Rəsmi İrəvandan Rusiya və erməni diasporuna gözdağı... – TƏHLİL!
Ekskluziv
256
13:55, Bu gün

Rəsmi İrəvandan Rusiya və erməni diasporuna gözdağı... – TƏHLİL!

Paşinyan bu addımı ilə sübut etdi ki, Ermənistanda həqiqətən də “qaçqın” yoxdur

Məlum olduğu kimi, Ermənistan Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımdan imtina edib. Bu barədə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi İrəvanın sözügedən addımından açıq-aşkar narazılığını dilə gətirib. Zaxarova qeyd edib ki, bu, Ermənistanın Rusiyanı şüuarlardan silmək cəhdindən başqa bir şey deyil:

“Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan “təmizləmək” cəhdi kimi görünür”.

Hər şeydən öncə qeyd edək ki, Paşinyanın sözügedən addımı Ermənistanın tamamilə yenilənən və Qərbə istiqamətlənən xarici siyasət kursu ilə bağlıdır. Rəsmi İrəvan bu addımı ilə açıq mətnlə Moskvaya bildirdi ki, onun Rusiyanın dəstəyinə ehtiyacı yoxdur və hər hansı yardıma lüzum görmür. Hansı ki, Emənistanın bütün dünyanın gözü qarşısında gerçəkləşdirdiyi bu davranış Rusiyanın sadəcə Ermənistan deyil, bütün Cənubi Qafqazla bağlı siaysətinin iflası deməkdir. Çünki Rusiya hər zaman Ermənistana onsuz keçinə bilməyəcəyi düşüncəsini təlqin edib. Ermənistan vətəndaşlarını inandırmağa çalışıb ki, Rusiyanın “böyük qardaş” kimi dəstəyi olmadan onların xalq və dövlət kimi var olmaları mümkün deyil. Lakin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa qərar verən, Qərbə inteqrasiyasi istiqamətində qəti addımlar atan Ermənistan bu addımı ilə göstərdi ki, onun Rusiyaya ehtiyacı yoxdur.

Əslində bu addım Ermənistanın Rusiyanın sadəcə iqtisadi deyil, həm də psixoloji asılılığından qurtulmaqda olduğunu göstərir.

Ermənistanın Rusiyanın humanitar yardımından imtina etməsi Azərbaycanın maraqları baxımından da mühüm əhəmiyyətə malikdir. Paşinyan Rusiyanın humanitar yardımındna imtina etməklə Ermənistanda qaçqın olmadığını, Qarabağı ermənilərin həqiqətən də könüllü şəkildə, heç bir məcburiyyət olmadan tərk etdiyini rəsmi şəkildə təsdiqlədi.

Rəsmi İrəvanın ortaya qoyduğu bu mövqe Qarabağdan ermənilərin guya məcburi şəkildə çıxarılması, Ermənistana qaçqın axınının olması ilə bağlı erməni diasporunun, eləcə də Rusiyadakı bəzi dairələrin apardığı yalançı təbliğata da tutarlı cavab oldu. Paşinyan bununla sübut etdi ki, Ermənistanda qaçqın yoxdur və olmayan qaçqına hansısa humanitar yardımın ayrılması absurddur.

Artıq əminliklə demək olar ki, İrəvanın Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ortaya qoyduğu bu davranış “qaçqın” terminini ortaya ataraq ortalığı qarışdırmaq istəyən bütün təxribatçı qüvvələrin fəaliyyətini əhəmiyyətli dərəcədə əngəlləyəcək və onları mühüm təbliğat ruporundan məhrum edəcək.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər