“Ukrayna-Rusiya savaşı heç bir halda arxa plana keçə bilməz, çünki...”
Ekskluziv
364
16:28, Bu gün

“Ukrayna-Rusiya savaşı heç bir halda arxa plana keçə bilməz, çünki...”

Artıq iki həftədən çoxdur ki, ABŞ-İsrail koalisiyası ilə İran arasında müharibə davam edir.

Maraqlıdır, bu qarşıdurma Rusiya-Ukrayna müharibəsinin dünya dövlətləri və beynəlxalq ictimaiyyətin nəzərində arxa plana keçməsi ilə nəticələnə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva, bu ehtimalın real görünmədiyini vurğulayıb:

“Ukrayna-Rusiya savaşı heç bir halda arxa plana keçə bilməz. Bu Qərbin öz savaşıdır. Avropanın Rusiyaya qarşı mübarizəsidir. İran hərbi isə İsrail və ABŞ-ın döyüşüdür. Hazırda Rusiya və Ukrayna arasındakı savaşın bu tezliklə bitməsi inandırıcı görünmür. Ona görə ki, nə hərbi, nə də diplomatik müstəvidə tərəflərdən hər hansı birinin üstünlüyü ciddi şəkildə nəzərə çarpmır.

Fikrimcə, bu savaş 2027-ci ilin ortalarına qədər uzana bilər. Ona görə ki, Kiyev və Moskva arasındakı uzlaşma indiki şərtlərdə iflic durumdadır. Öncə tərəflər öz mövqelərində güzəştə getməlidirlər ki, dialoq mühiti formalaşsın. İndiki şəraitdə nə Ukrayna, nə də şimal qonşumuz öz mövqelərindən geri çəkilmək haqqında düşünür. Belə olan təqdirdə savaşın atəşkəs sazişi istisna olmaqla davamı bir il, bəlkə də ondan artıq müddətdə uzana bilər.

Bu arada, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır. O, bu barədə hələ ötən ilin dekabrında bəyanat vermişdi.

Digər tərəfdən, Beynəlxalq Valyuta Fondunun ilkin hesablamalarına görə, müharibə 2026-cı ilin sonuna qədər bitsə belə, Ukrayna yeni maliyyələşdirmə olmadan əhəmiyyətli bir resurs çatışmazlığı ilə üzləşəcək.

Ukrayna üçün narahatlıq yaradan nüanslardan biri də odur ki, Ukrayna 2026-cı ilin ikinci rübünün əvvəlində vəsait almalıdır və yeni maliyyə yardımı əlavə maliyyə yükü yaratmamalıdır. Bundan əlavə, maliyyələşdirmə kifayət qədər çevik olmalıdır. Maliyyə yardımı yükü Kiyevin müttəfiqləri arasında bölüşdürülməlidir.

Rusiya prezidenti Putinin sözlərinə görə, müharibə Rusiya əvvəldən qarşıya qoyduğu məqsədlərə çatanda başa çatacaq. Deməli, savaşın bu tezliklə başa çatması inandırıcı deyil. Çünki danışıqlar masasında ciddi irəliləyiş yoxdur”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər