“Digər bir çox ölkələrdə belə zərbələr ciddi panika yarada bilərdi, amma İran cəmiyyəti buna mənəvi müqavimət göstərir...”
“Həm cəmiyyətə, həm dünyaya nümayiş etdirilir ki, ölkənin dini-siyasi və hərbi rəhbərliyində kimlərinsə öldürülməsi xarici təcavüzə qarşı müqavimətin sındırılması demək deyil...”
“Mən istərdim ki, artıq 13-cü gündür ki, davam edən bu savaş zamanı əsas baş verən hadisələrin təhlili o mövqedən aparılsın ki, tərəflər öncədən qarşılarına hansı hədəfləri qoyub və həmin hədəflərə çatıblar, yoxsa yox? Amerika və İsrailin hədəfləri müəyyən qədər eyni ola bilər, amma fərqli cəhətləri daha çoxdur. Amerika qarşısına İranı və regionu tam şəkildə nəzarətə almaq planını qoyub. Təbii ki, rəsmi açıqlamalarda deyilir ki, ABŞ İranın regionda qonşu ölkələr üzərində ideoloji və dini təsirlərini zəiflətmək məqsədi güddüyünü bildirir. Həmçinin aydındır ki, İranın zəngin neft və qaz ehtiyatlarını nəzarətə götürmək istəyir.”
Bu fikirləri Moderator.az-a açıqlamasında “İsrailin hücumu ilə başlanmış ABŞ-İsrail-İran savaşının 12 gününü necə təhlil edərdiniz?” sualını cavablandırarkən səsləndirib.
AzVP sədri hesab edir ki, ABŞ-ın İsraillə üst-üstə düşən hədəflərindən biri odur ki, İrandan İsrailə qarşı təhlükə azalsın və strateji müttəfiqinə qarşı yeni təhdidlər yaradıla bilməsin. O vurğulayıb ki, bu istiqamətdə 12-13 gün ərzində müəyyən nəticələr əldə olunub.
Akif Nağı diqqətə çatdırıb ki, Amerika və İsrailin əsas məqsədlərindən biri də İran rəhbərliyinin sarsılmaz olmadığını, ölkənin özünü tam müdafiə edə bilmədiyini göstərməkdir:
“Müharibənin ilk günlərində ali rəhbərlik üzvləri və təhlükəsizlik xidmətlərinin rəhbərləri hədəfə alınıb. Nəticədə keçmiş ali dini lider Əli Xamenei və bir neçə ailə üzvləri, eləcə də SEPAH rəhbərləri fiziki baxımdan zərərsizləşdirilib. Əli Xameneinin yerinə gələn oğlu, yeni ali dini lider Müctəba Xameneinin də bombardmanlar nəticəsində yaralanması artıq rəsmən təsdiqlənib. Bu isə Amerika və İsrailin istənilən nöqtəni hədəfə ala biləcəyini nümayiş etdirir.”
AzVP sədri diqqətə çatdırıb ki, ABŞ bəyan edir ki, İranda 5000-dən çox hərbi hədəf vurulub. İranın isə bəzi məlumatlara görə, 3 mindən artıq orta mənzilli raketi var. Amma digər məlumatlara görə, həmin raketləri işə salmalı olan qurğuların çoxu sıradan çıxarılıb.
Siyasətçi hesab edir ki, ABŞ və İsrail müəyyən qədər hədəflərinə yaxınlaşıb, lakin İran hakimiyyətini və hərbi qüvvələrini tam nəzarətə ala bilməyib.
Akif Nağı qeyd edib ki, İran tərəfi də bu savaşa ciddi şəkildə hazırlaşıb. Onun sözlərinə görə, Tramp da açıqlayıb ki, müharibə Amerika-İsrail tərəfindən başlamasa, onu İran başlayacaqdı.
“İranın məqsədi düşmənlərinə müqavimət gücünü göstərmək olub. Həm ötənilki 12 günlük müharibə, həm də indiki savaşın ilk günlərində Amerika-İsrail rəhbərliyi dini və hərbi liderləri hədəfə alıb, lakin onlar dərhal əvəzləniblər”, -deyə həmsöhbətimiz bildirib.
O, diqqətə çatdırıb ki, digər bir çox ölkələrdə belə zərbələr ciddi panika yarada bilərdi, amma İran cəmiyyəti buna mənəvi müqavimət göstərir:
“Ölkə rəhbərliyi onu göstərir ki, dini və hərbi rəhbərlik, sıravi insanlar, o cümlədən hərbçilər, özlərinin idealı olan İmam Hüseyn məktəbinin ideyalarına sadiq qalaraq həyatlarını Allah, vətən və dövlət uğrunda fəda etməyə hazırdırlar. Və bu şəhadətləri İran dövləti və cəmiyyəti məğlubiyyət kimi yox, qələbə kimi qəbul edir. Başqa sözlə, həm cəmiyyətə, həm dünyaya nümayiş etdirilir ki, ölkənin dini-siyasi və hərbi rəhbərliyində kimlərinsə öldürülməsi xarici təcavüzə qarşı müqavimətin sındırılması demək deyil...”
AzVP sədri hesab edir ki, fiziki və maddi baxımdan üstün nəticələr daha çox İsrail və Amerika tərəfinə aiddir, İran isə mənəvi və ideoloji səviyyədə özünü nümayiş etdirib. O vurğulayıb ki, hərbi baxımdan İran savaşın ilk günlərindən özünü müdafiə etmək gücündə olmayıb:
“Düzdür, İran da İsrailin əksər şəhərlərinə və ABŞ-ın müxtəlif bazalarına zərbələr endirib, müəyyən hərbi və infrastruktur obyektlərinə zərər vurub. İran yanlış taktika seçərək qonşu körfəz ölkələrinə və s. zərbələr endirməklə onları özünə qarşı çevirmişdir. Livan da İrana görə İsrailin raket zərbələri altında qalıb və 600-ə yaxın insan itirib, “Hizbullah” qruplaşması isə bundan sonra özünə gələ bilməyəcək. Bir sözlə, İranın itkiləri böyük olub...”
“Beləliklə, ilk 12 günün nəticələrinə görə, heç bir tərəf hələ tam hədəflərinə çata bilməyib və müharibənin hələ tezliklə bitməsi gözlənilmir”, -deyə sonda Akif Nağı vurğulayıb.