35 ilin məşhur kosası taksi sürücüsü işləyir: “İşsizlikdən, imkansızlıqdan...”-ÖZƏL+FOTO
Ekskluziv
1027
19:42, Bu gün

35 ilin məşhur kosası taksi sürücüsü işləyir: “İşsizlikdən, imkansızlıqdan...”-ÖZƏL+FOTO

“Bilirsiniz ki, bütün televiziyalarda hazırda islahatlar aparılır. Bu islahatların kobud desəm bir ucu da bizə dəyir. Əslində bayağı verilişlərin ləğvini, bəzi müğənnilərin efir məhdudiyyətini alqışlayıram. Mən 1990-cı ildən “İrs” folklor ansamblı ilə ilk dəfə Aztv-də işə başlamışam. Bu gün hansı televiziyalarda folklorumuza aid verilişlər efirə gedir?! Əlbəttə ki, heç birində. Çünki bayağılıq hər şeyi üstələyib. İndi də kosa və keçəli animatorlar əvəz edir. Başlarına özlərindən də böyük kosa papağı keçirib, oyunbazlıq, hoqqabazlıq edirlər. Görünür efirlərə baməzəlik lazımdır. Mən belə insanların efirlərə çıxmasının əleyhinəyəm”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Qafar Novruzlu deyib. O daha sonra əlavə edib:


“1997-ci ildən mən Novruz bayramında, dövlət tədbirlərində prezidentlərlə çıxış etmişəm. Mən kosa obrazını yad müdaxilələr etmədən göstərmişəm. Televiziyalarda mənə imkan vermirdilər ki, çərşənbələrin mahiyətindən, Novruzun tarixindən danışaraq gəncləri, yeniyetmələri maarifləndirim. Son illər kosa və keçəli efirlər dilənçi və klon kimi göstərirdi. Bizim o qədər meydan oyunlarımız var ki.. İtib gedir axı! Onların badına bizim kimi peşəkarlar da işsiz qaldı, efirlərdən uzaqlaşdı. Efirlər bizləri çağırmadı” deyə sənətkar bildirib.


Qafar Novruzlu deyir ki, hazırda maddi vəziyyəti o qədər də ürəkaçan deyil:


“Bilirsiniz ki, kosa obrazı ildə bir dəfə meydana çıxır. Şirkətlər çağırır, pullu tədbirlərə gedirəm. Onlar oturub məni dinləyirlər. İnsanlarla sual-cavab edirəm, maarifləndirirəm. Axı bu sənəti hamı mənim kimi təbliğ etmir. Çox təəssüf ki, kosa sifarişləri ildə bir dəfə olur. İlin 11 ayı işsizəm. Məcbur olub taksilik fəaliyyəti ilə məşğul oluram. Nə edim, oturub ildə bir dəfə olan Novruzu gözləyim?! Başqa çıxış yolum yoxdur. Bu qədər illər ərzində nə qədər dövlət adamları ilə, ölkə başçıları ilə görüşmüşəm. Bir dəfə də öz şəxsimə görə ağız açıb heç nə istəməmişəm. Mədəniyyət Nazirliyinə də, Suraxanı Rayon İcra Hakimiyyətinə də məktub yazıb, maddi vəziyyətim, dolanışığım haqda məlumat vermişəm. Öz-özümə dedim ki, görüm kosa yada düşürmü?! Heç birindən kömək gəlmədi. Nazirlikdən isə dedilər ki, baxacağıq. Neçə dəfədir mənə belə cavab verirlər” deyə sənətçi bildirib.

Link kopyalandı!
Son xəbərlər