“Bu gün də İrandakı azərbaycanlılar arasında mərkəzi İran hakimiyyətinə münasibət və gələcəkləri ilə bağlı fikir ayrılıqları mövcuddur və bu məsələlər həssas yanaşma tələb edir...”
"Mən Amerika və İsrailin İrana müdaxiləsinə qarşı olsam da, 50 ilə yaxın müddətdə İrandakı azərbaycanlılara doğma dillərində təhsil hüququnun verilməməsi hiddət oyadır. Və qeyri-iradi sual yaranır ki, görəsən, İran..."
Siyasi şərhçi, İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov Moderator.az-a açıqlamasında ABŞ və İsrailin İrana qarşı siyasəti fonunda Güney Azərbaycandakı soydaşlarımızın taleyinə diqqət çəkib. O hesab edir ki, Azərbaycanın dövlətçilik ənənələrinin möhkəm olması gələcəyə hazırlıq baxımından mühümdür. Səmədov vurğulayıb ki, hələ tələbə ikən, 1990-cı illərin sonunda Türkiyənin Hacıtəpə Universitetində təhsil alarkən müəlliminin verdiyi elmi tapşırığa əsasən Azərbaycanda dövlətçilik ənənələrinin güclü olması və gələcəyə hazırlıqla bağlı sosioloji proqnozlar hazırlayıb. Nəticədə “Gənc aydın gözü ilə Azərbaycan” adlı kitab ortaya çıxıb və hazırda Türkiyənin bütün kitabxanalarında mövcuddur. Gənc sosioloq o kitabda yazıb ki, haqqı olmayan dövlətlər zaman-zaman revizionist siyasət yürüdürlər, amma Azərbaycan dövlətinin haqqı olmasına baxmayaraq biz bütöv Azərbaycandan danışmağa, ərazilərimizin tarixdə nə qədər geniş olduğunu xatırlatmağa belə, cəsarət etmir və gələcək nəsillərimizi xəbərdar etmirik.
Pərviz Səmədov diqqətə çatdırıb ki, o dövrdən bəri Amerikanın İran və Orta Şərq siyasətindəki uzunmüddətli planları aydın idi. ABŞ-ın siyasəti 20-30 il əvvəli planlaşdırılır və əsasən yeraltı və təbii sərvətlərin ələ keçirilməsinə yönəlir. Buna görə də Azərbaycan regiondakı hadisə və geo-siyasi proseslərə uyğun olaraq öz dövlət strukturunu gücləndirməli, işsizliyin olmadığı, məhkəmə sisteminin düzgün işlədiyi, ordusu, mədəniyyəti, siyasəti və vətəndaşa verilən sosial rifahla nümunə olan bir dövlət qurmalı idi. Səmədov hesab edir ki, bu həm də Güney Azərbaycandakı soydaşlarımız üçün örnək olmalıydı ki, onlar da deməyi bacarsınlar: “Bəli, biz də öz müstəqil dövlətimizi qurmaq istəyirik.”
O, vurğulayıb ki, bu istiqamətdə hazırlıqlar Qarabağ problemi səbəbindən tam reallaşa bilmədi, amma 2020-2023-cü illərdə Azərbaycan yenidən Qarabağa sahib oldu. Şərhçi əlavə edib ki, bu gün də İrandakı azərbaycanlılar arasında mərkəzi İran hakimiyyətinə münasibət və gələcəkləri ilə bağlı fikir ayrılıqları mövcuddur və bu məsələlər həssas yanaşma tələb edir.
Səmədov ABŞ və İsrailin İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bildirərək, belə müdaxilələrin azərbaycanlıların da hüquqlarına zidd olduğunu qeyd edib. O, hesab edir ki, məsələlər beynəlxalq hüquq çərçivəsində sivil və humanitar yanaşmalarla həll edilməli, Güney Azərbaycandakı soydaşlarımızın hüquqları və indiki savaşdakı təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən, ən azı savaş aparan tərəflərə çağırışlarla qorunmalıdır.
Şərhçinin sözlərinə görə, Azərbaycanın nümunəvi dövlət modeli Güneydəki azərbaycanlılar üçün də öz müstəqillik arzularına təkan verə bilər. O həmçinin diqqətə çatdırıb ki, hər hansı xarici güc müdaxiləsi olmadan, sadəcə humanitar yardımlar və diplomatik əlaqələr yolu ilə uzunmüddətli nəticələr əldə etmək mümkündür.
“Mən də Amerika və İsrailin müdaxiləsinə qarşı olsam da, 50 ilə yaxın müddətdə İrandakı azərbaycanlılara doğma dillərində təhsil hüququnun verilməməsi hiddət oyadır. Və qeyri-iradi sual yaranır ki, görəsən, İran ermənilərin dostudur, yoxsa müsəlman ölkəsinin? Əgər ermənilərin dostudursa, niyə sayca soydaşlarımızdan bəlkə 100 dəfə az olsalar da, onlara öz dilində təhsil hüququ verir, 40 milyon Azərbaycanlıya isə vermir? Yəni etiraf etmək lazımdır ki, molla rejimi həm ədalətsizdir, həm də insan haqlarına hörmət etmir. Din adı altında insanların haqlarını əlindən almaq uzunmüddətli dövrdə rejimi yaşatmayacaq...
Fəqət, digər həqiqət isə budur ki, Amerika həmişə İslam dünyasının ən əziz və müqəddəs sayılan günlərində İslam ölkələrinə hücum edib. İslam ölkələrinə birinə kimyəvi silah adıyla, o birinə terrorçu adıyla təcavüz edib və dünyanın gözündən pərdə asaraq istədiyi əməliyyatları həyata keçirib. Artıq dünya bundan bezib; hər şeyin bir sonu var. Bu gün dünyanı maraqlandıran məsələlərdən biri İranda İsrail və Amerikanın haqsız müdaxiləsinin qarşısını almaqdır. Təəssüf ki, bu, güc mərkəzləri vasitəsilə birdən-birə həll olunacaq məsələ deyil”, -deyə şərhçi diqqətə çatdırıb.
Səmədov hesab edir ki, bununla belə, hazırkı fürsətdən istifadə edib Azərbaycan Güney Azərbaycan toplumuyla daha yaxşı, daha uyğun və perspektivli diplomatik təmaslar qura bilər. Mən bu haqda “Facebook” səhifəmdə də yazmışdım ki, bugünkü müharibəyə qatılmadan, İranı hədələmədən, nə İranın, nə də İsrailin tərəfində olaraq, sadəcə sivil insanlara kömək və humanitar yardımları dayandırmadan Azərbaycan dövləti oradakı soydaşlarımızla bağlı uzunvadəli addımlar ata bilər...