İraqın şimalında dron hücumu nəticəsində bir fransız zabiti həlak olub.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron zabitin ölüm xəbərini sosial mediada paylaşıb.
"Varsesdən olan Alp yegerlərinin 7-ci batalyonunun baş adyutantı Arno Frion Fransada İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücum zamanı həlak olub. Millətin sevgisini və həmrəyliyini onun ailəsinə və silahdaşlarına bildirmək istəyirəm."
Makron həmçinin hücum zamanı digər fransız əsgərlərinin də yaralandığını bildirib.
"Bir neçə əsgərimiz yaralanıb. 2015-ci ildən bəri "İŞİD"-ə qarşı mübarizədə iştirak edən qüvvələrimizə edilən bu hücum qəbuledilməzdir", - deyə açıqlamada bildirilir.
Əldə olan məlumata görə, hücum 12 martda Makmur bölgəsi yaxınlığında baş verib. Dronlar kürd peşmərgə qüvvələri və fransız kontingentinin birgə hərbi bazasını hədəf alıb.
Fransa ordusu altı yaralı əsgərin terrorla mübarizə təlimlərinin bir hissəsi olaraq bölgədə olduğunu açıqlayıb.
Makron vurğulayıb ki, Fransanın İraqdakı mövcudluğu yalnız terrorizmlə mübarizə ilə bağlıdır və bu cür hücumlar İrandakı münaqişə ilə əsaslandırıla bilməz.
Media xəbərlərinə görə, hücumun arxasında İranpərəst şiə İraq yaraqlıları ola bilər. Son günlərdə onlar ABŞ hədəflərinə və beynəlxalq koalisiya qüvvələrinə zərbə endirmək üçün dron və raketlərdən istifadəni gücləndiriblər.
Xatırladılır ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda Aralıq dənizinə "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin, aviasiya və müşayiət gəmilərinin yerləşdiriləcəyini elan etmişdi.
Ondan əvvəl isə Fransa prezidenti Emmanuel Makronun İrandakı müharibənin tezliklə bitməyəcəyinə və daha bir neçə həftə çəkə biləcəyinə inandığı bildirilib.
S.Laçın