Bizi sosial şəbəkələrdən izləyin:
“Zənnimcə, İran məğlub olacaq. Bununla da Avropa Birliyi daha da qüdrətlənəcək və Ukraynaya daha ciddi kömək göstərəcək ki, nəticədə bu dövlət də öz torpaqlarını azad edəcək...”
“Ukraynaya Rusiyanın davam edən təcavüzü yeni dünya düzəninin qurulması, dünyada yeni qaydaların formalaşması baxımından daha böyük əhəmiyyətə malikdir. Ona görə ki, əgər Ukrayna Rusiyanı öz ərazilərindən çıxarıb ərazi bütövlüyünü təmin etsə, Avropa Birliyi Amerikanı da ötərək dünya nəhənginə çevriləcək. Nəticədə dünyadakı proseslər Avropanın, Avropa Birliyinin diktəsi, onun proqramı əsasında nizamlanacaq. Əks təqdirdə - yəni Rusiyanın Ukraynanı diz çökdürə bilib qalib gələcəyi təqdirdə bəşəriyyətin gələcəyi Rusiya, ABŞ və Çinin hegemonluğu şəraitində müəyyənləşəcək. Bu halda yeni dünya düzəni əslində yeni müstəmləkə sistemi kimi formalaşacaq.”
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında Ukrayna və İran savaşlarından bəhs edərkən səsləndirib.
“Sözsüz ki, İranın ABŞ-İsrail cütlüyünə məğlub olması Rusiya üçün də böyük itki deməkdir. Bu eyni zamanda Ukraynanın mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Ona görə də, əlbəttə, bu müharibənin sonunu və ondan sonra Amerika və Avropanın Ukraynaya kömək baxımından necə davranacaqlarını gözləmək lazımdır. Burada ABŞ-ın mövqeyi daha önəmli rol oynayacaq. Ancaq zənnimcə, İran məğlub olacaq. Bununla da Avropa Birliyi daha da qüdrətlənəcək və Ukraynaya daha ciddi kömək göstərəcək ki, nəticədə bu dövlət də öz torpaqlarını azad edəcək. Və bu minvalla dünyadakı əvvəlki balans, əvvəlki tarazlıq qorunub saxlanacaq”, -deyə davamında politoloq diqqətə çatdırıb.
Sultan Laçın