ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə,TRİPP layihəsinin taleyi necə olacaq?
Ekskluziv
781
14:12, Bu gün

ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə,TRİPP layihəsinin taleyi necə olacaq?

Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizi barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün yekununda əldə olunub. Bu razılaşma ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana son səfəri zamanı da təsdiqlənib. Tərəflər artıq layihənin praktiki həyata keçirilməsinə başlayıb və tikintinin bu il başlanması planlaşdırılıb.

Lakin beynəlxalq medianın və bəzi analitiklərin diqqət çəkdiyi məqam ABŞ-İran münasibətlərində baş verə biləcək gərginliyin bu layihəyə təsir edə biləcəyidir.
Eyni zamanda Rusiya nəşri yazır ki, əgər amerikalılar Yaxın Şərqdə məğlub olub bölgədən geri çəkilsələr, TRIPP layihəsinin həyata keçirilməsində də daha maraqlı olmayacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan isə deyib ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O, keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil.  Bu barədə “Moskovskiy komsomelts” nəşri yazıb.

Bəs, ABŞ-İran gərginliyi həqiqətən də bu strateji nəqliyyat layihəsinin taleyini dəyişə bilərmi? Bu sualı Moderator.az millət vəkili Cavanşir Feyziyev ilə müzakirə edib.

Deputat qeyd edib ki, TRİPP layihəsinin gecikməsi ilə bağlı səsləndirilən ehtimalların heç bir əsası yoxdur:

"ABŞ-İran qarşıdurması ilə bağlı bölgədə baş verən hadisələrin o qədər çox uzanacağı gözlənilmir. Layihə nəzərdə tutulmuş müddət ərzində icra olunacaq. Layihə tamamilə Azərbaycanın maraqlarına uyğundur və onun həyata keçirilməsi bölgədə qarşılıqlı iqtisadi fəaliyyətləri nəzərə carpacaq dərəcədə canlandıracaq. Bu da öz növbəsində sülhün əldə olunmasına, eləcə də regional sabitliyə və təhlükəsizliyə etibarlı zəmin yaradır.

TRİPP Azərbaycanın əsas hissəsini Naxçıvan ərazisi ilə birləşdirməklə bütün türk coğrafiyasının quru yolları ilə birləşməsini təmin edir. Bu da öz növbəsində türk dövlətləri arasında inteqrasiya proseslərinə ciddi təkan verəcək. 

Və nəhayət, TRİPP Qədim İpək Yolunun vacib bir seqmenti olmaqla Qərblə Şərqi birləşdirən bir körpü olacaq ki, bundan da bütün dünya faydalana biləcək. Beləliklə, hazırki vəziyyətdə bütün geosiyasi və geo- iqtisadi amillər TRİPP layihəsinin lehinə işləyir. Bütün tərəflər bu layihədə maraqlıdır və onun həyata keçirilməsinə əngəl yaradacaq hər hansı bir səbəb yoxdur".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər