“Kosa və keçəli Novruzdan ayırmaq olmaz, bəziləri deyir ki, dilənçi kimi qapı-qapı gəzirlər...”-məşhur obrazlar yığışdırılır?-FOTO+ÖZƏL
Ekskluziv
1153
08:35, Bu gün

“Kosa və keçəli Novruzdan ayırmaq olmaz, bəziləri deyir ki, dilənçi kimi qapı-qapı gəzirlər...”-məşhur obrazlar yığışdırılır?-FOTO+ÖZƏL

“Kosa ilə keçəlin Novruz bayramlarından yığışdırılması folklor və mədəni irs baxımıdan çox mübahisəli sayıla bilər. Çünki bu mövzunu heç bir aspektdən qiymətləndirmək mənə görə doğru olmazdı. Kosa da, keçəl də xaosdan kosmosa keçiddir. Ölüb dirilmə mərhələsidir. Həm də Azərbaycan xalqının qədim mərasim teatrının əsas obrazlarıdır. Bu xalqın yaratdığı obrazlardır. Kosa ilə keçəli əslində doğru və düzgün qiymətləndirmək lazımdır. Onlar xüsusilə Novruz bayramı zamanı oynanılan xalq tamaşalarının ən önəmli obrazlarından biridir”

Bunu Moderator.az-a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova deyib. O daha sonra bəzi adətlərin unudulmaması üçün müxtəlif qədim oyunlarımızın yenidən gündəmə gətirilməsini istəyir:


“Düşünsək ki, Kəlbəcərdə “Maral” oyunu var, o oyunu zaman-zaman yaddan çıxarırıq. Çox yaxşı olardı ki, Novruz ərəfəsində kosa və keçəllə bərabər həmin “Maral” oyunu da oynanılsın. Kosa qışı, köhnəliyi, bəzən isə xəsisliyi simvolizə edirsə, keçəl də həyatı, gülüşü və baharı təmsil edən bir obrazdır. Onların dialoqları, mübahisə söhbətləri, qışla baharın mübarizəsi diqqət çəkir. Əslində bir az da xeyirlə şərin mübarizəsini simvolizə edir. Bu obrazların Novruz mərasimindən çıxarılması mənə elə gəlir ki, folklorun bir qatının itməsinə səbəb ola bilər. Kosa və keçəl indiki son 5-10 ili ifadə etmir. Ritual bir səhnəciklərdir. Bu cür dəyərləndirsək daha məntiqli ola bilər. Bəzilər deyir ki, kosa ilə keçəl dilənçi kimi qapıdan pay yığırlar. Bu niyə dilənçilik anlamına gəlir ki? Novruz bayramının özü paylaşmaq deməkdir. Hər kəs evində olan azuqəsindən qonum-qonşuya, uşaqlara pay verə bilirsə, kosa keçəlin də payı verilir. Bu da bölüşmək, paylaşmaq deməkdir. Məktəblərdə bu obrazlar mənə görə çox gözəl qarşılanır. Bunu sadəcə yalnış təqdimat etmək düzgün deyil. Bunu karikatura formasına salmaq, daha eybəcər tərəflərini göstərmək düzgün deyil. Bu düzgün bir yanaşma deyil. Biz adətləri ləğv etmək əvəzinə, onları düzgün izah edib, səhnələşdirə bilərik. Kosa ilə keçəlin Novruz bayramlarından yığışdırılması bir tədqiqatçı yox, vətəndaş olaraq, folklorumuzu düzgün yaşadan bir insan olaraq mənə görə düzgün deyil. Kosa da, keçəl də xalqın gülüş mədəniyyətini göstərən nadir folklor nümunələrimizdən biridir” deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər