“Putin Ukraynada uduzduğu kimi, Tramp da İranda geo-siyasi bataqlığa  düşdü...”
Ekskluziv
1232
11:31, Bu gün

“Putin Ukraynada uduzduğu kimi, Tramp da İranda geo-siyasi bataqlığa  düşdü...”

“Qorxulusu odur ki, ABŞ İranda taktiki nüvə bombası tətbiq edə bilər. Hadisələr onu göstərir ki, dünya buna sürüklənir...”
 
“İlk baxışdan doğrudan da belədir. Əslində isə bu saat dünyada baş verən hadisələr bizi 3-cü dünya müharibəsi ərəfəsinə gətirib çıxarıb. Yadınızda varsa, Ukrayna ilə bağlı yazılarda “Rusiya müharibəni uduzarsa, dağılacaq” fikirlərini demişdik. İndi isə ABŞ-ın vəziyyəti Rusiya kimidir.  Vladimir Putin müharibəni başlayandan bir-iki həftə sonra az qalmışdı Kiyevi alsın, ancaq birdən əsgərlərini qırğına verib Donbasa qayıtdı. Məsələ aydın idi, bütün NATO ölkələri Ukraynanın  köməyinə gəlmişdi. Bununla belə, bu ölkələr Ukraynanı Qərbin hərbi poliqonuna çevirdilər və bu saat da eyni dini, etnik və genetik kökdən olan qardaş xalqlar bir-birini qırır”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli "Putin kimi Trampın da qısamüddətli müharibə planı baş tutmadı. Sizcə, bundan sonra İran savaşında hadisələr hansı istiqamətdə inkişaf edəcək?” sualını cavablandırarkən ifadə edib.
 
“İqtisadi aspektdən yanaşsaq, görərik ki bu müharibə ABŞ-ın və Rusiyanın xeyrinədir.  Hərbi sənaye komplekslərini işə salmaqla və müharibə etməklə istər ABŞ, istərsə Rusiya 2000-ci ildən bəri qüdrətli güc mərkəzinə çevrilmiş Avropa İttifaqını dağıdırlar. Bu saat NATO ölkələri ABŞ-ın satelliti  səviyyəsindədirlər və onun  çaldığı zurna ilə oynayırlar. Başqa cür ola da bilməzdi. Geo-siyasi reallıqlar Aİ-nı bu hala salmağı tələb edirdi, əks halda ABŞ SSRİ-nin gününə düşərdi.
 
Donald Tramp birinci prezidentliyi dövründə Ukraynanın Donbas hissəsində rusiyayönlü qüvvələrlə qarşıdurmanı qızışdırsa da, o, nyuproteksionizm siyasətini tamlığı ilə həyada keçirə bilmədi. Onun ardıcıl prezident seçilməsinə isə Aİ mane oldu.  İndi Trampın nyuprokesionizmi öz bəhrəsini verdi və ABŞ dünyada ona qarşı gedən bütün qüvvələri yerində oturtmaq qərarına gəlib. Əlbəttə ki, İranla müharibə də yenicə formalaşmaqda olan güc birliklərini dağıtmaq və Aİ kimi onları da ABŞ-ın diktəsinə tabe etmək  məqsədi güdür”, -deyə davamında həmsöhbətimiz bildirib.
 
Təhlilçi hesab edir ki, Rusiyanın Ukraynada başına gələnlər indi də ABŞ-ın başına İranda gəlir:
 
“İsrail ABŞ-ın Yaxın Şərqdə vuran əli olduğundan İrana qarşı təcavüzə getdi, amma nəticədə Rusiya Ukraynada uduzduğu kimi, İranda da ABŞ geo-siyasi bataqlığa  düşdü. İran açıq və ya gizli şəkildə yeni yaranmış güc birliklərinin köməyinə arxalanaraq güclü hərbi sənaye kompleksi yaradıb və son hadisələr onu göstərdi ki, İran heç də gücsüz dövlət deyil. Dünya isə bu saat çoxqütblülüyə getməsə, dağıla bilər... 
 
Trampın NATO ölkələrini köməyə çağırması və bu ölkələrin rəhbərlərinin açıq şəkildə Amerika liderinə “yox” demələri sizə Rusiyanın KTMT-ni xatırlatmır ki? Həmin quruma üzv ölkələrin çoxu Putinin Ukraynadakı “xüsusi hərbi əməliyyatı”na qarışmadılar... 
 
İndi Yaxın Şərqdə vəziyyət Ukraynadakı kimidir. ABŞ ağlagəlməz çətinliklərlə qarşılaşıb. Odur ki, nəyin bahasına olursa-olsun, müharibəni dayandırmaq istəyir. İran isə buna  getməyəcək, çünki ABŞ proteksionizminə qarşı gedən bütün ölkələr İranı dəstəkləməyə başlayıblar. Bu isə müharibənin Ukraynadakı kimi uzanmasına gətirib çıxaracaq...”
 
“Siz həmişə bütün geo-siyasi proseslərə fövqəl dövlətlərin iqtisadi maraqlarından yanaşmızınız. Maraqlısı budur, ABŞ-ın İran müharibəsində hansı iqtisadi maraqları var?” sualına isə Tahir Cəfərli belə cavab verib:
 
“Əlbəttə ki, Tramp dollardan imtina etməyə hazırlaşan ölkələri aradan qaldırmaq və bütün tranzitlərdə dövriyyədə dolları saxlamaq məqsədi güdür. Yadınıza İraqı və Liviyanı salın. İran da BRİKS ölkələrinə qoşulub, onların valyutası ilə xarici ticarəti həyata keçirtmək istəyirdi. Bu ölkələrin iqtisadi birliyi ABŞ iqtisadiyyatına  çox ciddi zərbə endirə bilərdi. Odur ki, İranda Çinin, Rusiyanın və s. ölkələrin ABŞ-a qarşı  təzyiqləri aydın görünür. Avropa ölkələri arasında İrana qarşı getməyən əsas ölkə isə Böyük Britaniyadır...”
 
Analitik belə düşünür ki, Tramp üçün İranda müharibəni uduzmaq ölümə bərabərdir. 
 
“Qorxulusu odur ki, ABŞ İranda taktiki nüvə bombası tətbiq edə bilər. Hadisələr onu göstərir ki, dünya buna sürüklənir. Pakistan-Əfqanıstan qarşıdurmasının güclənməsi də bu cür düşünməyə əsas verir”, -deyə təhlilçi vurğulayıb.   
  
  
 
Link kopyalandı!
Son xəbərlər