Tarixə ehtiram gələcəyə yatırımdır!
Ekskluziv
635
20:02, Bu gün

Tarixə ehtiram gələcəyə yatırımdır!

Məlum olduğu kimi, Ağstafada İsrafil ağanın evi bərpa olunacaq.

Bu xəbər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabatdan məlum olub ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə abidəyə ("İsrafil ağanın evində) yerində baxış keçiriblər. Onlar abidənin bərpası üçün növbəti illərin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) hesabına həyata keçiriləcək layihələrin siyahısına salınması barədə aidiyyəti üzrə təklif verilib.

Şübhəsiz, Qazax mahalının məşhur ağalarından olan, öz xeyriyyəçiliyi ilə tanınan İsrafil ağa Kərbalayevin  Ağstafanın Qıraq Kəsəmən kəndindəki evinin bərpası milli tariximizə hörmət, milli kimliyimizə ehtiram baxımından mühüm hadisədir və təqdir olunmalıdır. Bu addım dövlətimizin xalqın tarixinə, onun keçmişinə həssaslıqla yanaşdığını, onu yaşatmağa, təbliğ etməyə xüsusi önəm verdiyini göstərir. Hansı ki, gənc və gələcək nəsillərin öz soykökünə, keçmişinə, qan yaddaşına bələd olması, öz xalqının tarxi ruhu ilə birləşməsi baxımından bu yanaşma olduqca vacibdir.

Lakin bu da bir həqiqətdir ki, tarixə sevgi həm də gələcəyə təsir edən, onu yönəldən, sabahı şəkilləndirən bir amildir. Tarix sadəcə keçmiş deyil, o, həm də sabahı aydınladan, bütün qaranlıqları nura qərq edən bir işıqdır. İstənilən xalq öz tarixinə baxaraq, ondan dərs çıxararaq gələcək uğur və təhlükəsizliyini  bütün digər faktorlardan daha etibarlı şəkildə təmin edə bilər. Bu baxımdan tarixə ehtiram gələcəyə yatırımdır. Kim tarixinə daha çox dəyər verirsə, o, gələcək uğurlarını bir o qədər etibrarlı sığortalayır.

Bu baxımdan tarixi şəxsiyyətlərimizlə bağlı məlum addımların atılması - onların evlərinin bərpası, həyat və fəaliyyətləri ilə bağlı araşdırmaların dərinləşdirilməsi, onlarla bağlı maarifləndirmənin artırılması tariximizlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyətə malikdir. Unutmayaq ki, biz istəsək də, istəməsək də gələcəyimiz tariximizin bünövrəsi üzərində inşa olunur və biz gələcəyimiz naminə keçmişin özüllərinə diqqət, sevgi və qayğı ilə yanaşmağı bacarmalıyıq

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər