Hörmüz boğazı dünya qaz bazarını silkələdi: Azərbaycan üçün hansı fürsətlər yaranır?
Ekskluziv
577
12:05, Bu gün

Hörmüz boğazı dünya qaz bazarını silkələdi: Azərbaycan üçün hansı fürsətlər yaranır?

Yaxın Şərqdə artan gərginlik və xüsusilə dünya enerji ticarətinin əsas arteriyalarından sayılan Hörmüz boğazı ətrafında baş verən proseslər qlobal enerji bazarını yenidən diqqət mərkəzinə gətirib. Dünyada neft və mayeləşdirilmiş qaz daşımalarının mühüm hissəsinin keçdiyi bu strateji marşrutda mümkün məhdudiyyətlər həm qiymətlərə, həm də enerji təhlükəsizliyi məsələlərinə birbaşa təsir göstərir. Mövcud vəziyyətdə Avropanın alternativ qaz mənbələrinə ehtiyacı daha çox müzakirə olunur.

Bəs regionda baş verən proseslər Azərbaycanın qaz ixracı və enerji siyasəti üçün hansı imkanları yaradır?

Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli mövcud vəziyyəti şərh edərək ehtimal olunan iqtisadi və geosiyasi nəticələrə aydınlıq gətirib.


Ekspert bildirib ki, Hörmüz boğazı ətrafında yaranan vəziyyət artıq qlobal qaz bazarına təsirini göstərməkdədir. Bunun nəticələri isə qiymətlərdə də açıq şəkildə müşahidə olunur. Bu marşrut dünya enerji daşımaları üçün olduqca mühüm əhəmiyyət daşıyır:

“Avropanın isə 30 faiz tələbatını həmin bölgədən çıxan sıxılmış qaz tankerləri təmin edir, əsasən də Qətərdən. Artıq qiymətlərin kəskin artdığını görürük. Müharibədən əvvəl, fevralın sonunda qaz qiymətləri haradasa min kubmetr üçün 300 dollara yaxın idi, 270–280 dollar idi. İndi isə 800 dollara qədər qalxıb. Yəni demək olar ki, üç dəfəyə yaxın artım var.

Ona görə də artıq təsir edir və bu, Azərbaycan üçün də əlavə fürsətlər yaradır. Təbii ki, qaz istehsalçısı və ixracatçısı kimi. Amma Azərbaycanın istehsal etdiyi qazın həcmi məhduddur. Yəni istənilən an istənilən ölkəyə istədiyimiz qədər qaz sata bilmərik. Çünki qazı birinci hasil etmək lazımdır ki, satasan.
Azərbaycanın Avropa bazarına satdığı qazın həcmi təqribən 11 milyard kubmetrdir. 2027-ci ildən bu rəqəm 20 milyarda qədər qalxmalıdır və kifayət qədər ciddi rəqəmdir artıq.

Ona görə də təbii ki, Azərbaycanın önəmi artır. Boru kəmərləri vasitəsilə təhlükəsiz şəkildə təminat həyata keçirilir və Azərbaycanın əhəmiyyəti yüksəlir. Bir çox ölkələr artıq Azərbaycana qaz almaq üçün müraciət ediblər və edəcəklər də”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan məhdud həcmdə qaz hasil etməsinə baxmayaraq, kifayət qədər çoxsaylı ölkələrə qaz ixrac edə bilir:

“Amma həcmi azdır. Ona görə də Azərbaycanın yeni yataqlarının işlənilməsi davam edir. Ola bilər ki, 2027-ci ildə qaz hasilatında müəyyən artım müşahidə olunsun.
Amma ona qədər qaz hasilatımız artsa da, boru kəmərlərinin keçiriciliyi məhdudiyyəti də var, bunu da unutmaq olmaz. TANAP və TAP layihələri Azərbaycanın əsas uğurlu qaz layihələridir. TANAP 32 milyard kubmetr, TAP isə 20 milyard kubmetr üçün nəzərdə tutulub. TAP Avropaya gedən hissəsidir, TANAP-ın.

Hazırda oradan 11 milyard kubmetr qaz keçir və bunu 20 milyarda çatdırmaq olar. Amma bundan artıq qaz ixracının həcmini daha da yüksəltmək o qədər də mümkün deyil.
Ona görə də yaxın gələcəkdə Azərbaycanın ən yaxşı halda Avropaya təqribən 20 milyard kubmetr qaz ixrac edə biləcəyi gözlənilir. Bu da Azərbaycan üçün kifayət qədər uğurlu nəticədir və çox böyük qaz gəlirlərinin ölkəyə daxil olmasına səbəb olacaq”.

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər