Müdafiə Nazirliyindən möhtəşəm addım: Yeni konsepsiya ordu və çağırışçıların həyatında nələri dəyişəcək?
Ekskluziv
704
21:29, Bu gün

Müdafiə Nazirliyindən möhtəşəm addım: Yeni konsepsiya ordu və çağırışçıların həyatında nələri dəyişəcək?

Məlum olduğu kimi, ordumuzda aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarığından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. Belə ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant" hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər. Bu kateqoriyadan olan çağırışçılar zabit vəzifələrində xidmət etdikləri dövrdə aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.

Azərbaycan Ordusunda aparılacaq bu islahat istər ordumuzun güclənməsi, istərsə də çağırışçıların şəxsi karyerasının formalaşması mühüm əhəmiyyətə malikdir. Bu yeniliyin nə qədər önəmli və prinsipial xarakter daşıdığını anlamaq üçün bəzi nüanslara diqqət yetirmək kifayətdir.

Orduda “hərbi həkim bolluğu” və kadr ehtiyatı...

Qeyd olunduğu kimi, məlum yenilik ali tibbi təhsili olan çağırışçılara 1 il ərzində orduda “leytenant” hərbi rütbəsində hərbi həkim kimi işləmək imkanı yaradır ki, bu da orduda “hərbi həkim bolluğu”nun yaranması, şəxsi heyətin tibbi təminatının daha da yüksəldilməsi deməkdir. Ali tibbi təhsili olan çağırışçıların hərbi həkim kimi xidmətə cəlb edilməsi orduda həkimə olan tələbatın etibarlı şəkildə təmininə imkan verəcək, şəxsi heyətin tibbi xidmətlərdən daha çevik və yüksək səviyyədə faydalanmasını sitimullaşdıracaq.

Bundan başqa, sözügedən yenilik ordunun tibbi kadr ehtiyatının formalaşmasına da öz müsbət təsirini göstərəcək. Bu yenilik imkan verəcək ki, ehtiyatda hərbi həkimlərdən ibarət ciddi kadr ehtiyatı formalaşsın. Hansı k, tələbat yarandığı təqdirdə həmin ehtiyat qüvvəni dərhal orduya cəlb etmək, onların xidmətindən faydalanmaq mümkün olsun.

Çağırışçılar üçün yeni fürsət: Zabit mundiri, maddi qazanc və sevdikləri peşə ilə məşğul olmaq imkanı...

Müdafiə Nazirliyində həyata keçirilən məlum islahatlar ai tibbi təhsilə malik çağırışçılar üçün də böyük fürsətlər və yüksəliş imkanı deməkdir.

Hər şeydən öncə, bu yenilik ali tibb təhsilli çağırışçılara zabit mundiri geyinmək, həqiqi hərbi xidmətlərini zabit kimi başa vurmaq imkanı yaradacaq ki, bu da böyük şərəf və məsuliyyət deməkdir. Bundan başqa, onlar bu 1 il ərzində öz sevdikləri peşə ilə - həkimliklə məşğul olacaqlar ki, bu da onlara universitetdə əldə etdikləri bilik və bacarıqları qoruyub saxlamağa, inkişaf etdirməyə, praktiki müstəvidə zəngin təcrübə əldə etməyə imkan verəcək.

Xidmət müddətində bu kateqoriyadan olan çağırışçılar həmçinin, aylıq məvaciblə təmin olunacaqla. Stabil qazanc bu şəxslərin, eləcə də onların ailələrinin sosial təminatının yüksəldilməsinə böyük töhfə verəcək. Yəni bu şəxslər ailələrinin dolanışıq qayğısından azad olunacaqlar ki, bu da onlara öz xidmətlərini yüksək motivasiya şəraitində davam etdirməyə imkan verəcək.

Göründüyü kimi, hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya həm dövlətin, həm də vətəndaşların maraqları baxımından son dərəcə əhəmiyyətli və faydalıdır. Bu yenilik Azərbaycanın təhlükəsizliyinin qarantı olan ordunun daha da güclənməsi ilə yanaşı, ali tibbi təhsilli çağırışçıların da sosial təminatının yüksəldilməsi deməkdir. Bu isə o deməkdir ki, məlum islahatdan qazanan Azərbaycan Ordusu, Azərbaycan dövləti, Azərbaycan vətəndaşı olacaq!

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər