Belə getsə, xalqın Netanyahu hökumətinə qəzəbi İran raketlərindən daha təhlükəli ola bilər...-Yəhudi yazar
Ekskluziv
893
11:51, Bu gün

Belə getsə, xalqın Netanyahu hökumətinə qəzəbi İran raketlərindən daha təhlükəli ola bilər...-Yəhudi yazar

“İsrail vətəndaşları uzun müddət “sovet üslubunda” informasiya siyasəti ilə idarə olunduqlarını hiss edir və reallıq ilə rəsmi xəbərlər arasında böyük fərq görürlər...”
 
“Hökumət İrana hərbi zərbələri siyasi xal toplamaq üçün istifadə edir və bu, müharibəni özünün “komfort zonası”na çevirib...”
 
“Siyasi liderlər üçün müharibə seçki reklamına çevrilib və insanların sığınacaqlarda olduğu bir vaxtda pafoslu çıxışlar artıq inandırıcı səslənmir...”
 
Yəhudi publisist və köşə yazarı Yevgeniya Finkelşteyn baş redaktoru olduğu “Mignews” nəşrində dərc etdiyi  "Niyə İsrail cəmiyyəti artıq “sarsıdıcı zərbələrə” inanmır" başlıqlı köşə yazısında İsrailin ABŞ-la birgə artıq 13-cü gündür ki, İrana qarşı apardığı amansız savaş və qarşı tərəfin aramsız cavab zərbələri fonunda İsrail cəmiyyətindəki real atmosferi və Netanyahu rejiminə gerçək münasibətini əks etdirib.
 
Aktuallığını nəzərə alaraq məqalənin şərhini dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
İsrailli publisist və köşə yazarı Yevgeniya Finkelşteyn yazır ki, İsrail cəmiyyətində artıq əvvəlki kimi “sarsıdıcı zərbələrə” inam qalmayıb. Onun sözlərinə görə, ölkədə qorxu və qərarlılıq yox, dərin və ağır əsəbilik hiss olunur. Finkelşteyn hesab edir ki, bu əsəbilik düşmənə deyil, əsasən rəhbərliyə yönəlir. O vurğulayıb ki, İsrail vətəndaşları uzun müddət “sovet üslubunda” informasiya siyasəti ilə idarə olunduqlarını hiss edir və reallıq ilə rəsmi xəbərlər arasında böyük fərq görürlər.
 
O, qeyd edir ki, hər gün “misilsiz uğurlar” və “düşmənin məğlubiyyəti” barədə xəbərlər verilsə də, şəhər və qəsəbələrə raketlərin hələ də düşməsi rəsmi hekayəni təkzib edir. Finkelşteyn bildirir ki, İsrail cəmiyyəti kollektiv yaddaşa malikdir və əvvəlki təbliğat uğursuzluqları artıq etibarı sarsıdır. O hesab edir ki, insanlar hər səhər atəş xəritəsini yoxlayır və eyni illüziyanı ikinci dəfə qəbul etmirlər...
 
Publisist vurğulayıb ki, ordu taktiki cəhətdən yüksək səviyyədə olsa da, dövlət rəhbərliyində strategiya çatışmır. O, əlavə edib ki, hökumət İrana hərbi zərbələri siyasi xal toplamaq üçün istifadə edir və bu, müharibəni özünün “komfort zonası”na çevirib. Finkelşteynin sözlərinə görə, müharibə iqtisadiyyat, sosial parçalanma və kəşfiyyat uğursuzluqları barədə narahat suallardan diqqəti yayındırır və tənqidləri “ölkəyə arxadan zərbə” kimi etiketləyir...
 
O bildirir ki, siyasi liderlər üçün müharibə seçki reklamına çevrilib və insanların sığınacaqlarda olduğu bir vaxtda pafoslu çıxışlar artıq inandırıcı səslənmir. Finkelşteyn vurğulayıb ki, israillilər mübarizədən yorulmayıb, amma manipulyasiya və qeyri-müəyyənlikdən yükləniblər. O hesab edir ki, hərbi uğurlar müvəqqəti təmizləmədir, həqiqi sülh üçün addım deyil.
 
Köşə yazarə qeyd edib ki, rəsmi optimizm ilə real vəziyyət arasında ziddiyyət cəmiyyətdə əsəbilik yaradır və insanlar xarici media və şayiələrə üz tutur. Finkelşteyn hesab edir ki, müharibə siyasi qərarları təxirə salmaq üçün istifadə olunur və hökumət yalnız “daha bir zərbə” və “daha bir təmizləmə” təklif edir. O əlavə edib ki, düşmən adaptasiya olunur, resursları bitməz görünür, amma İsrailin resursları məhduddur...
 
Yevgeniya Finkelşteyn vurğulayıb ki, dövlətin idarə olunması yalnız müharibə sənəti deyil, dürüstlük sənətidir. Onun sözlərinə görə, köhnə təbliğat üsulları artıq işləmir və insanlar “qələbəni” kreditlə almayacaq. O, hesab edir ki, israillilər yalnız zorakılıq dövrünün necə və nə zaman sona çatacağını bilmək istəyirlər. Finkelşteyn qeyd edib ki, əks halda hərbi uğurlar yalnız səhnə dekorasiyası kimi qalır, amma xalqın həyatları və uşaqlarının gələcəyi ilə ödədiyi bədəl böyükdür...
 
Yəhudi publisist bir daha xatırladıb ki, İsraildə artıq eyforiya dövrü keçib, acı reallıq başlayıb və hökumət yanaşmasını dəyişməsə, xalqın qəzəbi düşmənin bütün raketlərindən daha təhlükəli ola bilər...
 
Tərcümə və təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər