“Newsmax” nəşrinin məlumatına görə, ABŞ İranla gərginliyin artdığı bir dövrdə minlərlə dəniz piyadası və hərbi texnikanı Yaxın Şərqə göndərir, eyni zamanda Hörmüz boğazında əməliyyatlara başlayır. Paralel olaraq Avropa ölkələri və Yaponiya bu strateji marşrutda təhlükəsizliyin təmin olunmasını tələb edir. Nəzərə alsaq ki, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas arteriyalarından biridir, bu proseslərin hərbi eskalasiyaya keçməsi dünya enerji bazarına, xüsusilə neft-qaz qiymətlərinə və Azərbaycanın ixrac imkanlarına necə təsir göstərə bilər? Bu risklər əsasında Azərbaycan hansı qabaqlayıcı addımları atmalıdır?
Yaranmış sualları Moderator.az itiqlalçı millət vəkili Vahid Əhmədova ünvanlayıb.

Vahid Əhmədov qeyd edib ki, ABŞ və İran arasında olan müharibə əsasən dünya enerji bazarına mənfi təsir göstərir və göstərməkdə də davam edəcək:
"Burada əsas məqamlardan biri də, qeyd etdiyiniz kimi, Hörmüz boğazının bağlı olmasıdır. Bu boğaz faktiki olaraq İranın SEPAH təşkilatının nəzarəti altında olan strateji bir keçiddir və dünya enerji sistemində çox mühüm rol oynayır. Çünki dünya enerji tələbatının təxminən 22%-i məhz bu boğaz vasitəsilə daşınır.
Bu səbəbdən də boğazın fəaliyyət göstərməməsi dünya enerji sisteminə çox ciddi təsir edə bilər.
Artıq bu məsələ ilə bağlı bir çox ölkələr, xüsusilə Avropa dövlətləri, Yaponiya və digərləri hesab edirlər ki, boğaz açıq qalmalı və bu istiqamətdə İrana təsir göstərilməlidir.
Ən ciddi məqamlardan biri də İranda hakimiyyət strukturu ilə bağlıdır.
Faktiki olaraq ölkədə yalnız prezident seçilmiş hakimiyyət nümayəndəsi hesab olunur, digər strukturlar isə daha çox qeyri-seçkili mexanizmlərlə idarə olunur və silahlı qüvvələr də bu sistemə tabedir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir".
İtiqlalçı millət vəkili qeyd edib ki, artıq ABŞ və İran nümayəndələri arasında müəyyən danışıqların aparıldığı da bildirilir:
"Bu danışıqların məqsədi müharibənin qarşısını almaq və ya gərginliyi azaltmaqdır. Lakin İran bu görüşlərə tam hazır görünmür. Digər tərəfdən, ABŞ regiona əlavə hərbi qüvvə və texnika cəmləşdirir. Bu isə vəziyyətin daha da gərginləşə biləcəyini göstərir.
Bütün bunların hansı nəticələrə gətirib çıxaracağını dəqiq proqnozlaşdırmaq çətindir. Lakin aydındır ki, bu proseslər dünya üçün ciddi problemlər yarada bilər.
Bəzi hallarda bu gərginliklərin daha genişmiqyaslı münaqişələrə, o cümlədən Üçüncü Dünya Müharibəsinə çevrilə biləcəyi ehtimalı da səsləndirilir. Çünki İranı dəstəkləyən dövlətlər də mövcuddur – Rusiya, Çin və digərləri.
Bu kontekstdə region ölkələri üçün sabitliyin qorunması çox vacibdir.
Azərbaycan öz dövlət təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addımlar atıb. Enerji sahəsinə gəldikdə isə hazırda Azərbaycan üçün ciddi problem müşahidə olunmur. Əksinə, dünya bazarında neftin qiymətinin artması ölkə iqtisadiyyatı üçün müəyyən üstünlüklər yaradır. Dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində götürülsə də, hazırda qiymətlər 125 dollara yaxınlaşır.
Lakin Hörmüz boğazının uzun müddət bağlı qalması qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər. Xüsusilə də neft idxal edən ölkələr üçün bu, ciddi problemlər yarada bilər".
Vahid Əhmədov qeyd edib ki, Azərbaycan üçün bu müharibənin tezliklə başa çatması çox vacibdir:
"Çünki İran qonşu dövlətdir və ölkələrimiz arasında ciddi iqtisadi və siyasi əlaqələr mövcuddur. Müharibənin uzanması regionda əlavə risklər yarada bilər, o cümlədən müxtəlif təxribatların baş verməsi ehtimalını artırar. Fikir verirsinizsə nə qədər təxribat xarakterli addımlar atırlar ki Azərbaycan və Türkiyəni günahlandırsınlar.
Azərbaycan isə öz mövqeyini açıq şəkildə ifadə edib. Ölkə rəhbərimiz hər zaman qeyd edibdir ki, Azərbaycan ərazisindən heç bir dövlətin hərbi məqsədlər üçün istifadə etməsinə icazə verilməyəcək. Bu prinsip daim qorunur və dövlət tərəfindən təmin olunur".
Pərvin Şakirqızı