Allah niyə şərə izn verir?.. – “İnsanlar ilk növbədə öz pis əməllərindən əziyyət çəkirlər...”
Ekskluziv
295
12:22, Bu gün

Allah niyə şərə izn verir?.. – “İnsanlar ilk növbədə öz pis əməllərindən əziyyət çəkirlər...”

“Allah kainatda fiziki və əxlaqi qanunlar müəyyən edib və onlar pozulduqda O, bədbəxtliyin yaranmasına izn verir...”
 
“Təbii fəlakətlər, meşə yanğınları, quraqlıq və aclıq - ilk baxışdan bütün bunlar insanın nəzarətindən kənarda görünür. Lakin bu, yalnız ilk baxışdan belədir. Başımıza nə gəlirsə gəlsin, biz buna layiqik. Biz yalnız layiq olduğumuzu alırıq…”
 
“İnsan özü dünyanı paxıllıq, nifrət, küfr, ədalətsizlik, günah əməllər və cinayətlərlə doldurur...”
 
Xüsusən amansız insan qətllərinin, terrorun, müharibələrin, müxtəlif sağalmaz xəstəliklərin, qəfil ölümlərin və s. kütləvi yayıldığı çağdaş dövrümüzdə insanlarda belə təbii suallar yaranır: “Allah ədalətlidirsə(əstəğfürullah- S.L.),  o halda hansı səbəblərdən Yer üzündə ədalətsizliklərə, pisliklərə, savaşlara, dinc insanların, uşaqların ölümlərinə və s. izn verir”. 
 
Bu mövzuya marağı nəzərə alaraq Moderator.az  “İslam today” nəşrində dərc olunmuş “Allah niyə şərə izn verir?” başlıqlı məqalənin tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır:
 
“İnsanlar tez-tez bu cür suallar verirlər. Onları Uca Allahın hansı səbəblərdən qətllərə, fəlakətlərə, müharibələrə, anormal doğuşlara, yoxsulluğa, aclığa və daha çox zərərli, şər hesab edilən olay və proseslərə izn verməsi fikri narahat edir. Bütün bu suallar Uca Allahın qüdrəti, iradəsi, istəyi kimi xüsusiyyətləri ilə, eləcə də qədər mövzusu ilə bağlıdır. Ateistlər, aqnostiklər və başqaları bu cür sualları Allaha və Onun elçilərinə inanmamaq üçün bəhanə hesab edirlər. Bəs cəhalət və yanlış anlama insana haqq qazandırırmı?..
 
Unutmamalıyıq ki, iman Uca Allahdan gələn böyük bir hədiyyədir və iman olmadan ağıl gücsüzdür. Məşhur alman əsilli britaniyalı iqtisadçı Ernst Fridrix Şumaxer deyir: 
 
"Əgər ürəyiniz həqiqəti bilmək istəmirsə, zehniniz sizi buna inandıra bilməz. Müasir dünya şübhə anlayışından başqa hər şeyə şübhə ilə yanaşır". 
 
Biz müsəlmanlar hamımız Yaradanın varlığına və birliyinə inanırıq. Bu suala cavab verməzdən əvvəl, əvvəlcə Allahın şərin qarşısını almalı olub-olmadığını anlamalıyıq. Yoxsa Onun yaratdıqlarına Öz istədiyi kimi yanaşmaq haqqı var?..
 
Uca Allah hər şeyi Öz hikməti və hər şeyi əhatə edən biliyi ilə əvvəlcədən müəyyən edir. Lakin insanların nə edəcəyini və nə deyəcəyini seçmək hüququ var. Allah heç kəsi inanmağa və ya yaxşı əməllər etməyə məcbur etmir. Əgər bir insan pislik etmək qərarına gələrsə, Allah onu fikrini dəyişməyə məcbur etməz. İnsan özü dünyanı paxıllıq, nifrət, küfr, ədalətsizlik, günah əməllər və cinayətlərlə doldurur. İnsanlar doğrudanmı bundan sonra əməllərinə görə məsuliyyət daşımayacaqlarına inanırlar? Onlar mütləq bu dünyada və axirətdə pis əməllərinin nəticələrini görəcəklər…
 
Uilyam Qoldinqin "Milçəklərin rəbbi" romanı təyyarə qəzası nəticəsində orada qalan uşaqların hərəkətləri səbəbindən cənnət adasının necə cəhənnəmə çevrildiyini izah edir. Uşaqlar bir-birini öldürməyə, heyvanlara ibadət edilən bir kult yaratmağa və adada xaos yaratmağa başlayırlar. Bu kitabın süjeti insan nəslinin pozğunluğu haqqında bir alleqoriyaya çevrilmişdir. İnsanlar ilk növbədə öz pis əməllərindən əziyyət çəkirlər. Biz yalnız layiq olduğumuzu alırıq…
 
Allah  kainatda fiziki və əxlaqi qanunlar müəyyən edib və onlar pozulduqda O, bədbəxtliyin yaranmasına izn verir. Qəza ehtiyatsızlığımız üzündən baş verir. Sağlamlığımıza diqqət yetirmədiyimizdən xəstəlik bizi məğlub edir. Lakin, hətta burada belə, Allahın bizi bu dünyada bir çox bəla və bədbəxtliklərdən xilas etdiyini unutmamalıyıq. İnsan və onun hərəkətləri ilə yalnız dolayı yolla əlaqəli olan şərlər də var…
 
Təbii fəlakətlər, meşə yanğınları, quraqlıq və aclıq - ilk baxışdan bütün bunlar insanın nəzarətindən kənarda görünür. Lakin bu, yalnız ilk baxışdan belədir. Başımıza nə gəlirsə gəlsin, biz buna layiqik. Təəssüf ki, səbəb-nəticə əlaqəsinə, hər şeyin maddi mənşəyinə güvənməyə öyrəşmiş insanlar insan günahları ilə təbii fəlakətlər və digər bədbəxtlik və faciələr arasındakı əlaqəni görə bilmirlər. Axı həmin  əlaqə mövcuddur. Uca Allah bizə Nuh peyğəmbərin (ə) sözlərini çatdırıb. Nuh (ə) fəryad edərək dedi:
 
“Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”. O, sizə göydən bol yağış göndərər, sizə mal-dövlət və övladlar verəcək, sizin üçün bağlar yetişdirəcək və çaylar yaradacaq” (Qurani-Kərim, Nuh surəsi, 10-12-ci ayələr).
 
Başqa sözlə, Allah yaxşı əməllərimizə görə bizə bol yağış, mal-dövlət və övladlar, bol bağlar və çaylar bəxş edəcəyinə söz verir. Və əksinə, günahlarımıza görə bizi nemətlərdən məhrum edir, başımıza bədbəxtlik və bəlalar göndərir. 
 
Uca Allah həmçinin buyurur:
 
Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı. (Həcc, 45).
 
Allah insanlara zərər vermək istəmir, lakin insanlar küfrləri və itaətsizlikləri üzündən öz məhvlərini sürətləndirirlər.”
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər