Tramp Xameneini öldürməklə Xomeynini diriltdi…-ARAŞDIRMA
Ekskluziv
449
08:48, Bu gün

Tramp Xameneini öldürməklə Xomeynini diriltdi…-ARAŞDIRMA

“ABŞ və İsrail rəhbərliyi kimlərlə üz-üzə gəldiyini başa düşməyib…”
 
“Amerika prezidenti anlamadı ki, 28 fevral 2026-cı il tarixində təşkil etdiyi hücumla Seyid Əli Xameneinin ən böyük arzusunu gerçəkləşdirir…”
 
“3 fakt ona dəlalət edir ki, Donald Tramp Seyid Əli Xameneiyə kələk gələ bilməmişdi…”
 
“ABŞ prezidenti gerçəkləri görmək istəmir, böyük qazanc barədə “şirin xəyallar” qurur, təkəbbürə qapılırdı…”
 
“Əksəriyyəti keyfə, eyş-işrətə aludə olmuş, şovinist əhval-ruhiyyəli iranlı mühacirlər Trampa və onun adamlarına asanlıqla təsir göstərə bildilər. Aydındır ki, eyni həyat tərzi və oxşar xarakter insanları bir-birinə mübhəm və yaxın edir…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış araşdırmaçı Araz Şəhrilinin “ABŞ prezidenti İİR-in Ali dini rəhbərini aldada bilmişdi, yoxsa..?” başlıqlı növbəti analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
 
“İran İslam Respublikası süquta uğrayacaqmı?” başlıqlı, 11 yanvar 2026-cı il tarixli yazımızda belə bir ehtimal irəli sürmüşdük: “Hərbi müdaxiləyə əl atmadan yalnız birinci şəxsin - Seyid Əli Xameneinin sui-qəsdlə aradan götürülməsi İrandakı mövcud ictimai-siyasi vəziyyətə təsir baxımından (ABŞ üçün) daha effektli ola bilər. Amma bunu hələ etmək lazımdır. Təcrübə göstərir ki, istedadlı nüvə alimlərindən, yüksək vəzifəli və təcrübəli məmurlardan, savadlı mütəxəssislərdən, peşəkar generallardan fəqli olaraq, Seyid Əli Xamenei daha yaxşı qorunur. Sözsüz ki, ABŞ və ya İsrailin xüsusi xidmətləri bacarsaydılar, bu işi çoxdan görərdilər. Amma yəqin ki, yenə də cəhd edəcəklər. Ola da bilsin ki, Livan “Hizbullah”ının lideri Seyid Həsən Nəsrullaha (1960-2024) qarşı 2024-cü il sentyabrın 27-də keçirilmiş əməliyyatı təkrarlamağa çalışacaqlar”.
“İran hakimiyyətinə qarşı “PKK” kartı, Qacar və Qaraqoyunlu şahzadələri” başlıqlı, 24 yanvar 2026-cı il tarixli yazımızda isə həmin proqnozun izahını vermişdik: “ABŞ aviasiyası dəqiq zərbə ilə İranın ali dini rəhbərliyini vurur. Nəticədə, inqilab və ya üsyan olmasa belə, idarəetmə hakimiyyətin islahatçı qanadının əlinə keçir. Sonrası isə məlumdur... Amma ABŞ təhlilçiləri yaxşı anlayırlar ki, sözügedən variant da birmənalı və hamar deyil. Məsələ burasındadır ki, İranda ali dini rəhbəri əvvəlki rəhbərin ölümündən sonra “Məclise Xubrigan” (Mütəxəssislər Məclisi) seçir. “Məclise Xubrigan”ın 88 üzvü var. Onların hamısı İslam dinində ən yüksək dərəcəyə malikdir. Bu adamların hər biri mərceyi-təqlid, yəni ələm müctəhiddir. Həmin müctəhidləri isə “Məclise Xubrigan”a əhali 8 il müddətinə seçir. Məclisin fəaliyyətində bütün mümkün fövqəladə hallar nəzərə alınıb. İlk zərbələrdən sonra “Məclise Xubrigan”ın üzvlərindən hətta bir neçə nəfər belə sağ qalsa, onlar öz aralarından növbəti rəhbəri seçib mübarizəni davam etdirə bilərlər.”
 
Proqnozumuzun I hissəsi yalnız xüsusi əməliyyatı nəzərdə tuturdu. Lakin ABŞ və İsrail Seyid Əli Xameneini gizli sui-qəsdlə öldürə bilmədi. Bu isə o deməkdir ki, İran rəhbərinin yanında onların müvafiq imkanlara malik agenti olmayıb. Ona görə də proqnozun II hissəsində qeyd etdiyimiz varianta - havadan zərbəyə əl atdılar. Lakin bu əməliyyat və onun ardınca alovlanan müharibə göstərdi ki, ABŞ və İsraili idarə edən şəxslər İranın dini doktrinasını və dövlət quruluşunu öyrənməyiblər. Yaxud məhdud təsəvvürləri olsa da, məqsədə çatmanın başqa variantlarını məqbul hesab etməyiblər. İstənilən halda ABŞ və İsrail rəhbərliyi kimlərlə üz-üzə gəldiyini başa düşməyib. Bu, ABŞ-ın birinci böyük səhvi idi. Halbuki ABŞ prezidenti Donald Tramp Seyid Əli Xameneinin öldürülməsindən sonra verdiyi ilk bəyanatda belə bir ifadə işlətmişdi: “İran rejimi çox sərt və qorxulu adamlardan ibarət amansız bir qrupdur”.
 
İran İslam Respublikasına həqiqətən də çox sərt insanlar rəhbərlik edirlər. Məhz belələri haqqında deyirlər ki, “onların nə düşmənlərinə yazıqları gəlir, nə də özlərinə...” Elə buna görə də ABŞ prezidenti anlamadı ki, 28 fevral 2026-cı il tarixində təşkil etdiyi hücumla Seyid Əli Xameneinin ən böyük arzusunu gerçəkləşdirir… 
 
İranın Ali dini rəhbəri deyirdi: "Hər dəfə düşünəndə ki, bu müharibə, şəhadət, şərəf və qan meydanları bir gün bitəcək, mən isə qardaşlarımdan geridə qalıb, sonra, məsələn, qəzada, yaxud hansısa xəstəlikdən öləcəyəm, - necə ki, çoxları belə ölürlər, - Allah şahiddir ki, bu fikrin ağırlığından qəlbim sıxılır..."
 
Yaxın adamları zərbənin qısa müddət sonra baş tutacağı barədə Seyid Əli Xameneini xəbərdar edərək sığınacağa getməsini istədikdə o, soruşmuşdu: “Bütün İran xalqını sığınacaqlara yerləşdirə bilərsiniz? Yox. Onda xalqımla qalıram. Gedin…”
 
Qeyd:
 
 Şübhəsiz ki, ABŞ və İsrail təyyarələri 2026-cı il aprelin 28-də hələ havaya qalxmamış Rusiya Federasiyası və ya Çin Xalq Respublikası zərbənin vurulacağı barədə İran İslam Respublikasını dərhal məlumatlandırmışdılar. 
 
Bəzi siyasi şərhçi və analitiklərin fikrincə, Donald Tramp iranlıları saxta diplomatiya və yalançı nüvə danışıqları ilə aldadıb arxayın salmış, sonra da qəfildən məlum zərbəni vurmuşdu. Amma üç fakt ona dəlalət edir ki, Donald Tramp Seyid Əli Xameneiyə kələk gələ bilməmişdi:  
 
1) İranın rəsmi nümayəndəsi hücumdan az sonra bildirdi ki, ABŞ-ın niyyət və hiyləsi bizə yaxşı məlum idi. Danışıqları isə ona görə aparırdıq ki, amerikalıların formal bəhanələri qalmasın.
 
2) ABŞ-ın bombardmanı İranın dövlət strukturlarını iflic vəziyyətinə salmadı və İslam Respublikasının ordusu dərhal şiddətli cavab zərbəsi endirdi. Bu da o deməkdir ki, İran ordusu hücumu gözləyirdi. 
 
3) Ölümündən 11 gün əvvəl etdiyi çıxışında Seyid Əli Xamenei demişdi: “Məni öldürsələr, bunu itki hesab etməyin. Cismimin heç bir mənası yoxdur. Heç İranın da mənası yoxdur. Əsas olan İslamdır”.
Seyid Əli Xamenei tamamilə fərqli insan tipinin nümunəsi idi. Amma yalnız o, deyil, İranı idarə edənlərin və bu sistemin tərəfdarlarının əksəriyyəti məhz həmin tipə aiddir. ABŞ rəhbərliyi isə bu adamları necə deyərlər “öz arşını ilə ölçdü” və nəticədə yanıldı…
 
ABŞ-ın ikinci böyük səhvi İran İslam Respublikasının sosial bazası ilə bağlı oldu. Bunun da əsas səbəbləri aşağıdakılardır:
 
1) Tramp administrasiyasının qeyri-adi səriştəsizliyi və savadsızlığını başlıca amil hesab edə bilərik.
İranın on milyonlarla vətəndaşının mövcud iqtidarı dəstəklədiyini müəyyən etmək üçün dərin tədqiqata, təhlilə heç bir ehtiyac yox idi. Bəlkə də İranın məşhur sərkərdəsi Qasım Süleymaninin 2020-ci ilin yanvarında Kirman şəhərindəki dəfn mərasimini izləmək kifayət edərdi. Xatırladaq ki, həmin gün Qasim Süleymanini milyonlarla sadə iranlı son mənzilinə yola saldı. Bu qədər insanı ən totalitar dövlət belə, küçələrə çıxara bilməzdi. Onlar ora özləri gəlmişdilər…
 
“İran İslam Respublikası süquta uğrayacaqmı?” başlıqlı, 11 yanvar 2026-cı il tarixli yazımızdan: “İranda şah rejiminə qarşı 1978-1979-cu illər nümayişlərində milyonlarla insan iştirak etmişdi. Məsələn, 1978-ci ildə Tehran sakinlərinin sayı 4 milyon 500 min nəfər idi. Onlardan ən azı 2 milyon nəfəri 2 dekabr 1978-ci il mitinqinə çıxmışdı. Hazırda Tehranda 15 milyon adam yaşasa da, bu şəhərdə keçirilən indiki etiraz aksiyalarında belə kütləvilik nəzərə çarpmır. Digər yaşayış məntəqələrində də eyni vəziyyət müşahidə olunur. Halbuki İran əhalisinin indiki sayı o dövrdəki sayından xeyli çoxdur. 1979-cu ildə İranda rəsmi statistikaya görə, cəmi 38 milyon 500 min nəfər yaşayırdı. Bugün isə İran əhalisinin sayı 90 milyonu keçib”. Qəribədir ki, ABŞ analitiklərinin ağlı belə bir sadə təhlilə də çatmadı. Yaxud, onları eşidən olmadı…
 
2) Donald Tramp və onun komandasının qeyri-obyektivliyi...
 
Bu amil hədsiz nəfs və acgözlüklə əlaqəlidir. ABŞ prezidenti gerçəkləri görmək istəmir, böyük qazanc barədə “şirin xəyallar” qurur, təkəbbürə qapılırdı. İranın hərbi komandirlərindən biri belə demişdi: “Tramp öz cılız dünyasında yaşayır. Heç eybi yoxdur. Onu tezliklə oyadarıq”. 
 
3) ABŞ-ın kəşfiyyat strukturlarının fəaliyyəti ilə bağlı amil özünü üç mümkün variantda göstərə bilərdi:
 
- ABŞ kəşfiyyatçılarının peşəkarlıq səviyyəsinin aşağı olması, əməliyyat risqinə getməmələri, sahədə deyil, texnika və açıq mənbələrlə işə daha çox üstünlük vermələri.
 
- Çox güman ki, kəşfiyyat xidmətlərinin dövlət rəhbərliyinə təqdim etdikləri məlumatlar əməliyyat şəraitinin reallıqlarını deyil, ABŞ prezidentinin eşitmək istədiklərini, arzuladıqlarını əks etdirirdi. Dövlət strukturunda idarəetmə və iş prinsipləri pozulduqda, rəhbər-işçi münasibətləri qeyri-sağlam xarakter aldıqda məhz belə olur.
 
- Amma o da mümkündür ki, ABŞ kəşfiyyatı İrandakı vəziyyət barədə həqiqətəuyğun, dolğun və əhəmiyyətli əməliyyat informasiyasını vaxtında toplayaraq, düzgün tövsiyə, təkliflər və proqnozlar hazırlamış, lakin Tramp rejimi onları qulaqardına vurmuşdu…
 
4) Dezinformasiyanın növbəti mənbəyi İsrail dövləti, daha doğrusu, Benyamin Netanyahudur. İran üzərinə hücumdan əvvəl  Donald Tramp Benyamin Netanyahu ilə ən azı on dəfə görüşmüşdü.
Onların bu zaman nə barədə danışdıqlarını güman etmək çətin deyil. Belə ki, Benyamin Netanyahu ABŞ-ın əvvəlki prezidentləri Bill Klinton, Barak Obama və Co Baydeni İranla müharibəyə təhrik etsə də, onlar müdriklik göstərərək özlərini Netanyahunun oyununa salmamışdılar…
 
ABŞ-ın keçmiş prezidenti Bill Klinton 2025-ci il iyunun 21-də bildirdi: “Benyamin Netanyahu İranla müharibəni çoxdan istəyir. Çünki bu yolla hakimiyyət başında ölənəcən qala bilər. Ancaq ümid edirəm ki, prezident Tramp buna yol verməyəcək”.
 
ABŞ-ın yəhudi əsilli ilk dövlət katibi Entoni Blinken 2026-cı il martın 9-da bunları dedi: “Benyamin Netanyahu Barak Obamadan təkidlə xahiş edirdi ki, İranla müharibəyə başlasın. Amma Obama onun istəyini rədd etdi. Donald Tramp isə bəlkə də təzyiq (şantaj) altında olduğuna görə müqavimət göstərə bilmədi. Çünki Epşteyn yazıları onlardadır”.  
5) Yanlış təsəvvürün dərinləşməsində ABŞ və Avropadakı İran mühacirəti, xüsusilə eks-şahzadə Rza Pəhləvi böyük rol oynadı. Reallıqla əlaqəni demək olar ki, itirmiş bu adamlar Tramp administrasiyasını inandırdılar ki, Amerika ordusunun ilk raketi İrana düşən kimi xalq ayağa qalxıb “molla rejimini” devirəcək. Əksəriyyəti keyfə, eyş-işrətə aludə olmuş, şovinist əhval-ruhiyyəli iranlı mühacirlər Donald Trampa və onun adamlarına asanlıqla təsir göstərə bildilər. Aydındır ki, eyni həyat tərzi və oxşar xarakter insanları bir-birinə mübhəm və yaxın edir…
 
Dini-teokratik dövlətin başçısı olmasına baxmayaraq, Seyid Əli Xameneidə qlobal, demokratik Qərbə sərf edən üç mühüm cəhət vardı:
 
1) İran İslam Respublikasının birinci rəhbəri Seyid Ruhulla Xomeyni kimi Seyid Əli Xamenei də İranın nüvə silahı əldə etməsinə qarşı idi. Bununla əlaqədar hər iki müctəhidin məlum fətvaları var…
 
2) İndi artıq inamla deyə bilərik ki, İran hakimiyyətinin islahatçı qanadının əsl rəhbəri məhz Seyid Əli Xamenei olub. O, radikal müxalifətlə mümkün qədər mülayim rəftar edirdi. Buna şübhə edənlər Seyid Ruhulla Xomeyni dövrü ilə maraqlansınlar. Bir maraqlı detalı da qeyd edək: İran İslam Respublikasının həm birinci, həm də ikinci rəhbəri qərbpərəst, liberal və dinc müxalifətlə amansız davranmayıb.
 
3) Seyid Əli Xameneinin xarici siyasəti çox sərt deyildi. Əslində, güclü bir dövlətin rəhbəri olmasına baxmayaraq, başqa ölkələrlə münasibətlərdə ehtiramsız rəftara yol vermir, etiketi və hədləri gözləyir, problemli məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır, güzəştlərə gedirdi.
 
ABŞ İranın Ali dini rəhbəri Seyid Əli Xameneini qətlə yetirməklə çox böyük bir səhvə yol verdi. İran ABŞ-İsrail təcavüzünü dəf edə bilsə, böyük ehtimalla, aşağıdakı üç hal baş verəcək:
1) İranın yeni rəhbəri tezliklə nüvə silahını ortaya qoyacaq. Bu, müharibənin gedişində də baş verə bilər.
 
2) İranın daxili və xaricindəki silahlı, bəlkə həm də silahsız müxalifətə zərrə qədər də mərhəmət göstərilməyəcək.
 
3) İranın xarici siyasətini daha sərt həyata keçirəcək. Sərtlik və güc bu siyasətin əsas alətləri olacaq.
 
O zaman aydın olacaq ki, Donald Tramp Seyid Əli Xameneini öldürməklə Seyid Ruhulla Xomeynini dirildib. Amma bu dəfə atom bombası ilə…
 
Müəllif: Araz Şəhrili
Moderator.az üçün"
 
Link kopyalandı!
Son xəbərlər