Yuşşenko Orbana ibrətamiz məktub yazdı:
Ekskluziv
230
11:25, Bu gün

Yuşşenko Orbana ibrətamiz məktub yazdı: "Viktor, kim olduğunu xatırla!.."

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Macarıstanın Baş naziri Viktor Orbana məktub yazıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Ukraynanın keçmiş lideri bu ibrətamiz məktubu öz "Facebook" səhifəsində dərc edib.
"Viktor, bu fotoya bax. Biz regionumuzun gələcəyinin ortaq, aydın və parlaq göründüyü bir dövrdə bir yerdəyik. O vaxtlar biz birlikdə inanırdıq ki, azadlıq sadəcə bir söz deyil, uğrunda mübarizə aparmağa dəyər ən yüksək hədiyyədir.
 
Mən səni başqa cür xatırlayıram. Ləyaqətin dəyərini başa düşən və imperiya zülmündən azad olmağın nə demək olduğunu bilən bir lideri xatırlayıram", - deyə məktubda bildirilir.
 
Yuşşenko vurğulayıb ki, Ukrayna indi məhz nə vaxtsa birgə siyasi müzakirələr zamanı ifadə edilən dəyərlər uğrunda mübarizə aparır.
 
"Bu gün sənin hərəkətlərinə baxıram və özümə sual verirəm: o Viktor hara getdi? Azad Macarıstanın yüksəlişinin şahidi olan bir adam indi necə olur ki, qonşusunun azadlığını məhv etmək istəyən qüvvələrlə əlbir olur?"
 
"Ukrayna bu gün danışıqlar masasında müzakirə etdiyimiz eyni dəyərlər uğrunda qan tökür. Biz təkcə öz torpağımızı deyil, həm də ölkənizin, eləcə də bütün Avropanın sülhünü müdafiə edirik", - deyə Ukraynanın üçüncü prezidenti bildirib.
 
O həmçinin qeyd edib ki, Macarıstan baş nazirinin siyasəti, onun fikrincə, macar xalqının tarixi yaddaşına ziddir.
 
"Viktor, dayan və kim olduğunu xatırla. Tarix sərt hakimdir. Böyük çətinliklər zamanı susqun qalanları və ya şərə kömək edənləri bağışlamır.
 
Şübhəli siyasi razılaşmaların deyil, şərəfin qiymətləndirildiyi işığa, əsl Avropa qardaşlığına qayıtmaq üçün hələ gec deyil. Səni gerçəyin gözünə düz baxmağa çağırıram. Dünyanın bir vaxtlar hörmət etdiyi və azadlığın yeganə yol olduğunu bilən lider ol", - deyə Yuşşenko əlavə edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər