Ekskluziv
860
11:51, Bu gün

"İrandakı dəyişikliklər daxildən gəlməsə, bu, böyük, qanlı xaosla nəticələnə bilər...”

“Bəzi analitiklər İranla bağlı ssenariləri Qəzza ilə müqayisə etməyə çalışırlar. Lakin bu müqayisə tam uyğun deyil. Qəzza çox kiçik əraziyə və məhdud hərbi imkanlara malikdir. İran isə geniş ərazi və ciddi hərbi potensiala sahi böyük bir dövlətdir. Həm də Qəzza ilə İsrail coğrafi olaraq bitişikdir...”
 
“İsrailin təkbaşına uzunmüddətli və genişmiqyaslı bombardman kampaniyası apararaq İranı tam şəkildə hərbi cəhətdən çökdürməsi ehtimalı olduqca azdır...”
 
“İran xalqları öz aralarındakı gizli və ya açıq münaqişələrdən sıyrılıb siyasi birlik yarada bilməsələr, mövcud sistemin ömrü uzanacaq...”
 
“Sizcə, İran rejiminin, eləcə də SEPAH-ın təslim olmayacağı, paralel olaraq xalqın etirazçı hissəsinin dəstəyi ilə yeni dünyəvi hakimiyyət qurulması üçün birləşdirici bir fiqurun meydana çıxmayacağı təqdirdə elə bir ssenari yetişə bilərmi ki, ABŞ meydandan çəkilsin, İsrail isə Qəzzada “HƏMAS”-la qarşıdurma halında olduğu kimi, rejimi tam məhv edənədək İran ərazisini bombalayaraq yerlə bir etmək və nəticədə dinc əhalini də soyqırıma məruz qoymaq yolunu tutsun?” 
 
Bu sualla müraciət etdiyimiz  ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı, təhlilçi Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:
“İran ətrafında davam edən müharibə və artan gərginlik bir çox suallar doğurur. Bunlardan biri də sizin sualınızla bağlıdır: əgər İran rejimi və onun əsas güc strukturlarından olan SEPAH təslim olmazsa və eyni zamanda ölkə daxilində etiraz edən qüvvələri birləşdirə biləcək yeni, dünyəvi siyasi lider ortaya çıxmazsa, belə bir ssenari mümkündürmü ki, ABŞ meydandan çəkilsin və İsrail uzun müddət davam edən bombardmanlarla İranı hərbi baxımdan çökdürməyə çalışsın?..
 
Nəzəri baxımdan beynəlxalq siyasətdə bir çox ssenari mümkün görünə bilər. Lakin praktik baxımdan belə bir inkişaf ehtimalı olduqca məhduddur. Bunun əsas səbəblərindən biri İranın ölçüsü, əhalisi və hərbi potensialıdır. İran Yaxın Şərqin ən böyük və ən çox əhaliyə malik dövlətlərindən biridir. Əhalisi 90 milyonun üzərində olan İran olduqca geniş bir əraziyə malikdir. Bu isə o deməkdir ki, İranı yalnız hava hücumları ilə tam şəkildə sıradan çıxarmaq və ya “yerlə bir etmək” real hərbi strategiya kimi çox çətin görünür...
 
Kənar qüvvələrin dəstəyi olmadan İsrailin İranı məğlub etməsi praktiki cəhətdən mümkün görünmür. İran həm 12 günlük müharibə zamanı, həm də günümüzdə hərbi üstünlüklərini də nümayiş etdirdi. Ona görə də kənardan dəstək almayan bir İsrail İranla açıq hərbi əməliyyata girişməyi strateji baxımdan doğru hesab etməz. İsrail regionda texnoloji və hərbi baxımdan ən güclü dövlətlərdən biri olsa da, İranın coğrafi ölçüləri və hərbi imkanları ilə müqayisədə xeyli kiçikdir. Bu səbəbdən İsrailin təkbaşına uzunmüddətli və genişmiqyaslı bombardman kampaniyası apararaq İranı tam şəkildə hərbi cəhətdən çökdürməsi ehtimalı olduqca azdır. Belə bir ssenari həm də regionda müharibənin daha geniş miqyas almasına gətirib çıxara bilər.
 
Bundan başqa, ABŞ kimi böyük bir gücün regiondan tamamilə çəkilməsi də çox real görünmür. ABŞ uzun illərdir Yaxın Şərqdə strateji maraqlara malikdir. Bu maraqlara enerji bazarlarının sabitliyi, regional təhlükəsizlik və müttəfiqlərlə münasibətlər daxildir. ABŞ birbaşa hərbi əməliyyatlarda iştirak etməsə belə, adətən diplomatik və siyasi təsirini qoruyub saxlayır. ABŞ-ın hazırkı reputasiyası olduqca zədələnmişdir; bunu yenidən gücləndirmək üçün hansı addımları atacağı hələlik məlum deyil, amma bunun üçün çox çalışmalı olacaq. Ayrıca, ABŞ-ın İsraili tamamilə tərk edəcəyinə ehtimal vermək çətindir.
 
İsrail uzunmüddətli və genişmiqyaslı bombardman kampaniyası aparmaq gücünə və potensialına malik olsa və bunu həyata keçirsə, bu, tez və ya gec beynəlxalq reaksiyaya səbəb ola bilər. İran kimi böyük bir ölkənin uzun müddət intensiv hücumlara məruz qalması böyük humanitar fəlakətə və milyonlarla qaçqının yaranmasına gətirib çıxara bilər. Bu halda yalnız region ölkələri deyil, həm də böyük dövlətlər və beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çalışa bilər. Lakin bunların baş vermə ehtimalı olduqca azdır.
 
Bir mühüm məsələ də İran daxilində baş verə biləcək siyasi proseslərlə bağlıdır. Bir çox analitiklər hesab edir ki, ölkənin gələcəyini daha çox daxili siyasi dinamika müəyyən edəcək. Əgər cəmiyyətdə geniş dəstək qazana biləcək və müxtəlif etno-siyasi qrupları birləşdirə biləcək yeni lider və ya siyasi hərəkat ortaya çıxarsa, dəyişiklik ehtimalı daha real görünə bilər. Əks halda, mövcud siyasi sistem zəifləsə belə, uzun müddət davam edə bilər. Qısacası, İran xalqları öz aralarındakı gizli və ya açıq münaqişələrdən sıyrılıb siyasi birlik yarada bilməsələr, mövcud sistemin ömrü uzanacaq...
 
Bəzi analitiklər İranla bağlı ssenariləri Qəzza ilə müqayisə etməyə çalışırlar. Lakin bu müqayisə tam uyğun deyil. Qəzza çox kiçik əraziyə və məhdud hərbi imkanlara malikdir. İran isə geniş ərazi və ciddi hərbi potensiala sahi böyük bir dövlətdir. Həm də Qəzza ilə İsrail coğrafi olaraq bitişikdir, Tehranla Tel-Əviv isə bir-birindən təxminən 1600 km uzaqdadır. Buna görə də eyni hərbi modelin tətbiqi praktiki baxımdan mümkün görünmür.
 
Nəticə etibarilə, İran ətrafında baş verən hadisələrin gələcək inkişafı bir çox amildən asılıdır. Hərbi əməliyyatlar müəyyən rol oynasa da, regionun taleyini əsasən diplomatik proseslər, beynəlxalq münasibətlər və İran daxilindəki siyasi dinamika müəyyən edəcək. Ən təhlükəli ssenari isə münaqişənin genişlənərək bütün Yaxın Şərqi əhatə edən daha böyük qarşıdurmaya çevrilməsidir.
 
Burada üzərində durulması ən vacib olan amil İran daxilindəki siyasi dinamikadır. İrandakı dəyişikliklər daxildən gəlməsə, bu, böyük və qanlı daxili qarşıdurmalara gətirib çıxara bilər. Bu baş verərsə, bölgə uzunmüddətli bir xaosdan qurtula bilməz.
 
Unutmayaq ki, regionun iki potensial problemi də var. Birincisi, hansısa bir məqamda nüvə silahlarından istifadə ehtimalıdır. Bunun baş verməsi təsəvvür edilməsi çətin olan bir insanı fəlakətə gətirib çıxarar. İkincisi isə su qıtlığı ilə bağlıdır. Ehtimal etmək mümkündür ki, əsas mübarizə bir gün neft buruqlarından su quyularına doğru təkamül edə bilər...”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər