“Ramiz Mehdiyev işi” və İran müharibəsi: Xəyanət düşmən raketindən daha ölümcüldür!
Ekskluziv
458
20:59, Bu gün

“Ramiz Mehdiyev işi” və İran müharibəsi: Xəyanət düşmən raketindən daha ölümcüldür!

28 fevral 2026-cı il traixində başlayan ABŞ-İran müharibəsi bu gün də davam edir. Müasir müharibələr tarixində xüsusi yer tutan bu qarşıdurma bir sıra özünəməxsusluqları ilə diqqət çəkir. Təxminən iki  həftədir ki, davam edən məlum müharibə yüksək dəqiqlikli məhvedici raketlərin uğurlu tətbiqindən tutmuş, kəşfiyyat məlumatları və mənəvi-psixoloji dözümlülük kimi amillərin müharibənin gedişatını necə dəyişdirdiyini göstərir.

ABŞ-İsrail koalisiyası ilə İran arasında yaşanan müharibədə diqqət çəkən məqamlardan biri də xəyanət faktoru və bu faktorun hərbi əməliyyatların gedişatına, müharibələrin taleyinə necə böyük təsir göstərməsi ilə bağlıdır. Təkcə bir faktı qeyd edək ki, İran İslam Respublikasının Ali Dini Lideri olan Ayətullah Əli Xamenei və adıçəkilən ölkənin 48 lideri müharibənin ilk 24 saatı ərzində öldürülüb. Hansı ki, 49 liderin bir gün ərzində məhvi ABŞ-İsrail kəşfiyyatının uğurlu fəaliyyəti ilə yanaşı, həm də xəyanət faktoru və bu faktorun məhvedici təsri ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) verdiyi 10 mart 2026-cı il tarixli məlumata görə, artıq 40 nəfərə qədər şəxs ABŞ və İsrailə casusluq şübhəsi ilə saxlanılıb. Bu rəqəmin özü İranın müharibə zamanı verdiyi itkilərin və üzləşdiyi problemlərin səbəbini izah edir.

ABŞ-İran müharibəsi bir daha sübut etdi ki, dünya hərb tarixinin bütün mərhələlərində olduğu kimi müasir müharibələrdə də xəyanət faktoru hərbi əməliyyatların gedişatına təsir göstərən, sadəcə müharibələrin deyil, bəzi hallarda dövlətlərin taleyinə təsir göstərən əsas amillərdən biri olaraq qalmaqdadır. Bu baxımdan dövləti xərçəng kimi içəridən yeyən, onun dayaqlarını sarsıdan xəyanət faktoruna qarşı mübarizə aparmaq sadəcə qələbə qazanmaq deyil, həm də dövlətin varlığını yaşatmaq baxımından həyati əhəmiyyətə malikdir.

Sevindiricidir ki, xəyanətkarlara qarşı mübarizədə Azərbaycan dövləti, ölkəmizin xüsusi xidmət orqanları ciddi fəallıq sərgiləməkdə, mühüm uğurlar əldə etməkdədir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunması faktı buna nümunədir.

Xatırladq ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən məlum ittihamdan bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsini isbatlayan bəzi faktlar ictimaiyyiləşdirib, mövzu ilə bağlı əlavə sübutlar təqdim edib. Bütün bu faktlar vaxtiylə hakimiyyətin ən yüksək pillələrinin birində təmsil olunan qüvvələrin dövlət üçün necə böyük təhlükəyə çevrildiyini göstərir.

Tarixi təcrübə, Azərbaycanın özünün keçdiyi ağır müstəqillik yolu, eləcə də bu gün davam edən ABŞ-İran müharibəsi xəyanətlərin qarşısının alınması, casus şəbəkələrinin neytrallaşdırılması kimi məsələlərin milli dövlətçiliyin qorunması baxımından həyati əhəmiyyətini bir daha ortaya qoyur. Bütün bu faktların ümumiləşdirilməsi onu deməyə əsas verir ki, xəyanət düşmən raketlərindən daha ölümcül, daha məhvedicidir. Bu mənada, “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan araşdırmaların eyni ciddiyyət və sərtliklə davam etdirilmsi, dövlətə xəyanətdə əli olan digər şəxslərin də aşkr edilərək məsuliyyətə cəlb olunması vacibdir. Bunu bizdən Azərbaycan dövlətinin milli maraqları, gələcək təhlükəsizliyi tələb edir və bu tələbi yerinə yetirmək bizim mənəvi borcumuzdur!

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər