“Müəllif Hüquqları Uğrunda” ictimai birliyi atam dünyasını dəyişən ərəfədə məni öz birliklərinə üzv etdilər. Dedilər ki, hər dəfə mahnılar oxunanda büdcəyə pul yığılacaq. Mən də razılaşdım. Çünki atamın bütün mahnılarının varisi mənəm. Amma atamın mahnılarına görə 3 ilə 78 manat pul ödəyiblər. Keçən dəfə mənə söz verdilər ki, dekabr ayında yaxşı qonorar alacaqsız. Səbəb kimi isə göstərdilər ki, fəaliyyətə yeni başlamışıq, hələ relslər üzərində təzəyik. Dekabr ayı da gəldi, yanvar ayı da keçdi, amma hələ də artım yoxdur. Hər dəfə deyirlər ki, gözləyin düzələcək. Nə vaxt düzələcək?”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli bildirib.

Mövzu ilə bağlı “Müəllif Hüquqları Uğrunda” ictimai birliyin sədr müavini Zamiq Yunisov saytımıza bildirib ki,“Bu qonorarı biz hesablamırıq. Daxil olan qonorar bölgü olaraq hansı müəllifə nə qədər düşürsə, həmin qonorar da müəllifə ödənilir. Bizim hansı təşkilatlarla, qurumlarla müqaviləmiz varsa pul o şəkildə bizə verilir. Hansısa restoranla, radio, televiziya və konsertt təşkilatçısı ilə bizim müqaviləmiz yoxdursa, onlar bizə ödəniş etmir. Ödəniş olunmadığı halda biz başqa müəllifin qonorarını digər müəllifə verə bilmərik axı. Qonorarlar Nazirlər Kabinetinin 38-ci qərarına uyğun olaraq hesablanır. Əgər bir konsert keçirilirsə, konsertdə satılan biletin 5-10 faizi tərəfimizdən müəyyən olunaraq Nazirlər Kabinetinin qərarına əsasən faiz meyarı kəsilir. Satılan 100 manatlıq biletin 5 manatı müəllif hüquqları kimi ödənilir. Konsertdə də 5 müəllif varsa 5 manat bütün müəlliflər arasında bölünür. Konsert başqadır, radio-televiziya başqadır, restoran başqadır” deyə Zamiq Yunisov bildirib.

Zamiq Yunisovun sözlərinə görə, Azərbaycanda müəllif qonorarlarının yığılması və bölünməsi mexanizmi qanunvericiliklə aydın şəkildə tənzimlənir və kollektiv idarəetmə sistemi müəlliflərin hüquqlarının qorunmasında əsas rol oynayır.