“Laricaninin qətlini İran rejiminin süqutunun başlanğıcı kimi təqdim edən ABŞ və İsrail birmənalı şəkildə yanılır...”
Ekskluziv
722
16:46, Bu gün

“Laricaninin qətlini İran rejiminin süqutunun başlanğıcı kimi təqdim edən ABŞ və İsrail birmənalı şəkildə yanılır...”

“İranda qətlə yetirdiyi hər bir siyasi və hərbi xadimi ondan daha amansız və sərt rəhbər əvəz edir...”
 
“İranı faktiki olaraq, kollektiv şüur idarə edir. Qədim türk ənənəsində buna “gənəşmə” deyilirdi...”
 
“İran dövlətinin çöküşünə dəlalət edəcək bir əlamət belə, görünmür…”
 
"Beləliklə, ABŞ-İsrail cütlüyü İranın dini, siyasi və hərbi liderlərini ardıcıl şəkildə qətlə yetirməklə özünün heç bir siyasi və hərbi məqsədinə çatmayacaq...”
 
Tanınmış araşdırmaçı Araz Şəhrili Moderator.az-ın “ABŞ-İsrail cütlüyü İran dövlətinin dini, siyasi və hərbi liderlərini ardıcıl şəkildə qətlə yetirməklə özünün siyasi və hərbi məqsədlərinə çatacaqmı, başqa sözlə desək, bu gedişlə İranın siyasi-hərbi sistemi çökəcəkmi?” sualına cavab olaraq aşağıdakı analitik araşdırma yazını təqdim edib:
“Əvvəlcə onu qeyd edək ki, ABŞ-İsrail cütlüyünün İrandakı canlı hədəfləri üç kateqoriyaya ayrılır:
 
1.Dini rəhbərlik.
2.Siyasi rəhbərlik.
3.Hərbi rəhbərlik.
 
Dini liderlərin öldürülməsi tarixən arzuolunmaz hal sayılıb. Məsələn, 1847-ci ildə fransızlar Əlcəzair müsəlmanlarının rəhbəri Seyid Əbdul Qadiri (1808-1883), 1859-cu ildə isə ruslar Şimali Qafqaz müsəlmanlarının rəhbəri Şeyx Şamili (1797-1871) əsir aldıqdan sonra edam etmədilər. Əksinə, onlara böyük hörmət və ehtiram göstərdilər. Amma belə davranış heç də bütün dövlətlərə xas olmayıb. Misal, 1931-ci ildə Benito Mussolini (1883-1945) rejimi Liviya müsəlmanlarının rəhbəri, yaralı halda İtaliya ordusuna əsir düşmüş Ömər Muxtarı (1858-1931) edam elədi.
 
Onu da nəzərə alaq ki, Seyid Əbdul Qadir, Şeyx Şamil və Ömər Muxtar təkcə dini deyil, həm də hərbi və siyasi rəhbər idilər. Sırf dini liderlərə gəlincə, onların öldürülməsi ümumiyyətlə rasional addım sayılmır. Lakin bunu da edənlər olub. Belə ki, 1845-ci ildə Qacar dövlətində babilərin dini rəhbəri Seyid Əli Muhəmməd Bab (1819-1850) həbs edildi. Uzun sürən məhkəmə proseslərindən, tövbə üçün dəfələrlə şans verildikdən sonra o, edam olundu. Ancaq Seyid Əli Muhəmmməd Babın ölümü babi hərəkatına son qoymadı. Əksinə, ardıcılları arasında onun müqəddəslik statusu daha da möhkəmləndi. Bugün dünyada 20 milyona yaxın babi və bəhai yaşayır...
 
Siyasi rəhbərlərin qətli isə əsaslı bir səbəbə görə məqsədəuyğun deyil. Belə ki, qarşıdurmanın hansısa mərhələsində onlarla danışıq aparıb müəyyən bir razılığa gəlmək mümkündür. Məsələn, bu günədək Rusiya Federasiyası Ukrayna prezidenti Vladimir Zelenski və ətrafının öldürülməsi istiqamətində heç bir addım atmayıb. Bunun səbəbini belə izah edirlər ki, Vladimir Putin diplomatiya üçün qapıları bağlamaq istəmir. Çünki hər bir müharibə haçansa atəşkəs və ya sülh müqaviləsinin imzalanması ilə bitməlidir. Digər səbəb isə odur ki, öldürülən rəhbəri ondan daha xarizmatik, sərt, ağıllı, deməli, daha təhlükəli lider əvəz edə bilər. Siyasi başçının qətli münaqişənin həll yollarını, sözsüz ki, bloklayır və geriyə yol qoymur. Məsələn, israillilər onlarla danışıq aparan İsmail Haniyəni (1963-2024) öldürdülər. Sonra isə Qəzzanı ələ keçirmək üçün daha iki il mübarizə apardılar. Lakin hələ də məqsədlərinə çata bilmirlər...
 
Bununla yanaşı, tarixdən məlumdur ki, bəzən qarşı tərəfin siyasi başçısının aradan götürülməsi müharibəni tez və qələbə ilə bitirməyə imkan verib. Məsələn, İraqın yeni iqtidarı Səddam Hüseyni (1937-2006), Liviyanın silahlı müxalifəti isə (1942-2011) Müəmmər Qəddafini edam etdi. Səddam Hüseyn və Müəmmər Qəddafinin qətli qarşı tərəfə taktiki, eləcə də psixoloji üstünlük qazandırdı. Bunun səbəblərinə nəzər salaq:
 
1.Sözügedən adamlar təkcə siyasi deyil, həm də hərbi rəhbər idilər. Rəqibin hərbi rəhbərlərinin öldürülməsi, sıradan çıxarılması və əsir alınması istənilən ordunun qarşısında duran əsas vəzifələrdən biridir. Müharibə siyasətin digər vasitələrlə (zorakılıqla) davamıdır. Siyasi və hərbi rəhbərliyi eyni şəxs həyata keçirdikdə rəqibin seçim imkanı qalmır. O, əslində, hərbi rəhbəri öldürmək istəyir. Amma məcbur qalıb, necə deyərlər, “bir gülləyə iki dovşan vurur”. Məlum səbəblərə görə, avtoritar sistemlərdə siyasi xətt onsuz da effektli olmadığı üçün hərbi-siyasi rəhbərin aradan götürülməsi vəziyyəti qətiyyən qəlizləşdirmir. Məsələn, ABŞ 2026-cı il yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronu əsir almaqla bu ölkəni faktiki olaraq özünə tabe etdi... 
 
2.Həm Səddam Hüseyn, həm də Müəmmər Qəddafi öz dövlətlərini diktator statusunda idarə edirdilər. Bu isə o deməkdir ki, bütün sistem onların üzərində qurulmuşdu. Diktator öz xalqının əhəmiyyətli bir hissəsinin məhəbbətini qazanmasa, onun hakimiyyəti möhkəm ola bilməz. Diktatura primitiv idarəetmə forması olduğuna görə, cəmi bir yükdaşıyan sütünla tikilmiş, daşları adi palçıqla hörülmüş, bünövrəsi olmayan evə bənzəyir. Ən yüngül zəlzələ onu uçura bilər...
 
Beləliklə,  tarixdən məlum olan idarəetmə tiplərinə nəzər salaq:
 
1.Cinayətkar qrupların idarə etdiyi dövlətlər (qədim Jujan xaqanlığı).
2.Müəyyən bir nəslin idarə etdiyi dövlətlər (körfəzdəki ərəb ölkələri).
3.Biznes strukturların idarə etdiyi dövlətlər (qədim Xəzər xaqanlığı).
4.Ordunun idarə etdiyi dövlətlər (Franko dövrünün İspaniyası).
5.Polisin idarə etdiyi dövlətlər.
6.Xüsusi xidmətlərin idarə etdiyi dövlətlər (Rusiya Federasiyası).
7.Demokratik institutların idarə etdiyi dövlətlər (Avropa ölkələri).
8.Güclü ideologiyaya malik təşkilatların idarə etdiyi dövlətlər (Çin).
9.Din xadimlərinin idarə etdiyi teokratik dövlətlər.
 
Qeyd: 
 
Bəzən bir ölkədə iki-üç tip eyni vaxtda təzahür edə bilər. Bu, xüsusilə 1-5-ci formalara aiddir. Amma hətta bu halda da onların strukturu primitiv səviyyədə qalır. Belə dövlətlər ağır kataklizmlər qarşısında duruş gətirə bilmir.
 
İran isə dini-teokratik dövlətdir. Onu bir nəfər idarə etmir. Hakimiyyət sülalə prinsipi ilə də ötürülmür. ABŞ-İsrail cütlüyünün hücumu nəticəsində Seyid Əli Xamenei qətlə yetirilməsəydi,  onun oğlu Seyid Müctəba Xamenei, böyük ehtimalla, növbəti vəliyyi-fəqih seçilməyəcəkdi. Ümumiyyətlə, belə bir vəziyyət şiəliyin On İki İmam qoluna xas deyil. Bir vacib detalı da qeyd edək: şiəliyə görə, dünyasını dəyişmiş müctəhidin təqlidinə başlamaq olmaz. 
 
Bu gün bəzi siyasi “ekspertlər” iddia edirlər ki, Seyid Əli Xameneinin qətlindən sonra hakimiyyət SEPAH-ın əlinə keçib. Əminliklə bildiririk ki, bunu deyən adamların On İki İmam məzhəbi, onun üsuli forması barədə elementar təsəvvürləri belə yoxdur. İranı bu məzhəbin ardıcılları idarə edirlər. Onlar sərt, intizamlı və fədakardırlar. Vəliyyi-fəqihə sözsüz və şüurlu şəkildə tabe olurlar. SEPAH heç bir halda İranın Ali Rəhbərin əmrindən çıxmayacaq. Bu, mümkünsüzdür. Məsələn, indiki Ali Rəhbər Seyid Müctəba Xamenei bəyan etsə ki, hərbi əməliyyatları dayandırın, İran İslam Respublikasının silahlı qüvvələri düşmən tərəfə bir güllə də atmayacaq, rəqibin atəşini belə cavabsız qoyacaq. ABŞ və İsraili idarə edən məsihçilərlə maşiaxçıların, eləcə də bizim “ekspertlərin” anlamadığı da məhz budur. Onlar müqayisəni qüsurlu şəkildə apardıqlarına görə, əldə etdikləri nəticə də başdan-ayağa səhv olur…
 
1979-cu ildən sonra İranda elə bir sistem formalaşdırılıb ki, orada həlledici rol ayrı-ayrı insanlara və ya məhdud qruplara məxsus deyil. İranı faktiki olaraq, kollektiv şüur idarə edir. Qədim türk ənənəsində buna “gənəşmə” deyilirdi. Əmir Teymur Barlas kimi dahi sərkərdə belə heç bir mühüm qərarı təkbaşına qəbul etmirdi. Bu sistemin vacib şərti isə idarəetmənin sağlam təməl və demokratik prinsiplər üzərində qurulmasıdır. Ekspert proqnoz və ya təklif verəndə öz rəhbərinin əhval-ruhiyyəsini, meyil və maraqlarını nəzərə almamalıdır. Daha doğrusu, rəhbərin əhval-ruhiyyəsi, meyil və maraqları iş prosesinə təsir göstərməməlidir… 
 
Maraqlıdır ki, Tramp rejiminin hökm sürdüyü ABŞ-da bunun tam əksi müşahidə olunur. İranla müharibə əleyhinə əsaslı şəkildə etiraz edən hər bir general və ya analitik xidmətdən qovulur, cəzalandırlır, yaxud istefaya gedir. Nəticə isə göz qabağındadır. Hər bir yeni səhv növbəti səhv üçün şərait yaradır. Məsələn, cari il martın 17-də israillilər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini avia-zərbə ilə qətlə yetirdilər. Onun ölümünü ABŞ-İsrail cütlüyü müharibənin az qala qırılma nöqtəsi, İran rejiminin süqutunun başlanğıcı kimi təqdim edir və yenə də birmənalı şəkildə yanılır…
 
ABŞ-İsrail cütlüyünün İranda qətlə yetirdiyi hər bir siyasi və hərbi xadimi ondan daha amansız və sərt rəhbər əvəz edir. Əli Laricanini konservator kimi tanıyan qərblilər belə, onun bir sıra məsələlərə praqmatik yanaşdığını etiraf edirlər. Əslində isə, Əli Laricani radikal və barışmaz şəxs deyildi. İndi onu daha mülayim və liberal dövlət xadimi əvəz edəcəkmi? Zənnimizcə, yox! Təcrübə və biliyə gəlincə, müşahidə onu göstərir ki, yeni təyin edilənlər öz sələflərindən təcrübəsiz və biliksiz olmurlar...
 
ABŞ 2020-ci il yanvarın 3-də İranın məşhur sərkərdəsi Qasim Süleymanini, İsrail 2025-ci ilin iyununda İranın ən tanınmış siyasi və hərbi xadimlərini, yenə də ABŞ və İsrail 2026-cı il fevralın 28-də İranın Ali Rəhbəri Seyid Əli Xameneini, siyasətçilərini və generallarını qətlə yetirdi. Bütün bunlardan sonra nə dəyişdi? Əslində, dəyişiklik kifayət qədərdir. Gəlin sadalayaq: 
 
- ABŞ-ın Yaxın Şərqdəki bütün bazaları darmadağın edilib. 
- Körfəzin sülalə dövlətlərinin dayaqları laxlamağa başlayıb. 
- İsrail intensiv və dağıdıcı raket-dron zərbəsi altındadır.
- İran körfəzi ABŞ və müttəfiqlərinin üzünə bağlanıb. 
-  ABŞ-ın beynəlxalq nüfuzu ayaqlar altına atılıb.
- Donald Trampın bütün atəşkəs təklifləri rədd edilir.
- İran dövlətinin çöküşünə dəlalət edəcək bir əlamət belə, görünmür…
 
Qeyd: 
 
Tramp rejiminin diplomatik danışıqlar prosesində namərdliklə avia-zərbələr endirib, BMT-nin üzvü olan ölkənin dini-siyasi rəhbərliyini qətlə yetirməsi, körpə uşaqları və mülki əhalini kütləvi şəkildə öldürməsi, tarixi-mədəni abidələri, məktəb və xəstəxanaları dağıtması, öz müttəfiqlərini qoruya bilməməsi, dünyanı siyasi və iqtisadi xaosa sürükləməsi ABŞ-ın beynəlxalq nüfuzuna artıq elə bir zərbə vurub ki, onun yenidən düzəlməsi üçün uzun illər və gərgin fəaliyyət lazım olacaq… 
 
Beləliklə, ABŞ-İsrail cütlüyü İranın dini-siyasi və hərbi liderlərini ardıcıl şəkildə qətlə yetirməklə özünün heç bir siyasi və hərbi məqsədinə çatmayacaq, başqa sözlə desək, bu zərbələr İranın siyasi-hərbi sistemini çökdürməyəcək…
 
Müəllif: Araz Şəhrili”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər