"Həddindən artıq etibar və insanlara qarşı yüksək dözümlülük bəzən yaxşı xasiyyətli insanları manipulyativ və destruktiv münasibətlərə daha həssas edir..."
Yeni elmi tədqiqat göstərib ki, yaxşı və etibarlı insanlar manipulyativ şəxsləri qəsdən seçmirlər. Onlar sadəcə belə insanları vaxtında tanıyıb uzaqlaşmaqda çətinlik çəkirlər.
Moderator.az xəbər verir ki, bu barədə "naukatv.ru" nəşri yazıb.
Yeni araşdırmanın nəticələri
Nəşr yazır ki, İnsbruk Universiteti alimlərinin apardığı və "Personal Relationships" jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər 128 könüllünün iştirak etdiyi "sürətli görüşlər" (speed-dating) təşkil edib və ümumilikdə 1400-dən çox qısa görüşü analiz ediblər.
İştirakçıların psixoloji xüsusiyyətləri iki model əsasında qiymətləndirilib: "qaranlıq tetrada" və "işıqlı triada". "Qaranlıq tetrada"ya narsisizm, manipulyasiya meyli olan makiavellizm, empatiya çatışmazlığı ilə xarakterizə olunan psixopatiya və gündəlik sadizm daxildir. "İşıqlı triada" isə humanizm, insanlara inam və insanı ən yüksək dəyər kimi qəbul etmə prinsipi ilə bağlıdır.
Yaxşı insanların zəif nöqtəsi
Nəticələr göstərib ki, manipulyativ və aqressiv xüsusiyyətlərə malik insanlar ümumilikdə görüşlərdə çox uğur qazana bilmir - əksər iştirakçılar onları tez bir zamanda rədd edirlər. Lakin "işıqlı" xüsusiyyətləri güclü olan bir qrup insanlar fərqli davranır. Onlar manipulyativ şəxslərə xüsusi cazibə hiss etməsələr də, digərləri kimi dərhal mənfi reaksiya da vermirlər.
Başqalarının "qırmızı siqnal" gördüyü vəziyyətdə belə, onlar daha səbrli və anlayışlı davranmağa meylli olurlar.
Maraqlıdır ki, bu münasibət qarşılıqlı deyil. "Qaranlıq" xüsusiyyətli insanlar yaxşı insanlara xüsusi maraq göstərmir. Bu isə manipulyatorların qəsdən "yaxşı qurban" axtarması barədə geniş yayılmış fikri qismən təkzib edir.
Həddindən artıq etibarın riski
Tədqiqat müəlliflərindən biri olan psixoloq Yana Sofi Kezenhaymer hesab edir ki, yaxşı niyyətli insanlar bəzən toksik davranışları ya görmür, ya da görsələr belə qarşı tərəfə şans verməyə üstünlük verirlər.
Alimlər qeyd edir ki, insanlara həddindən artıq inanmaq seçiciliyi azalda və nəticədə insanı manipulyasiya və istismar riskinə daha açıq edə bilər. Buna görə də psixoloqlar münasibətlərdə empatiya və xeyirxahlıqla yanaşı, sağlam ehtiyatlılığın da vacib olduğunu vurğulayır.