Ruslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib
Moderator.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb.
Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.
Seymur ƏLİYEV




