“Müharibəni nə vaxt istəsən, başlaya bilərsən, amma onu yalnız bacardığın vaxt bitirə bilərsən...”
Ekskluziv
351
14:14, Bu gün

“Müharibəni nə vaxt istəsən, başlaya bilərsən, amma onu yalnız bacardığın vaxt bitirə bilərsən...”

“Artıq tərəflər siyasi-diplomatik təmaslardan yayınaraq daha çox güc amilinə üstünlük verirlər. Amma artıq bunun acı nəticələrini də görməkdədirlər. İnsan və hərbçi itkiləri ilə yanaşı, iqtisadi baxımdan ən böyük zərər dünyada neft və qazın qiymətinin qalxması oldu...”
 
“Bundan öncəki söhbətimizdə də qeyd etdiyimiz kimi, son iki həftədir davam edən silahlı qarşıdurma nəticəsində istər ABŞ-İsrail cütlüyü, istərsə də İran öz hədəflərinə çatmayıb. Və onu da vurğulamaq lazımdır ki, artıq tərəflər siyasi-diplomatik təmaslardan yayınaraq daha çox güc amilinə üstünlük verirlər. Amma artıq bunun acı nəticələrini də görməkdədirlər. İnsan və hərbçi itkiləri ilə yanaşı, iqtisadi baxımdan ən böyük zərər dünyada neft və qazın qiymətinin qalxması oldu. Digər tərəfdən, ABŞ-ın da səhvləri özünə qarşı çevrilərək Qərb koalisiyasının daxilində İran savaşına münasibətdə ciddi çatlar əmələ gəlməsi ilə nəticələndi. Avropa ölkərə neft və qazın qiymətinin 30-50 faiz artmasından həddindən artıq narazı qaldı. Ona görə də Tramp da çalışır ki, nəyisə bəhanə gətirərək və artıq müəyyən nəticələrə əsasən İran üzərində qələbə çalındığını elan edərək müharibəni dayandırsın ki, neft və qazın qiymətləri qaydaya düşsün.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında artıq 14-cü gündür davam edən ABŞ/İsrail-İran savaşının dayanma ehtimallarından bəhs edərkən AzVP sədri Akif Nağı dilə gətirib.
 
“Amma İran da geri çəkilmək istəmir. Hazırda ordusu Hörmüz boğazının minalanmasıyla məşğuldur və oradan keçəcək istənilən hərbi və ya mülki gəmini vurmaqla hədələyirlər. Düzdü, İranın BMT-dəki nümayəndəsi bunu təkzib edərək bildirir ki, Hörmüz boğazı bağlı deyil, hər bir ölkə öz yükünü daşıya bilər, sadəcə İran öz təhlükəsizliyini qorumağa məcburdur. Lakin bununla belə, “SEPAH” qüvvələri keçidə mümkün qədər nəzarət edir və hətta bəzi məlumatlara görə, Amerikanın da bir neçə tankerini  vurublar. Yəni bütövlükdə Hörmüz boğazı hələlik bağlanmayıb, sadəcə, İran tərəfi raket və dronlarla oradan keçən istənilən gəmini hədəfə ala bilirlər. Bu təhlükələri aradan qaldırmaq üçün Amerika yollar axtarır. Dronların qarşısını almaq məqsədilə helkopterlər vasitəsilə boğaz üzərində bir patrul xidməti təşkil etməyə çalışırlar”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
“Bir sözlə, hələlik İran savaşının tam şəkildə dayanması görsənmir. Müharibəni yalnız bir tərəfin tam üstünlüyü olanda dayandırmaq mümkün olur. Makiavellinin də məşhur tezisi var ki, müharibəni nə vaxt istəsən, başlaya bilərsən, amma onu yalnız bacardığın vaxt bitirə bilərsən. Yəni genişmiqyaslı silahlı qarşıdurmanı, özü də Yaxın Şərqdəki və ümumiyyətlə, dünyadakı indiki mürəkkəb və ziddiyyətli geo-siyasi durumda dayandırmaq çox çətin bir məsələdir. Savaşı həm texniki baxımdan durdurmaq çətindir, eyni zamanda tərəflər müəyyən hədəflərə çatmaq həvəsində olur. Xülasə, hazırkı vəziyyətdə İran savaşının birdəfəlik və ya uzun müddətə dayandırılması perspektivi hələlik görünmür. Yalnız silah-sursatın tükənməsi baxımndan qısamüddətli fasilələr yarana bilər”, - deyə Akif Nağı vurğulayıb.   
 
 
Link kopyalandı!
Son xəbərlər