Məlum olduğu kimi, martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezident İlham Əliyev yalnız Cənubi Qafqazda deyil, bütün dünyada sülhün və ədalətin bərpasının vacibliyinə toxunub. Dövlət başçısı bildirib ki, sülh və ədalətin təmini üçün dövltlərin üç mühüm şərtə əməl etməsi zəruridir: Bunlar, siyasi iradə, cəsarət və sadiqlikdir:
“Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun”.
Azərbaycan Prezidentinin dünyada sülh və ədalətin təmini üçün irəli sürdüyü üç şərti əslində İlham Əliyevin “sülh resepti” adlandırmaq olar. Sadə və bir o qədər də effektiv olan bu resept artıq Azərbaycan və Ermənistanın timsalında Cənubi Qafqazda möcüzə yaradıb və bu möcüzə bütün dünyada təqdirlə qarşılanmaqdadır.
Göründüyü kimi, İlham Əliyev sülh və ədalətə nail olmaq üçün siyasi iradənin vacib olduğunu bildirib. Hansı ki, artıq bəşəriyyət bu iradəyə Azərbaycanın timsalında şahid olub. Xatırladaq ki, Azərbaycan işğal dönəmində olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra da Ermənistanı sülhə məcbur etmək üçün ciddi səy göstərib, İrəvandakı revanşist qüvvələrin, eləcə də ermənipərəst beynəlxalq güclərin təxribatlarını təmkinlə dəf edib.
Ölkəmiz sülh prosesində həm də çox böyük cəsarət sərgiləyib. Uzunmüddətli müharibə və qarşıdurmalardan, soyqırımı və faciələrdən sonra yenidən qarşı tərəflə eyni masa arxasında əyləşmək, düşmınçiliyə son qoymaq və qonşuluq münasibətlərinin bərpası haqqında dialoq aparmaq sadəcə siyasi deyil, mənəvi-psixoloji baxımdan da böyük cəsarət və fədakarlıq tələb edirdi. Azərbaycan bu fədakarlığı sərgilədi və nəticədə sülhü de-fakto təmin etdi.
Prezident İlham Əliyevin sülh və ədalətin təmini üçün zəruri hesab etdiyi üçüncü amil isə sadiqlikdir. Sadiqlik dedikdə sülh və ədalətin bərpası prosesində davamlı olmaq, nəyin bahasına olursa-olsun bu yanaşmadan imtina etməmək nəzərdə tutulur. Bu faktor da Azərbaycanın sülh siyasətində hər zaman özünü aydın şəkildə büruzə verib və bu gün də verməkdədir.
Ümid edirik ki, 60-dan çox müharibə və münaqişənin mövcud olduğu dünyamız Prezident İlham Əliyevin Azərbaycan nümunəsi əsasında təqdim etdiyi “sülh resepti”ndən faydalanacaq və biz Cənubi Qafqazda olduğu kimi digər coğrafiyalarda da əsgər çəkmələrinin sədasını deyil, sülh göyərçinlərinin nəğməsini eşidəcəyilk.
Seymur ƏLİYEV