırmayıb və SEPAH-a bağlı hərbi hissələr bir-bir sıradan çıxarılır. Bu da istər-istəməz belə bir fikir formalaşdırır ki, SEPAH qüvvələrinə qarşı mübarizə də Tehranın razılığı əsasında həyata keçirilir. Görünür, İran danışıqlarda SEPAH-ın hərbi potensialını və nüvə zənginləşdirmə bazalarını məhv etməklə razılaşsa da, bunu özü həyata keçirə bilmir və missiyanı ABŞ-ın ixtiyarına buraxıb. Bu isə onu göstərir ki, İran siyasi iradəsində vahid fikir birliyi yoxdur və müxtəlif mövqelərə parçalanma ən aşırı uclara qədər yayılıb. Hətta Səid Cəlili kimi ən radikal siyasi xadim belə, ABŞ-ın şərtləri ilə razılaşırsa, bu, İranın reallıqlarla hesablaşmada nə qədər ciddi “irəliləyişlərə” hazır olduğunu göstərir”, - həmsöhbətimiz belə deyib.
Heydər Oğuzun fikrincə, bütün bunlara baxmayaraq, ABŞ-ın İranla əldə edəcəyi ilkin razılaşmalar müvəqqəti olacaq:
“Bunun səbəbi ABŞ-ın İrandan gözləntilərinin böyüklüyü ilə bağlıdır. Ötən ilin sonlarında ABŞ-ın strateji məqsədləri kimi qəbul etdiyi “Milli Təhlükəsizlik Strategiyası-2025” dokrtinasında açıq şəkildə göstərilir ki, o, Şərq yarımkürəsindən çəkilmək istəsə də, Hörmüz boğazının rəqiblərin əlinə keçməsi ilə razılaşmayacaq və bu su hövzəsini tamamilə öz nəzarəti altına alacaq. Yəqin ki, son danışıqlarında bu hədəfinə böyük ölçüdə çatan ABŞ İrana tam nəzarət etmək imkanı qazanmayıb. Amma Hörmüz boğazına nəzarət etmək üçün İranla apardığı müharibə də Tramp hakimiyyəti üçün baş ağrısına çevrilə bilər. Ən azı ona görə ki, bu ilin payız aylarında ABŞ-da aralıq Konqres seçkiləri keçiriləcək və Trampın rəhbərlik etdiyi Respublikaçılar partiyasının seçkilərdən qalib çıxmaq problemi var. Respublikaçılar partiyası seçkilərdə uduzsa, Tramp da öz deyimləri ilə desək, “topal ördəyə” çevriləcək və hətta impiçmentlə də üzləşə bilər. Odur ki, müharibəni seçkilərə qədər təxirə salmaq və saxta qələbə şüarı ilə çıxış etmək istəyir. Yəqin ki, İranla son hesabını isə bu seçkilərdən sonra aparacaq. Onsuz da üçüncü dəfə seçilmək hüququ olmayan Tramp “İranla savaşı qazanan ABŞ prezidenti” kimi tarixə düşmək şansı ilə razılaşmalı olacaq...”
O ki qaldı, müharibənin Vyetnam və ya Əfqanıstan sindromuna çevrilmə ehtimalına, siyasi şərhçi bunu da istisna etmir. Onun fikrincə, ABŞ prezidenti Donald Trampın Konqresdən İranla müharibə üçün 200 milyard dollar istəməsi və Pentaqonun bölgəyə hərbi sursat göndərməyi dayandırmaması da müharibənin uzun illər davam edəcəyini göstərir:
“Təsəvvür edin, prezident Donald Tramp İranla sülh danışıqlarına başlamaları barədə bəyanat verəndən dərhal sonra Pentaqonun Yaxın Şərqə baxan ordu hissəsi – “CENTCOM” bəyanat verərək İranı bombalamaq fikrindən daşınmadıqlarını bildirdi. Bu isə ABŞ-da da eynilə İran kimi, hərbi qüvvələr ilə siyasi iradə arasında fikir ayrılıqlarının yaşandığından xəbər verir. Hər iki ölkədə son qərar isə adətən hərbçilərə aid olur. Hərbçilərin müharibəni davam etdirmək çağırışları və ABŞ-ın SEPAH-ı tamamilə bitirmək istəyi müharibənin illərlə uzanacağını göstərir. Çünki İran Venesuela deyil və bir çox iranlıların iliyinə qədər işləmiş cihad fikri bir neçə aylıq, yaxud illik bombardmanla çıxmaz. Üstəlik, Çin, Rusiya kimi hərbi dövlətlər də İranın tezliklə təslim olmasını istəmirlər və onlar bacardıqları qədər onu savaşa həvəsləndirə bilərlər. Nəticədə olan İran xalqına olacaq və yəqin ki, ölkənin bütün infrastrukturu bir daha özünə gəlməyəcək qədər dağılacaq. Bunun üçün isə uzun illərlə davam edən müharibə lazımdır”.