“Televiziyalarla bağlı islahatların təşəbbüskarı kimdirsə bilmirəm, ancaq bu mövzu çox ictimailəşdirildi. Hamı bundan agahdır. Bu işə çoxdan qarışmaq lazım idi. Bilmirəm bu siyahılar rəsmidir yoxsa qeyri-rəsmi?! Həmin siyahılara da baxmışam. İki nəfərin qadağada olan müğənnilərə aid olmadığını düşünürəm. Biri Talıb Talehdir, digəri isə Aqşin Fateh. Düzdür, nəsə qalmaqallar olub, amma mən o insanların ağzından xoşagəlməz sözlər eşitməmişəm. Hər ikisi mədəni və tərbiyəli insandır. Vallah onlarla nə tanış deyiləm, nə də bir dəfə olsun belə rastlaşmamışam. Mən sadəcə öz fikrimi deyirəm”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Yaqut Babayeva deyib.
O daha sonra əlavə edib:
“Qadağa qoyulan müğənnilərin çoxu qadındır. Səsi, ifası çox gözəl olan müğənnilər var ki, özlərini lazımsız reklamlar vasitəsilə gözdən salıblar. Bunlar lazım deyil. Ad çəkməkdən qorxmuram. Siz də bilirsiniz ki, mən sözün düzünü danışan adamam. Kəmalə Günəşlini müğənni kimi çox bəyənirəm, səsi də gözəldir, ifası da. Allah Əlibaba Məmmədova rəhmət etsin. O deyərdi ki, bir müğənni ki, 20 il toy məktəbi görüb, o əsl müğənni sayılır. Amma bu xanım hələ yenidir. Düşünmürəm ki, 20 il toy məktəbi görüb. Amma “bişmiş” müğənnidir. Performansı, hərəkətləri olmasa yaxşı olar. Kəmalə Günəşli oxumağı ilə məşğul olsun. Canlı oxuya bilməyənlər qoy özlərini qalmaqalla reklam etsinlər, amma sənin ehtiyacın yoxdur axı!” deyə müğənni bildirib.
Yaqut Babayeva əvvəlki televiziya formatının qayıtmasını arzulayıb:
“Bizim dövrümüzdə hər gün saat 8-də “Günün ekranı” verilişi efirə gedirdi. Ondan sonra yarım saat konsert proqramı olurdu, Biz canlı mahnılar oxuyurduq. Belə konsertlər üçün hamı darıxıb. Hər kəs bunu istəyir. Şouya hamı baxır, nəsə xoşagəlməyən bir şey axtarırlar ki, əllərində bayraq etsinlər. Mən istəyirəm ki, televiziya əvvəlki nüfuzunu geri qaytarsın. Mən bir sənətçi yox, tamaşaçı kimi danışıram. Bir çox verilişlərə baxmıram. Türkan Vəlizadəni də çox bəyənirəm. Oxumağı da gözəldir, özünü aparmağı da” deyə müğənni bildirib.
O efirlərə çıxmamağının səbəblərindən də danışıb:
“Çoxdandır efirə çıxmırdım. 2-3 dəfə dəvət etdilər getmədim, 5-ci də artıq utandım, imtina etmədim. Məni verilişə dəvət etdilər. Getdim gördüm ki, qalmaqallı söhbətlər edirlər. Sonra da rəylərə baxdım, gördüm yazıblar ki, çoxdandır efirlərdə yoxsuz, niyə çıxmırsız?! Mən də yazdım ki, buna görə çıxmıram. Verilişlərinin reytinqinə görə mənimlə qalmaqal yaratdılar. Bizim müğənnilərə şou yaraşmır. Mənim dostlarım var, deyirlər ki, sarayda əvvəlki müğənnilərin konserti olsaydı elə bilet alıb gedərdim. Camaat onları, bizləri istəyir” deyə müğənni bildirib.